Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1811/2024 23.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı İlqar Sadıxzadə adlı şəxsi təxminən 30 ildir tanıyır. Həmişə aralarında etibarlı münasibətlər olmuşdur. Qeyd edir ki, İlqar Sadıxovun Cavabdeh1 və Cavabdeh2 adlarında iki oğlu vardır. İddiaçı 2022-ci ildə özünə Bakı şəhərində ev alıb kirayə vermək istəmiş, lakin İlqar Sadıxzadə onun ev alıb kirayə vermək istəyinə mane olaraq ona demişdir ki, oğlu Cavabdeh1 12.000 ABŞ dolları pul versin, Sadıx Çindən mal gətirəcək və həmin malları Azərbaycanda satıb yaxşı qazanc əldə edəcəklər. İddiaçı, əvvəl İlqarın bu sözünə inanmamışdır. Əvvəlcə ona inanmasa da, daha sonra bu təkliflə razılaşmışdır. Təxminən 2022-ci il 8 noyabr tarixində İlqarın oğlu Cavabdeh1 Çindən mal gətirib birlikdə qazanc əldə etmələri üçün Bakı şəhərində yerləşən Yeganə şadlıq sarayının arxasında 12.267 ABŞ dolları məbləğində pul vermişdir. Bundan təxminən bir ay sonra İlqar ona bildirmişdir ki, 25.000 manat qiyməti olan maşını 15.500 manata satırlar. Həmin maşını 15.500 manata alıb baha qiymətə sataraq yaxşı qazanc əldə edə bilərlər. İlqar ondan həmin maşını almağa görə 15.500 manat pul istəmiş və həmin pulu oğlanları Sadıx və Aslana verməli olduğunu ona demişdir. İlqar ona bu təklifi edərkən maşının onun adına rəsmiləşdiriləcəyini ona bildirmişdir. O da İlqara inanaraq 2022-ci il 2 dekabr tarixində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 25 ünvanında yerləşən evində 15.500 manat pulu onun oğlanları Cavabdeh1 və Cavabdeh2 vermişdir. Lakin maşın alınsa da onun deyil, Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı ərizəsində bildirir ki, Çindən mal gətiriləcəyi və birlikdə pul qazanılacağı adı altında Sadıxa verdiyi 12.267 ABŞ dolları məbləğində pulun müqabilində Çindən mal gətirilsə də, nə verdiyi pul ona geri qaytarılmış, nə də hər hansı qazanc əldə edə bilməmişdir. Həmçinin maşına görə ondan aldıqları 15.500 manat pulu da bugünə kimi geri ala bilməmişdir. Beləliklə, ümumilikdə ona 36.353 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının tələbi: 12.267 ABŞ dolları (20.853 manat) məbləğində pulun Cavabdeh1 və 15.500 manat pulun isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, ümumilikdə 36.353 manat məbləğində pulun, həmçinin pulun ödənilməsini gecikdirdiklərinə görə Cavabdeh1 ona verdiyi 20.853 manat məbləğində pulun bir illik beş faizi məbləğində - 1.042 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 isə onlara verdiyi 15.500 manat məbləğində pulun bir illik beş faizi məbləğində 775 manat məbləğində pulun, ümumilikdə 1817 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə baxış iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim etmiş, 9.708 ABŞ dolları (16.503 manat) məbləğində pulun Cavabdeh1 və 11.500 AZN pulun isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, ümumilikdə 28.003 manat məbləğində pulun, həmçinin pulun ödənilməsini gecikdirdiklərinə görə Cavabdeh1 ona verdiyi 16.503 manat məbləğində pulun bir illik beş faizi məbləğində - 825 manat məbləğində pulun, Cavabdeh1 və Cavabdeh2 isə onlara verdiyi 11.500 manat məbləğində pulun bir illik beş faizi məbləğində - 575 manat məbləğində pulun, ümumilikdə 1.400 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı izahat verərək bildirmişdir ki, o cavabdehlərə Çindən mal gətirilməsi üçün 12.267 ABŞ dolları pul vermişdir. Bundan əlavə cavabdehlər ona ucuz qiymətə Amerikadan maşın gətirib satıb qazanc əldə etməyi təklif etmiş və buna görə cavabdehlərə 15.500 manat pul vermişdir. Çindən gətiriləcək mallara görə pulu Sadıxla birlikdə Sədərəyə gedərək, orada əvvəllər tanımadıqları bir şəxsə vermişlər. Həmin malların pulundan Sadıx ona 3000 manat əldə olunmuş qazanc kimi, avtomobilə görə isə 4000 manat pul ödəmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasındakı çıxışında iddia tələbinin həcminin azaldılmasına dair ərizəsinin nəzərə alınmamasını, məhkəmədən iddia ərizəsində göstərilmiş məbləğdə pul tutulmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatı Çindən mal gətirmək üçün 12.267 ABŞ dolları və maşın üçün 15.500 manat pulun alınması hissəsində təsdiqləyir. Lakin əlavə olaraq maşın üçün alınmış borcdan 4000 manat və 1500 manat pul qaytardığını, Çindən gətirilən mallara münasibətdə isə ümumilikdə 9000 ABŞ dolları borc qaldığını, həmin borcun da anbardakı mallara görə qaldığını, malların satışını edib qalan borcu da qaytaracaqlarını bildirmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahat verərək iddia tələbini qəbul etməmişdir, qardaşı Sadıxla İddiaçı arasında olan pul münasibətlərində iştirak etməmişdir, maşın onların xahişi ilə onun adına rəsmiləşdirilmişdir. Odur ki, iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o, Rafət və cavabdehlərin atası İlqar əsgərlik yoldaşı olmuşlar və həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. Rafət ona cavabdehlərlə iş qurmaq, qazanc əldə etmək istədiyini bildirmişdir. Pulun verilməsi zamanı şəxsən iştirak etməmişdir. Bildiyinə görə maşını satıb qazanc əldə etmək üçün almışdılar. Maşına görə on min manat pul ödənilib, lakin sonradan əlavə xərcləri də çıxmışdır. Həmçinin cavabdehlər Çindən mal gətirmək üçün də Rafətdən pul almışdır. Mallarda gecikmə olmuşdur. Mallar gəldikdən sonra depoya gedib baxmış, lakin o baxarkən malların bir qismi artıq satılmışdır. Cavabdehlərin Rafətə 4000 manat pul geri qaytardığını eşitmişdir. Lakin həmin pulun maşına yoxsa Çindən gətirilmiş mallara görə qaytarıldığını dəqiq bilmir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Sadıx əvvəllər avtomobil aksesuarları yerində işləmişdir və oradan tanışlıqları yaranmışdır. Tərəflər arasında olan ortaqlıq münasibətlərinin bir qismində iştirak etmişdir. Pul veriləndə şəxsən yanlarında olmamış amma bildiyi qədərilə pul əlbəəl Sadıxa verilməmişdir. Pul Çindən mal vurulması üçün kart vasitəsilə malı vuracaq şəxsin bank hesabına köçürülmüşdür. Birinci Çindən mal vurmaq üçün adamı Sadıx tapmış, daha sonra karqo ilə bağlı maraqlanıb karqo şirkəti ilə razılaşmışlar. Malın pullarını Rafət vermişdir. Məqsədləri malları satıb şərikli pul qazanmaq olmuşdur. Avtomobillə də bağlı aralarında razılaşma olmuşdur. Avtomobilə görə 15.000 manat Rafət Sadıxa pul vermişdir. Sonradan əlavə xərclər də çıxmışdır. Avtomobilin təmiri ilə bağlı Sadıxla davamlı olaraq ustalara gedib gəlmişdir. Məqsədləri Amerikadan ucuz qiymətə maşın gətirib satıb qazanc götürmək olmuşdur. Maşının pulundan bir hissə Rafətə qaytarılmışdır. Maşın razılaşma əsasında Aydının adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 qərarından görünür ki, Vət. İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 235 manat məbləğində dövlət rüsumu ödənilmişdir. DVD disklərdə olan səs yazılardan Sadıxın mal və maşın almaq üçün İddiaçı pul aldığı və Çindən gətirilən mallara görə 9708 ABŞ dolları borcu qaldığı, həmçinin maşının da onda olduğunu və geri qaytaracağını bildirməsi müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr yaranmışdır. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Məhkəmə araşdırması zamanı tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasitbətlərinin olması müəyyən edilmişdir. Belə ki, tərəflərin izahatlarından məlum olur ki, onlar arasında olan razılaşma Çindən malların gətirilməsi və Amerikadan maşının gətirilməsi, satılması, satışdan əldə olunan məvaciblə həm iddiaçının biznesin qurulması üçün çəkdiyi xərclərin ödənilməsinə həm də gələcəkdə onların qazanc götürmələrinə yönəlmiş olmuş, Cavabdeh1 qeyd olunan məhsulları və maşını satmaqla iddiaçıya pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. Bu isə tərəflər arasında öhdəlik münasibətlərinin olmasını və mübahisəli pul tələbinin də məhz həmin münasibətdən qaynaqlandığını göstərir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçıla Cavabdeh1 arasında Çindən mal daşınması və İddiaçıla Cavabdeh1 və Cavabdeh2 arasında Amerikadan avtomobil gətirilməsinə görə pul münasibətləri olmuş, bununla bağlı cavabdehlərin müvafiq olaraq İddiaçı 12.267 ABŞ dolları və 15.500 manat borcu olmuşdur. Cavabdeh1 avtomobilə görə ödənilmiş puldan 4000 manat geri qaytardığını bildirmiş, iddiaçı bu hissədə cavabdehin izahatına etiraz etməmiş, 4000 manat pulun verilməsini etiraf etmişdir. Maşına görə Cavabdeh1 11.500 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan pul məbləğlərinin verilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının, həmin hal sübuta yetirildiyi təqdirdə isə pulun ödənilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Tərəflərin izahatları ilə maşına görə ödənilmiş 4000 manat pulun qaytarılması təsdiqini tapmışdır. Çindən gətirilmiş mallara görə geri qaytarılmış 3000 ABŞ dolları pul hissəsində iddiaçı pulun ona verilməsini etiraf etsə də, həmin pulun satışdan əldə edilmiş qazanc kimi ödənildiyini, cavabdeh isə ümumi borcdan ödəniş etdiyini iddia edir. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür. İddiaçı satışdan hər hansı qazanc əldə edildiyini, həmçinin 3000 ABŞ dolları pulun qazanc kimi ona verildiyini sübuta yetirə bilməmişdir. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları, yəni hər iki tərəfin izahatları, həmçinin şahid ifadələri ilə müəyyən olunur ki, “Hundai Elantra” markalı avtomobil alqı-satqıdan sonra Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, avtomobilin hazırda qeyd edilən cavabdehin adına rəsmiləşdirilməsi, onun qeyd edilən münasibətlərdə iştirakını təsdiqləməklə haqlı olaraq cavabdeh qismində tanınması ilə nəticələnir. İddiaçının digər tələbi “pulun ödənilməsini gecikdirdiklərinə görə Cavabdeh1 ona verdiyi 20.853 manat məbləğində pulun bir illik beş faizi məbləğində, yəni 1.042 manat məbləğində pulun, Cavabdeh1 və Cavabdeh2 isə onlara verdiyi 15.500 manat məbləğində pulun bir illik beş faizi məbləğində 775 manat məbləğində pulun, ümumilikdə 1817 manat məbləğində pulun” tutulmasıdır. Məhkəmə göstərilən tələbə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı pulu cavabdehə verərkən gecikdirildiyi halda, hansısa məbləğdə faiz ödəniləcəyi barədə razılaşmalarının olmasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki MPM-nın 77.1-ci maddəsinə əsasən bu barədə tələbin əsası kimi istinad edilmiş halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş “iddia tələbinin həcminin azaldılmasına dair” ərizəyə münasibətdə qeyd edir ki, qeyd edilən ərizə məhkəmənin baxış iclasında verildiyindən, həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasındakı çıxışında müdafiə edilmədiyindən, məhkəmə həmin ərizənin nəzərə alınmaması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.500 manat məbləğində pul və Cavabdeh1 9708 ABŞ dolları pul İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1811/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1811/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver