Məhkəmə qərarları › İş №2(050)-1804/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1804/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1804/2023 17.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 1000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonunda ev almaq üçün elanlara baxarkən əvvəllər tanımadığı Tubi Məmədovayla tanış olmuş və ailəsi ilə birlikdə evə gedib baxmış və evi almaq istəmişlər. Cavabdeh evin sənədlərində çatızmazlıqlar olduğundan ondan 1000 manat beh almış və bir ay ərzində evi onun adına sənədləşdirəcəyinə söz vermişdir. Bir aydan sonra cavabdehdən evin sənədlərinin hazır olub-olmamasını soruşduqda o, ondan əlavə bir ay vaxt istəmişdir. O həmin zaman Cavabdeh inanıb etiraz etməmişdir. Üzərindən bir müddət keçdikdən sonra sənədlərin düzəlmədiyini görüb araşdırmağa başlamış və məlum olmuşdur ki, ondan başqa bir neçə nəfərdən evin sənədlərinin düzəlməsi adı ilə pullar almışdır. Ona satmaq istədiyi ev isə məhkəmədə mübahisə predmeti olmuşdur. Dəfələrlə cavabdehdən pulunu istəsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, Cavabdeh 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, İddiaçı evin satılması ilə bağlı 1000 manat aldığını, lakin yolun açılması ilə bağlı məhkəmə mübahisəsi olduğuna görə sənədləşmə işini həyata keçirə bilmədiyini, maddi imkanı olmadığına görə həmin pulu hər ay 30 manat olmaqla hissə-hissə qaytaracağını bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 27 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2.-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddənin tələblərinə uyğun məhkəmə tədqiqi zamanı bağışlanma müqaviləsinin etibarsızlığı üçün əsas müəyyən olunmadığından, o cümlədən yuxarıda istinad olunanlara əsasən iddia əsassız hesab olunmalıdır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarsız beh müqaviləsi ilə bağlı hüquq münasibəti yaranmışdır. Beh adı ilə iddiaçı cavabdehə 1000 maanat pul ödəsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2.-ci maddəsinin tələbi baxımından, həmin razılaşma nortariat qaydada bağlanmadığına görə, heç bir hüquqi qüvvəsi olmamışdır. Belə olan halda, yaranmış hüquq münasibətinə əqdlərin etibarsızlığı ilə bağlı normalara əsasən qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, əqdlərin etibarsızlığının hüquqi nəticələrindən biri də Mülki Məcəllənin 337.5.-ci maddəsinin tələbi baxımından tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmasıdır. Həmin maddəyə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmartıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, tərəflər arasında etibarsız beh müqaviləsi bağlanıdığına görə, Cavabdeh beh adı ilə almış olduğu 1000 pulu geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 manat və dövlət rüsumuna üçün ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar