Məhkəmə qərarları › İş №2(050)-1807/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1807/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1807/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rzalı oğluna qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Rzalı oğlundan nisyə aldıqları çarpayı və stulların dəyərindən ödənilməmiş qalan 150 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, cəmi 180 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ötən ilin dekabr ayının 14-də cavabdehlər ondan 90 manat dəyərində 1 ədəd çarpayı nisyə alaraq pulunu 15 günə ödəyəcəklərini vəd etmişlər. Həmin ilin dekabr ayının sonunda isə cavabdehlər ondan yenidən 90 manat dəyərində 1 ədəd çarpayı və 170 manat dəyərində 6 ədəd stul nisyə götürmüş, 100 manat ödəniş etmişlər. Nəticədə cavabdehlər ondan nisyə aldıqları 350 manat dəyərində çarpayı və stula görə 250 manat borclu qalmışlar. Onların borcdan müəyyən qədər ödəniş etməsinə görə inanıb razılaşdıqları malları onlara nisyə vermişdir. Onlar qalan borclarını 10 günə ödəyəcəklərini vəd etmişlər. Lakin sonradan hər dəfə 50 manat olmaqla 2 dəfəyə cəmi 100 manat ödəniş etmiş, 150 manat isə hazırkı vaxtadək borclu qalmışlar. Dəfələrlə tələb etsə də, nəticəsi olmadığından məhkəməyə müraciət etməli olmuş və buna görə də 30 manat rüsum ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlər ötən ilin dekabr ayından ondan 180 manat dəyərində 2 ədəd çarpayı və 170 manat dəyərində 6 ədəd stul nisyə almaqla, həmin əşyaların dəyərini 10-15 günə ödəyəcəklərini öhdələrinə götürmüş, yəni öhdəliyin icra müddəti təyin edilmiş, lakin həmin müddət ərzində onlar öhdəliklərini tam yerinə yetirməyərək bununla da ona 150 manat məbləğində ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ********** VÖEN əsasında fəaliyyət göstərən “SULTAN mebel dükanı” fiziki şəxs İddiaçı ilə Cavabdeh2 Rzalı oğlu arasında bağlanmış 14 dekabr 2023-cü il tarixli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 Rzalı oğluna 1 ədəd 90 manat dəyərində kravat satmışdır. Müqavilə Cavabdeh2 Rzalı oğlu tərəfindən imzalanmışdır. Həmin müqavilənin cədvəl olan hissəsində əlavə qeyd kimi, digər Cavabdeh1 da müqaviləyə imza etmişdir. Qeydlərdə həmçinin 250 manat qalıq borcdan cəmi 150 manat əsas borcun qaldığı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdehlər iddiaçıdan aldıqları çarpayını “Totota Coroola” markalı, **-GU-*** dövlət qeydiyyat nömrəli avtomobillə, əlavə stullar və çarpayını isə “VAZ 2106” markalı (dövlət qeydiyyat nömrəsi görünməyən) avtomobillə aparmışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki araşdırma zamanı müəyyən edilmişdir ki, 2023-cü ilin dekabr ayı ərzində cavabdehlər iddiaçıdan 90 manat dəyərində 2 ədəd çarpayı və 170 manat dəyərində 6 ədəd stul nisyə götürmüş, ümumilikdə 100 manat ödəniş etmişlər. Nəticədə cavabdehlərin iddiaçıdan nisyə aldıqları 350 manat dəyərində çarpayı və stula görə 250 manat borclu qalmışdır. Sonradan cavabdehlər hər dəfə 50 manat olmaqla 2 dəfəyə cəmi 100 manat ödəniş edikdən sonra 150 manat isə hazırkı vaxtadək borclu qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz etməmiş, iddianı təkzib edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, satıcı ilə alıcı arasında “istehlak krediti” adlanan müqavilə bağlansa da, işin hallarından görünür ki, müqavilənin predmeti pul məbləği olmamış, məişət avadanlıqları olmuş, tərəflər əslində nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər götürmüşdülər. Müqavilənin kredit müqaviləsi hesab edilməsi üçün müqavilənin predmeti hər hansı məbləğdə pul olmalıdır. Ona görə qeyd edilən məsələnin həlli zamanı maddi əsası kimi aşağıda qeyd edilən nisyə alqı-satqı müqaviləsi ilə bağlı qeyd edilmiş normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rzalı oğlundan müştərək qaydada 150 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 180 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar