Məhkəmə qərarları › İş №2(050)-1802/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1802/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1802/2023 03.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlununnun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Səmidxan kəndində xəstə yoldaşı ilə yaşayır. xx.xx.2023-cü ildə evdə olduğu vaxt cavabdeh firmadan gələn şəxslər onun evinə gələn suyu yoxlamaq istədiklərini, suyun çirkli olduğunu, ancaq onlarda ucuz qiymətə su filtirləri olmaqla həmin filtirləri kredit yolu ilə ucuz qiymətə satdıqlarını bildirib evə girmişlər. Evə girdikdən sonra krantdan gələn sudan test götürüb gətirdikləri əcaib bir aparatda suyu analiz edib suda olan çirkin və bulanığın olduğunu ona göstərmişlər və demişlər ki, evə gələn suyu içməli etmək olur, lakin bunu suyu onların satdıqları filtirdən keçirməklə əldə edə bilərsiniz. Evdə yoldaşı xəstə olduğundan artıq onların analiz etdiyi çirkli suyu gördükdən sonra onlarla razılaşmış və dəyəri 500 manata olan su filtirini ona aylıq 70 manat olmaqla 4 aylıq kreditə vermişlər. Məktəbi Sovet dövründə bitirdiyindən kiril qrafikalı əlifba ilə yazılan yazıları yazıb-oxuya bilir, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmir. Gələn adamlar özləri bir neçə kağız doldurub ona imza etdirmişlər və demişlər ki, ayda 70 manat ödəyəcəksən, lakin hansı hesaba ödəməyini də deməmişlər. Ona 1 ədəd su filtiri verib getmişlər. Bir neçə gündən sonra oğlu Bakı şəhərindən gələndə müqaviləni evdə görüb oxuyandan sonra ona demişdir ki, su filtiri satanlar filtirin qiymətini 500 manat yox, 1690 manat yazıblar, ayda o, 150 manat pul ödəməlidir. Eyni zamanda müqavilədə də yazıblar ki, guya ona hədiyyə olaraq duş, kalgon, yumuşaldıcı və ətir hədiyyə veriblər. Halbuki, belə şeylər olmamışdır. Latın qrafikalı əlifbanı bilmədiyindən onun savadsızlığından istifadə edib onu aldatmışlar. Daha sonra onlarla əlaqə saxlayanda bidirmişlər ki, malı geri qaytara bilmərik, mümkün deyil. Halbuki, malı 14 gün müddətində geri qaytarmalı idilər. İşin bu vəziyyətdə olduğunu görüb tanışı hüquqşünaslarla məsləhətləşmiş və onlar onun əvəzinə pretenziya yazıb cavabdeh təşkilata göndərmişlər ki, 14 gün müddətində malı geri götürsünlər və müqaviləyə xitam versinlər. Lakin heç bir cavab gəlmədiyindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.4 və 337.5-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, müqavilədə necə yazılıbsa, yəni müqavilənin qiyməti, ilkin ödəniş, ödəniş müddətləri, aylıq ödənişlər barədə alıcıya müqavilədə olduğu şəkildə bildirilmişdir. Müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində hər ay üzrə ödənişlər aydın şəkildə göstərilmişdir. Müqavilə və ödəniş cədvəlində də alınan malın qiymətinin 500 manat olmadığı müəyyən edilir. Zəmanət şərtlərinin 10-cu bəndində göstərilən 500 manat kompensasiya məbləğidir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, KG-MY06/2023 saylı alğı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 10 ay müddətinə (ilkin ödəniş 220 manat) ayda 150 manat (sonuncu ay 120 manat) ödəmək şərti ilə 1690 manat dəyərində “İktech” markalı su təmizləyici sistem satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.4-cü bəndinə görə müqavilə ilə müəyyənləşdirilən bütün əlavələr onun ayrılmaz və tərkib hissəsi hesab olunur və tərəflərin imzaları ilə təsdiq olunduğu andan qüvvəyə minir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “İktech” markalı su təmizləyici sistem tam işlək və qüsursuz vəziyyətdə Cavabdeh MMC tərəfindən İddiaçı yaşadığı ünvanda quraşdırılaraq ona təhvil verilmişdir. Satıcı və alıcı tərəfindən akt imzalarla və möhürlə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, alıcı MMC-nin işçiləri tərəfindən aldadıldığını bildirərək, bağlanmış müqavilənin ləğv edilməsini və ya su filtirinin 500 manat hesablanmaqla yenidən müqavilə bağlanmasını tələb etmişdir. İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə “150, 250, 300, 120, 220, 10, 1470, 1500 və 1690” rəqəmləri qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İddiaçı Cavabdeh MMC-nin işçiləri tərəfindən aldadıldığına, müqavilə qiyməti kimi ona satılan əşyanın 500 manat olmasını bildirilməsinə, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi üçün onlara inanaraq müqaviləni imzaladığını bildirsə də, məhkəmə bu xüsusatı inandırıcı hesab etmir. Belə ki, iddiaçının latın qrafikalı əlifba ilə yazıb-oxuya bilməməsi hələ birmənalı şəkildə onun aldadılaraq müqavilə bağlanmasını sübut etmir. İşin araşdırılması zamanı iddiaçının riyazi rəqəmləri bilib-bilməməsi yoxlanılmışdır. Bunun üçün ona ağ vərəq verilmiş və ona müəyyən rəqmlər deyilərək, onları qeyd etməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə “150, 250, 300, 120, 220, 10, 1470, 1500 və 1690” rəqəmləri qeyd edilmişdir. Bundan sonra iddiaçıdan mübahisələndirilən müqavilənin 4.1-ci bəndində müqavilə qiyməti kimi 1690 manat, müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində malın qiyməti 1690 manat, ilkin ödəniş kimi 220 manat, ödəniş müddəti 10 ay, aylıq ödəniş 150 manat, sonuncu ay 120 manat göstərildiyi halda müqaviləni hansı səbəbdən imzalaması aydınlaşdırılmış, o, isə həmin məsələyə aydınlıq gətirə bilməmişdir. Hansı ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etdiyi rəqəmlər - 1690 manat müqavilə qiyməti, müqaviləyə görə ilkin ödəniş 220 manat, ödəniş müddəti 10 ay, hər ay ödəniş 150 manat, sonuncu ay 120 manat riyazi rəqəmlər mübahisələndirilən müqavilədə göstərilmişdir. Ən azı həqiqətən də məsələ iddiaçının iddia etdiyi şəkildə olmuş olsaydı (deməsinə görə latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyinə görə) məntiqi baxımından o, bildirməli idi ki, müqavilədəki “1690, 10, 150, 120, 220” rəqəmləri nədir. Necə ki, iddiaçı hazırda zəmanət şərtində görüdüyü “500 AZN” deyir. Bundan başqa, hazırda qeyd ediləcək məsələ müqavilənin etibarlı və ya etibarsız olub-olmaması baxımında birbaşa əhəmiyyət kəsb etməsədə, iddiaçının mövqeynin inandırıcı olmaması baxımından müəyyən əhəmiyyət kəsb edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, “...Bir neçə gündən sonra oğlu Bakı şəhərindən gələndə müqaviləni evdə görüb oxuyandan sonra ona demişdir ki, su filtiri satanlar filtirin qiymətini 500 manat yox, 1690 manat yazıblar, ayda o, 150 manat pul ödəməlidir.” İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziyada isə göstərir ki, “...Səhərsi gün qardaşım oğlu bizə gələndə sənədləri ona verdim, oxuyanda dedi ki, filtiri 1690 manata veriblər.” Göründüyü kimi iddiaçı vahid mövqe nümayiş etdirmir, gah aldanıldığını bir neçə gündən sonra ona oğlunun, gah da səhərsi gün qardaşı oğlunun bildirməsini göstərir. Mübahisələndirilən müqavilənin 6.1-ci bəndində göstərilir ki, alıcı bu müqavilənin icrası ilə bağlı olan şərtləri, tələbləri və buna aid bütün məlumatları öyrəndikdən sonra bu müqaviləni imzalayır. Onun bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu bu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Beləliklə, iddiaçı iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli, KG-MY06/2023 saylı alğı-satqı üqaviləsi bağlanarkən mülki qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı şərtin pozulması halının mövcudluğu müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdehin satılmış malı 14 gün müddətində geri qaytarmalı olması barədə iddiaçının mövqeyinə münasibətdə isə məhkəmə bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır (m.6). İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir (m. 15.1). Göründüyü kimi satılmış mal ilə bağlı 14 gün müddət qüsurlu mallara münasibətdə keçərlidir, özü də malın dəyişdirilməsi və ya qüsurun aradan qaldırılması formasında, hazırki mübahisədə olduğu şəkildə deyil. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “İktech” markalı su təmizləyici sistem tam işlək və qüsursuz vəziyyətdə Cavabdeh MMC tərəfindən İddiaçı yaşadığı ünvanda quraşdırılaraq ona təhvil verilmişdir. Satıcı və alıcı tərəfindən akt imzalarla və möhürlə təsdiq edilmişdir. Malın keyfiyyəti ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Məhkəmə göstərilən xüsusatları şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, KG-MY06/2023 saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar