Məhkəmə qərarları › İş №2(050)-1748/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1748/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1748/2024 03.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2008ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş 100 manat, cəmi 200 manat alimentin miqdarı artırılaraq bir uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Sonradan nikahını rəsmiləşdirmişlər. Faktiki nikahlarından iki övladı olmuşdur. Övladları xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X2r. Münasibətləri pozulduğundan 2015-ci ildə nikahı məhkəmə qaydasında pozulmuşdur. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmuş, uşaqları onun himayəsində saxlanılmış, cavabdehdən bir uşağa görə 100 manat, cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Kəsilmiş alimentlə uşaqlarının tələbatını ödəyə bilmir. Özü hal-hazırda Bakı şəhərində kirayədə qalır, uşaqlarının təlim-tərbiyyəsi və təhsili ilə özü maraqlanır. Heç bir yerdən başqa gəliri yoxdur. Cavabdeh dövlət qulluğunda işləyərək yüksək əmək haqqı alır. Yüksək səviyyədə pul qazanmağına baxmayaraq övladlarına heç bir maddi yardım göstərmir. Cavabdehdən dəfələrlə aliment miqdarının artırılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırr. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyul 2008-ci ildə Masallı rayonu Hişkədərə kəndində doğulmuş X4 atası Cavabdeh, anası Mirzəyeva Güneldir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 fevral 2010-cu ildə Masallı rayonu Hişkədərə kəndində doğulmuş X1 atası Cavabdeh, anası Mirzəyeva Güneldir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 25 aprel 2014-cü il tarixli, 2(050)-818/2014 saylı qətnaməsindən görünür ki, 01 iyul 2008-ci il təvəllüdlü X5 və 23 fevral 2010-cu il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Masallı Rayon Məhkəməsinin 31 iyul 2012-ci il tarixli, 2(050)-884/2014 saylı qətnaməsi əsasında tutulan 100 (yüz) manat alimentin məbləği artırılaraq, 200 (iki yüz) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutulub ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 25 aprel 2014-cü il tarixli, 2(050)-818/2014 saylı qətnaməsi ilə 01 iyul 2008-ci il təvəllüdlü X4 və 23 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat müəyyən edilərək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar