Məhkəmə qərarları › İş №2(050)-1809/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1809/2023

10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1809/2023 10.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş 10000 manat məbləğində ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin 05 aprel 2000-ci il tarixli, 04 nömrəli qərarı ilə mərhum əri şəhid X4 balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə şəxsi həyətyanı torpaq sahələrinin yaxınlığında yerləşən ümumi sahəsi 2400 kv.metr olan göl və onun ətrafı 25 illik müddətə icarəyə verilmişdir. Həmin tarixdə X8 arasında icarə müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən gölün ətrafında icarədə olan torpaq sahəsində özbaşına tikililər inşa etmişdir. Bu hərəkətlərin dayandırılması barədə cavabdehə müraciət etmişdir. Lakin etdiyi müraciətlər nəticəsiz qaldığından, hüquqlarının müdafiəsi üçün qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi ilə mərhum X4 icarəyə verilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0,16 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin onun hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin onun verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Cavabdeh uzun illərdir ki, icarəyə verilmiş torpaq sahəsinin 0,16 ha hissəsini istifadə edir. Belə ki, həmin torpaq sahəsi ərinə verildiyi vaxtdan cavabdeh həmin torpaq sahəsini istifadə edir, bir neçə ildir ki, orada tikili inşa etmişdir. Dəfələrlə cavabdehə həmin torpaq sahəsini zəbt edərək oradan istifadə etməklə və tikili inşa etməklə ailəsinə maddi ziyan vurduğunu bildirmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymayaraq, torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Hansı ki, məhkəmələr tərəfindən cavabdehin həmin torpaq sahəsini zəbt etdiyi açı-aşkar sübut olunmuşdur. Bu halı məhkəmə zamanı keçirilmiş ekspertizalarda sübut etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən icra vərəqəsi verilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsinin icrasına da mane olur və icra sənədini könüllü olaraq icra etmir və icra məmurlarına da qətnaməninin icra olunmasına imkan vermir, minbir yola əl atır ki, torpaq sahəsini geri qaytarmasın. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləğini hesablamaq iqtidarında deyildir, lakin ötən müddəti nəzərə alaraq hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara təxminən 10000 manata yaxın maddi ziyan dəymişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 21.3 və 1096.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh tərəfindən imzalanmış iddiaya dair etiraz xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsi Abaslı məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 0,25 ha olan göl və göl ətrafı sahə 25 il müddətinə iddiaçının mərhum əri Anar Novruzova icarəyə verilmişdir. Həmin torpaq sahəsinin Anar Novruzova icarəyə verilməsi haqqında Masallı Rayon Ərkivan Bələdiyyəsinin 05 aprel 2000-ci il tarixli qərarında 1993-cü ildə ləğv edilmiş (adı dəyişdirilmiş) “Karl Marks” adına sovxozun 1995-ci ilə təsadüf edən əmrlərinə istinad olunmuşdur. Bu saxtakarlıq faktı ilə bağlı Masallı Rayon Prokurorluğuna müraciət edərək, cinayət işinin başlanmasını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş və ərizəsi icraatdadır. İstifadə etdiyi torpaq sahəsi 0,16 ha deyil, 0,6 ha olmaqla iddiaçının icarəsində olan torpaq sahəsinin cənubunda yerləşir. Həmin torpaq sahəsini 2005-ci ildə qanuni əsaslarla, dəyərini ödəməklə Masallı Rayon Ərkivan Bələdiyyəsindən satın almışdır. Ona məxsus 0,6 ha topraq sahəsinin iddiaçının icarəsində olan torpaq sahəsinin şərqində yerləşməsi haqqında məhkəmə qətnaməsində göstərilənlər və iddiaçının dedikləri əsassızdır və torpaq sahələrinin faktiki sərhədləri (koordinatları) ilə təkzib olunur. Heç vaxt məhkəmə qətnaməsinin (icra sənədinin) icrasına mane olmamış, sadəcə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə istinad etməklə borclu kimi müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblərin icra sənədində göstərilən qaydada və yerdə, yəni icra sənədində göstərildiyi kimi iddiaçının icarəsində olan torpaq sahəsinin şərqində icra olunmasını tələb etmişdir. Torpaq sahələrinin koordinatlarının müəyyən olunması üçün “X9” MMC-yə ekspertiza keçirilməsini sifariş etmiş, ekspertiza keçirilmiş, torpaq sahələrinin sərhədləri (koordinatları), ona məxsus olan 0,6 ha torpaq sahəsinin iddiaçının icarəsindəki torpaq sahəsinin cənubunda yerləşməsi, torpaq sahələrinin kəsişməməsi, üst-üstə düşməməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin çağırışı ilə “X9” MMC-nin eksperti və DƏDRX 8 saylı Ərazi idarəsinin Seyfulla adlı mütəxəssisi icra prosesində iştirak etmək üçün mübahisəli əraziyə gəlmişlər. DƏDRX 8 saylı Ərazi İdarəsinin əməkdaşı 0,6 ha torpaq sahəsinin sərhədlərini yerində müəyyən etməkdən, bu barədə hər hansı sənəd təqdim etməkdən imtina etmiş, “X9” MMC-nin eksperti bir daha araşdırma apararaq 0,6 torpaq sahəsinin iddiaçının icarəsindəki torpaq sahəsinin məhkəmə qətnaməsində göstərildiyindən fərqli olaraq həmin torpaq sahəsinin şərqində deyil, məhz cənubunda yerləşməsini müəyyən etmişdir. Yaranmış ziddiyyətlə əlaqədar icra məmuru Habil İsmayılov icra sənədinin icrasını mümkünsüz hesab etdiyindən icra sənədinin icrası mümkün olmamışdır və icra məmuru ərizə ilə Masallı Rayon Məhkəməsinə mürəciət edərək, 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. İcra sənədinin icra olunmaması bütün hallarda icra məmurunun icra sənədinin icrasının mümkünsüz hesab etməsi ilə əlaqədar olmuşdur. İşdə iddiaçıya onun təqsirindən 10000 manat məbləğində maddi ziyan dəyməsi haqqında hər hansı sübut yoxdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, torpaq sahəsinə görə qismən icarə haqqı ödənilmişdir. Masallı Rayon Statistika İdarəsinin 14 iyul 2023-cü il tarixli, 3-34-68/2-132/2023 saylı məktubuna əsasən Masallı rayonu, Ərkivan qəsəbəsi üzrə 2022-ci ildə 1 hektardan orta hesabla mərcinin məhsuldarlığı 24.0 sentener, paxlanın orta məhsuldarlığı 23.0 sentener, noxudun orta məhsuldarlığı 24.0 sentener, soğanın orta məhsuldarlığı 150.0 sentener, sarımsağın orta məhsuldarlığı 152.0 sentener və limonun orta məhsuldarlığı 60.1 sentener olmuşdur. Vəkil sorğusuna əsasən verilmiş "xxxx" ASC-nin 14 iyul 2023-cü il tarixli, 61 nömrəli mətubuna əsasən orta bazar qiymətinə uyğun olaraq 1 kq mərci 3 manat, 1 kq paxla 2 manat, 1 kq noxud 3 manat, 1 kq soğan 1.4 manat, 1 kq sarımsaq 2 manat, 1 kq limon 6 manat təşkil edir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı torpaq sahəsindən 30 ilə yaxın müddətdə təyinatı üzrə istifadə etməmiş, onu əkib-becərməmiş, ona qulluq etməmişdir. İcarəyə götürdüyü ərazinin icarə müqaviləsində nəzərdə tutulmuş təyinatına zidd olaraq orada istirahət təyinatlı bina inşa etmişdir. Digər tərəfdən icarə müqaviləsində iddiaçıya icarə verilmiş torpaq sahəsinin 2400 kv.m, o cümlədən 1000 kv.m su örtüklü və 1400 kv.m quru sahə olması qeyd olunur. Bununla belə iş üzrə qəbul edilmiş qətnamədə cavabdehin icarəyə verilmiş quru torpaq sahəsinin 0,16 ha hissəsini zəbt etməyi göstərilmişdir. 0,14 ha torpaq sahəsinin 0,16 hanın zəbt olunması mümkünsüzdür. Cavabdehin sahibliyində və istifadəsində olan 0,06 ha torpaq sahəsidir ki, bu- da iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin şərqində deyil, cənubunda yerləşir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması haqqında mübahisə hazırda Şirvan İnzibati Məhkəməsinin icraatındadır. İddiaçının cavabdeh tərəfindən zəbt olunmasını iddia etydiyi 0,16 ha torpaq sahəsinin 0,04 ha hissəsi 25 ildir ki, X1, 0,06 ha hissəsi isə 20 ildir ki, X2 istifadəsində və sahibliyindədir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkilinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına olan: 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” ndən görünür ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin sədri X7 ilə X6 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 2400 kv.m olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi 1000 kv.m olan sahəni “İcarəçiyə” 25 il müddətinə istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir (bənd 1.1). Torpaq sahəsi balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilir (bənd 1.3). İcarə haqqı 05 aprel 2000-ci il tarixdən hesablanır. “İcarəçi” hər il torpaq vergisi nəzərə alınmaqla 100.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür (bənd 3.2,3.3). İcarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək “İcarəçi” nin vəzifələridir (bənd 5.2). Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və X5 qarşı qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, mərhum X4 icarəyə verilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0,16 ha torpaq sahəsindən Cavabdeh Ələkbər oğlunun çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin Cavabdeh Ələkbər oğlunun hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2022-ci il tarixli, 2(106)-1053/2022 saylı qətnaməsi ilə dəyişdirlmədən saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2022-ci il tarixli, 2(106)-1053/2022 saylı qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-477/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, “…İddiaçı 06 fevral 2008-ci ildə X6 nikahlarını rəsmiləşdirmişdir. X6 14 iyul 2020-ci ildə vəfat etmişdir. X3 vəfatından sonra onun təsərrüfatını faktiki olaraq İddiaçı idarə etmişdir. ” 006278 saylı şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür. Qəbzlərdən görünür ki, xx.xx.2006-cl il tarixdə 30 manat, 15 aprel 2010-cu il tarixdə 30 manat, xx.xx.2018-ci ildə 20 manat xx.xx.2019-cu ildə 20 manat və xx.xx.2020-ci ildə 20 manat icarə haqqı ödənilmişdir. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddianı qaldırması üçün sübyektiv hüququnun olub-olmaması ilə bağlı bildirir ki, torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının əri X4 icarəyə verilmiş, onun əri 14 iyul 2020-ci ildə öldükdən sonra onun təsərrüfatını faktiki olaraq iddiaçı idarə etmiş, iddiaçı şəhid ailəsinin üzvüdür. İddiaçı icarəyə verilmiş torpaq sahəsi ilə bağlı vaxtı ilə Masallı Rayon Məhkəməsində iddia qaldırarkən də 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” nə əsaslanmış və həmin işə baxılan zaman da iddiaçının sübyektiv hüququnun olması tanınmış və işə mahiyyət üzrə baxılaraq qiymət verilmişdir. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subkeytiv hüquqa malikdir. İşin mahiyyət ilə bağlı məhkəmə bildirir ki, işin müabahisə edilməyən tərəfi ondan ibarətdir ki, 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” əsasında icarəyə verilmiş torpaq sahəsi balıqçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. “İcarəçi” icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək “İcarəçi” nin vəzifələridir (bənd 5.2). Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin borcudur. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, 05 aprel 2000-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” ilə 2400 kv.m olan torpaq sahəsi, o cümlədən su ilə örtülmüş sahəsi 1000 kv.m olan sahəsi X4 icarəyə verilmiş, onun ölümünə kimi onunla cavabdeh arasında torpaq sahəsindən istifadə edilməsi bağlı hər hansı bir mübahisə baş verməmişdir. Bundan başqa, işin araşdırılması ilə nə torpaq sahəsi icarəsinə verilmiş şəxsin, nədə ki, İddiaçı keçən bu illər ərzində icarəyə verilmiş torpaq sahəsindən real məqsədli şəkildə təyinatına uyğun istifadə etmələri barədə niyyətlərinin olmaları, bunun həyata keçirilməsi üçün cavabdeh tərəfindən manelərin törədilməsi və nəticədə icarəyə verilmiş torpaqdan istifadə edilməməsi nəticəsində zərərin dəyməsi sübuta yetirilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi X6 ilə cavabdeh arasında torpaq sahəsindən istifadə edilməsi ilə bağlı hər hansı bir mübahisə baş verməmiş, o, icarəyə verilmiş torpaq sahəsindən təyinatına uyğun istifadə etmək üçün qanunvericiliyin onun üzərinə qoyduğu vəzifələri yerinə yetirməmişdir. Qeyd edilən sonuncu hal hazırki iddiaçıya da aiddir. Yəni, iddiaçı da ərinə verilmiş torpaq sahəsindən məqsədli şəkildə istifadə etməsi üçün qanunvericiliyin onun üzərinə qoyduğu vəzifələri yerinə yetirməmişdir. Bütün bunlar icarəyə verilmiş torpaq sahəsindən cavabdehin əməlləri nəticəsində iddiaçının və onun ərinin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsini təkzib edir. Təbii ki, istər iddiaçı, istərsə də onun keçmiş əri icarəyə verilmiş torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olsaydılar, ən azından buna görə vergi ödəyicisi kimi qeydiyyata alınar, fəaliyyətləri ilə bağlı müvafiq vergi ödəyərdilər. İddiaçının mövqeyi ilə razılaşmaq o anlama gələr ki, istənilən şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi verilsin, o, isə torpaq sahəsindən istifadə etməsin, illər keçdikdən sonra qarşı tərəf ilə mübahisəsi olan zaman iddia qaldırsın ki, bu torpaq sahəsindən neçə illərdir ki, imkan verilməyib təyinatına uyğun istifadə edilsin və buna görə zərər ödənilməlidir. Bu isə qəbul edilməzdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyana görə 10000 manat və dövlət rüsumu qismində ödənilmiş 120 manat pulun cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelylasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar