Məhkəmə qərarları › İş №2(050)-1731/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1731/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1731/2023 08.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştiraklarları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat borc məbləği, dövlət rüsumu üçün ödənilmiş 100 (bir yüz) manat, digər xərclər üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə 2021-ci ildə tanış olmuşdur. Cavabdeh Əliyeva Safurə onun işlətdiyi "Happy-City" çay evində aşbaz vəzifəsində çalışmışdır. Tanışlıqlarından bir neçə vaxt sonra onunla cavabdeh arasında söhbət əsnasında cavabdeh Masallı rayonunda qızıl ticarəti ilə məşğul olduğunu bildirərək bu işdə xeyli gəlir olduğunu bildirmişdir. 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına olan dövr ərzində cavabdeh onun ümumilikdə 7250 manat pulunu mənimsəmişdir. Eyni zamanda Safurə ondan pul alarkən ona bildirmişdir ki, yüksək vəzifəli şəxslərlə əlaqəsinin oldugunu, qızılın məhz həmin şəxslərə satdığını və arxasında həmin şəxlərin dayandığını, elə bu səbəbdəndə gəlirin yüksək olduğunu bildirmişdir. Müəyyən dövrdən sonra o, Səfurənin hərəkətlərindən şübhələnərək aldanıldığını başa düşmüş və cavabdehdən pulunu tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilən məbləği tam şəkildə qaytaracağın şifahi olaraq söz vermişdir. Şifahi razılaşmada nəzərdə tutulan müddət başa çatsa da, cavabdeh müəyyən bəhanələr gətirərək, gah Bakı şəhərində olmadığını, gah da pulu yaxın günlərdə qaytaracağı bəhanəsi ilə görüşməkdən yayınmışdır. Sonuncu dəfə Cavabdeh 2022-ci il aprel ayında onunla görüşmək və borcunu 10 gün ərzində qaytarmaq istədiyini bildirmişdir. Bununla bağlı telefon danışıqları var ki, burada cavabdeh özü həqiqətən borcunun olduğunu etiraf edir. O, görüş üçün təyin olunmuş yerə getmiş və bir xeyli gözlədikdən sonra cavabdehin gəlmədiyindən narahat qalaraq cavabdehin istifadəsində olan mobil telefonuna zəng etmişdir. Lakin telefon sönmüş olduğundan o, cavabdehlə əlaqə yarada bilməmiş və mütəmadi olaraq zəng etməyə başlamışdır. Bir neçə müddətdən sonra cavbadehin istifadəsində olan mobil telefona zəng çatsa da, cavabdeh onun tərəfdən gedən zəngləri qəbul etmir aşkar hallarda mobil telefonunu söndürmüşdür. Bütün bunlardan sonra o, xx.xx.2022-ci il tarixində DİN 102 xidmətinə və Xətai rayon Polis İdarəsin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin adıçəkilən müraciətlərlə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, onunla cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və onun tələbi məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1, 740, 742, 449-cu və 21.2-ci maddələrinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun vöeni yoxdur və cavabdehi müqaviləsiz olaraq, həm xadimə həm də, aşbaz olaraq işlətmişdir. Cavabdehə keçən il hissə-hissə olmaqla qızıl almaq üçün pul vermişdir. Lakin cavbadeh pulu alsa da, qızılları və pulunu ona verməmişdir. Hazırda cavabdehin ona 7250 manat borcu vardır və cavabdehdən alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o iddiaçı tərəfindən işə götürülmüş, iddiaçı onu kafedə qanunsuz müqaviləsiz olaraq işlətmişdir. Həmin kafedə xadimə, həmdə aşbaz olaraq işləmişdir. İşlədiyi müddət ərzində iddiaçı ona əmək haqqını verməmişdir. İddiaçı qızıl alıb satmaq üçün ona verdiyi 7250 manat puldan 1150 manat borclu qalmışdır, həmin pulu ona görə verməmişdir ki, İbrahim onu həm xadimə kimi, həmdə aşbaz kimi işlədərək zəhmət haqqını verməmişdir, lakin buna baxmayaraq imkanı olan kimi 1150 manat pulu İbrahimə qaytarıb verəcəkdir. O, iddiaçını polisə vermək istəmişdir, bu zaman iddiaçının artıq onu məhkəməyə verdiyini bilmişdir, məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 17 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında İddiaçı ərizəsində qızıl-zinət əşyaları almaq məqsədi ilə verdiyi 7250 manat pulu geri qaytardığını hazırda İbrahimə 1150 manat məbləğində borcu qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əssən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iş materillarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, tərəflər arasında borc müqavləsindən əmələ gələn münasibətlər yaranmamışdır, tərəflər arasında əsassız varlanma ilə bağlı münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 100 (bir yüz) manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın qismən, yəni 1150 (bir min bir yüz əlli) manat məbləğində təmin edilməsi nəzərə alınmalı və ödənilmiş dövlət rüsumunun 31.50 (otuz bir, əlli) manatı cavabdehə, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddianın 500 (beş yüz) manat pulun tutulmasına münasibətdə iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən digər xərclər deyildikdə nəyin nəzərdə tutulduğu və nəzərdə tutulmuş xərclərə dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi cavabdehdən digər xərclər üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən, yəni 1150 manat məbləğə münasibətdə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1150 (bir min bir yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun ona aid edilmiş hissəsi olan 31.50 (otuz bir, əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar