Məhkəmə qərarları › İş №2(050)-173/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-173/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-173/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1900 manat borcu pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Xıl kəndində anadan olmuş, hal hazırda da Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla burada da yaşayır. Cavabdeh isə Masallı rayonu, Sərçuvar kəndində yaşayır. Cavabdeh onun bacanağıdır. Onunla razılığa gələrək 2024-cü ilin yaz aylarında Masallı rayonu Sərçüvar kəndində olan 1 ha 30 sot torpaq sahəsində çəltik, Masallı rayonu Xıl kəndində isə 85 sotluq ərazidə soğan və 80 sotluq torpaq sahəsində pomidor şərikli əkib becərməklə qazancı yarı bölmək barədə razılığa gəlmişlər. Məhsul yığılıb satıldıqdan sonra əldə olunan puldan Cavabdeh 2500 manat ona verəcəkmiş. Lakin o, həmin 2500 manatdan 600 manatı ona vermiş, qalan 1900 manatı verməmişdir. Bununla bağlı ona dəfələrlə müraciət etsə də, ona olan borcu qaytarmamışdır. Odur ki, məcbur qalıb onun barəsində Masallı rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində Ağali çağrılıb dindirilmiş və izahatı alınmışdır. Həqiqətən ona 1900 manat verməli olduğunu etiraf etmişdir. Masallı RPŞ-də ona izah edilmiş ki, Cavabdeh qarşı mülkü qaydada məhkəmə iddia qaldırmalıdır. O, da məcbur olub cavabdehdən 1900 manatın alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuşdur İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ümumilikdə əkin-biçinə 7500 manat pul xərcləmişdir. Pulların hamısını özü xərcləmişdir. Həmçinin buna görə kredit də götürmüşdür. Cavabdeh ona verəcəyi puldan cəmi 600 manat ödəmişdir. Məhkəmədə onların iştirakı ilə hesabladıqları haqq-hesaba görə ona verilməli olan 2312 manat pulla razıdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, bildirdi ki, sözügedən əkin-biçin işinə görə özü də pul xərcləmişdir. Belə ki, torpaq sahəsini özü icarə haqqı, biçin üçün, daşıma haqqı və fəhlə pulu olaraq ümumilikdə 1735 manat xərclədiyi pul da çıxılmalıdır. Həmçinin 600 manat da iddiaçıya vermişdir. Hazırda 2312 manat pul verməklə iddiaçı ilə hesablaşmağa etiraz etmir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından məlum olur ki, tərəflər şərikli iş görülməsi məqsədi ilə bərabər şəkildə pul xərcləyərək gəlirin də bərabər bölünməsi ilə razılaşmışlar, lakin iddiaçı özünün üzərinə düşən xərclərlə yanaşı, cavabdehin də əvəzinə müvəqqəti borc məqsədi ilə xərcləri çəkmiş, lakin sonradan cavabdeh borc məqsədi ilə onun əvəzinə çəkilmiş xərcləri ödəməkdən imtina etmişdir. Ona görə də qeyd edilən mübahisəyə Mülki Məcəllənin borc müqaviləsinin normaları tətbiq edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir (maddə 742.1). Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın (maddə 742.2). Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birlikdə şərikli torpaq sahəsində əkin-biçin işləri görmüşlər. Onların məhkəmədə verdiyi izahatlarına əsasən cavabdehin hazırda 2312 manat iddiaçıya borcunun yarandığı müəyyən edilmişdir. Lakin, iddiaçı cavabdehdən 1900 manat pulun ona verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə prosesinin gedişində iddia tələbinin artırılması təşəbbüsü ilə çıxış etməmişdir. İddiaçı 1900 manat pul tələb etdiyindən məhkəmə həmin məbləğdə, yəni iddia tələbi həcmində iddianın təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 1900 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 40 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1900 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 40 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar