Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-182/2024 12.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 qarşı “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair xx.xx.2023-cü il tarixli və “TOYOTA CAMRY” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi, həmin avtomobillər üzərində Cavabdeh1 ilə hər birinin 1/2 hissədə pay hüququnun olmasının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Vəkil ərizə təqdim edərək, iddia tələbinin həcmini cavabdeh X1 və “TOYOTA CAMRY” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə azalmışdır İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə 2013-cü ildə el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuş, 25 oktyabr 2014-cü il tarixdə rəsmi nikah bağlamışlar. Nikahda olduqları dövrdə 19 yanvar 2023-cü il tarixdə “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. 2023-cü ilin mart ayından münasibətləri pisləşmiş və ayrılmalı olmuşlar. 2023-cü ilin aprel ayının 4-də nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakdan pay tələbi ilə bağlı mediasiyaya müracət etmişdir. Bu barədə təklif qarşı tərəfə getdiyindən Cavabdeh1 da bundan məlumatlı olmuş, lakin mediasiyada iştirak etməmişdir. Mediatordan müvafiq arayışı aldıqdan sonra nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Məhkəmənin 05 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə icraatı mümkün hesab edilərək hazırlıq iclası iyun ayının 6-na təyin edilmişdir. Cavabdeh1 mediasiyaya müraciət etdiyi tələblərin bir qismi ilə artıq məhkəməyə müraciət etdiyini və digər qismi ilə də müraciət edəcəyini görüb birgə nikah dövründə əldə etdikləri avtomobil üzərində payının müəyyən edilməsinə maneçilik törətmək üçün avtomobili formal olaraq qardaşına satmışdır. Belə ki, Cavabdeh1 “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında qardaşı Cavabdeh2 satmış, həmin tarixdə də öz adına etibarnamə almışdır. Bu xüsusatlar Baş Dövlət Yol Polis İdarəsinin məktubundan və ona əlavə edilmiş sənədlərdən də görünür. Halbuki həmin müddətdə Cavabdeh1la ayrı yaşamış, nikahın pozulmasına dair məhkəmənin icraatında iş olmuşdur. Bu səbəbdən də avtomobillər satılarkən razılığının alınması mümkün deyildi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, “KİA RİO” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin alındığı vaxtdan etibarən Cavabdeh1 tərəfindən idarə edilməsi avtomobilin həqiqi mülkiyyətçisinin o, olduğunu sübut edir. Daha sonra hazırki iş üzrə tərəflər arasında nikahın pozulması barədə mübahisə yarandıqdan sonra avtomobilin Cavabdeh2 adına keçirilməsi əmlak bölgüsündən yayınmaq məqsədi daşımışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, avtomobil təmiri işi ilə məşğul olur. Avtomobilləri alıb, təmir etdikdən sonra satmaqla qazanc əldə edir. Bu məqsədlə 2022-ci ilin iyun ayında bankdan 7000 manat kredit götürmüşdür. Onun başqa “KİA RİO” markalı və “Range Roover” markalı avomobilləri də vardır. “KİA RİO” markalı avtombili icarəyə vermişdir. Mübahisə predmeti olan “KİA RİO” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili isə əvvəllər tanımadığı şəxsdən xx.xx.2022-ci ildə 7000 manata almışdır. Avtomobilin alğı-satqısı ilə məşğul olduğuna görə etibarnamə ilə avtomobilləri alır. Həmin vaxt qardaşı Elmanın özünə məxsus “Daewoo” markalı avtomobili olmuş, onunla Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Elmanın avtomobili köhnə olduğuna görə 2023-cü ilin avqust ayında “KİA RİO” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili qardaşına vermişdir ki, ailəsini dolandıra bilsin. Etibarnamənin müddəti 27 yanvar 2023-cü il tarixdə bitdiyinə və avtomobili öz adına rəsmiləşdirə bilmədiyinə görə 19 yanvar 2023-cü il tarixdə qardaşı Elmanla formal olaraq alğı-satqı müqaviləsi bağlamışlar. Elman və arvadı Sunarın ailə münasibətləri pozulduqdan sonra avtomobili öz adına keçirmişdir. Hal-hazırda avtomobilin Elmanın etibarnamə ilə idarə etməsinin səbəbi qardaş olaraq ona yardım etməsidir. Çünki Elmanın başqa gəlir mənbəyi yoxdur, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olub dolanır. Göstərdiyi hallara görə iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ilə ailə münasibətləri əvvəllər normal olmuş və münasibətləri pozulana qədər Bakı şəhərində yaşamışlar. Onun özünə məxsus “Daewoo” markalı avtomobili olmuş, onunla Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Mübahisə predmeti olan “KİA RİO” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Elçin xx.xx.2022-ci ildə 7000 manata etibarnamə ilə almışdır. Avtomobilin alğı-satqısı ilə məşğul olduğuna görə etibarnamə ilə avtomobilləri alır. Onun öz avtomobili köhnə olduğuna görə, tez-tez sıradan çıxdığı üçün 2023-cü ilin avqust ayında Elçin qardaş olaraq kömək etmək üçün “KİA RİO” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili ona vermişdir ki, ailəsini dolandıra bilsin. Etibarnamə Elçinin adına verildiyinə, müddəti 27 yanvar 2023-cü il tarixdə bitdiyinə və avtomobili Elçin öz adına rəsmiləşdirə bilmədiyinə görə 19 yanvar 2023-cü il tarixdə qardaşı Elçinlə formal olaraq alğı-satqı müqaviləsi bağlamışlar. İddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra Elçin avtomobili yenə öz adına rəsmləşdirmişdir. Onun yeni avtomobil almağa heç vaxt maddi imkanı olmamışdır, ona görə də həmin avtomobil üzərində pay müyyən oluna bilməz, xahiş edir iddia rədd olunsun. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 nikahı xx.xx.2014-cü il tarixdə, 61 nömrəli akt qeydi ilə rəsmləşmişdir. Baş Dövlət Yol Polis İdarəsinin nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci ildə Cavabdeh2 adına nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmiş, etibarnamənin müddəti 27 aynvar 2023-cü il tarixə qədər müəyyən ounmuş, həmçinin 03 avqust 2022-ci il tarixdə avtomobili idarə etmək üçün Cavabdeh1 adına etibarnamə verilmiş, nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 mülkiyyətinə keçmiş, xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətinə keçmişdir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 305micNAR/22 saylı kredit müqaviləsi bağlanmış, sonuncuya 7000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Fəttah-X2 adından etibarnamə ilə Cavabdeh2 “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 7000 manata satmışdır. Nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə ƏN-Vİİ 493413 №-li, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X3 oğlu KİA RİO markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsindən istifadə hüququna dair Cavabdeh2 səlahiyyətlər vermişdir. Səliyyt müddəti 27 yanvar 2023-cü il tarixdə bitir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 KİA RİO markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 7500 manata satmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlk növbədə işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 ilə İddiaçı 2014-cü ildə rəsmi nikaha girmiş, 2023-cü ilin aprel ayından ailə münasibətləri pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Cavabdeh1 və Cavabdeh1 arasında 19 yanvar 2023-cü il tarixdə “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 223.1. və 223.2-ci maddələrinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Mülki Məcəllənin 220.1. və 220.2.-ci maddələrinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 225.1. və 225.6.-cı maddələrinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 337.1-337.2.-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Həmin Məcəllənin 32.3.-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 36.1.-35.3. və 36.8-ci maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ər-arvadın birgə mülkiyyəti ilə bağlı istinad olunmuş maddi normaların tələbindən göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. İstinda olunmuş Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Qeyd edilməlidir ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu mənada, məhkəmənin qənaətinə görə, iddiaçının və ya cavabdehin, məhz nikah dövründə əldə olunmuş əmlaklarının alınmasında bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və məhkəmə bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Məhkəmə istinad olunmuş maddi normalarla işin faktiki hallarını qarşılıqlı təhlil edərək qeyd edir ki, “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə xx.xx.2023-cü il tarixdə bağlansa da, həmin avtomobilin onların birgə qazancları hesabına əldə edilməsi sübut edilmir və aşağıda göstərilən hallarla iddianın əsasları təkzib olunur. -Məhkəmə cavabdehlərin izahatlarının uyğunluğunu və ziddiyyətini müəyyən etmək üçün, onları tərəflərin razılığı ilə ayrı-ayrılıqda dindirməklə, aidiyyəti suallar vermişdir. Hər iki cavabdehin izahatları bir-birini tamamlamış, qeyri-müəyyənlik, ziddiyətli hal müəyyən edilməmişdir. -Məhkəmə araşdırması ilə və işdə tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə 7000 manata satın alınmış, sənədləşmə avtomobilin ümumi etibarnamə əsasında Cavabdeh2 istifadəsinə verilməsi ilə aparılmışdır. Etibarnamə 6 ay müddətində veridiyi üçün son müddət 27 yanvar 2023-cü il tarixi olduğuna görə, etibarnamənin təmsilçilik funksiyası daşıması səbəbi ilə təbii ki, Elçin avtomobili öz adına rəsmləşdirə bilməzdi. Qardaşların bir-birinə qarşı ailə münasibətlərindən irəli gələn etibar və güvənləri, eləcə də əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsi baxımından belə hüquqi vəziyyətdə görünüş üçün xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlamaları istisna hal deyil. -Elman və Sunarın ailə münasibətlərinin bərpa olunmaz dərəcədə pozulması vəziyyətində mülkiyyətini müdafiə etmək üçün Cavabdeh2 xx.xx.2023-cü il tarixdə alğısatqı müqaviləsi bağlamaqla avtomobili öz adına rəsmləşdirməsi də başadüşülən haldır. -Cavabdeh2 “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili ailə ehtiyaclarını təmin etmək üçün qardaşı Cavabdeh1 idarə etmək üçün verməsi qardaşlar arasında mehriban ünsiyyətə, maddi yardıma görə mümkün haldır. -“KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil satın alınmazdan əvvəl Cavabdeh2 tərəfindən bankdan 7000 manat məbləğində kredit götürülmüşdür. Kreditin götürülməsi və məbləği avtomobilin alınma tarixi və dəyərinə uyğun gəlir. Bu baxımdan avtomobilin Cavabdeh2 tərəfindən və onun şəxsi qazancı hesabına alınması şübhə doğurmur. -Avtomobil həqiqətən Cavabdeh1 tərəfindən alınmış olsaydı, ümumi etibarnamənin əvvəlcə Cavabdeh2 adına verilməsinə zərurət də yox idi, həmin etibarnaməni Cavabdeh1 birbaşa öz adına ala bilərdi. Bundan başqa ümumi etibarnamə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 yalnız avtomobilin idarə edilməsi üçün etibarnamə verməsi halı da, əsas sərəncam hüququnun Cavabdeh2 aid olmasını təsdiq edir və bu hal avtomobilin faktiki olaraq həmin vaxt Cavabdeh2 məxsus olmasını təsdiq edir. Bundan başqa məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırıbmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərflər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci ıl 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və İ.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları) Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-405.2-ci maddələrinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasəm müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, əqdin yalan olubolmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə məhkəmə işin faktiki hallarına əsasən yekunda bu nəticəyə gəlmişdir ki, iddiaçının birgə mülkiyyətə əsas hesab etdiyi xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi görünüş üçün Elçin və Elman arasında bağlanmış müqavilə olmuşdur, faktiki olaraq heç bir hüquqi nəticə yaratmadığına görə, avtomobilin məhz həmin müqavilə əsasında birgə mükiyyətə aid edilməsi üçün də əsas ola bilməz. Bütün qeyd olunanlar ümumiləşdirildikdə belə nəticəyə gəlməyə əsas vardır ki, mübahisəli avtomobilin İddiaçı və Cavabdeh1 birgə təsərrüfat hesabına əldə etdikləri qazancla alınması sübuta yetmir. Faktiki hallar baxımından avtomobilin birgə nikah dövründə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydə alınması, alğı-satqı müqaviləsinin tərəfinin Cavabdeh1 olması ər-arvadın ümumi birgə mülkiyyətlərinin əmələ gəlməsinə əsas ola bilməz, istinad olunmuş Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənası tələb edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün hər şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Göründüyü kimi, hər iki şərtin birlikdə mövcudluğu şərtdir və qeyd olunan şərtlər işin faktiki hallan ilə təsdiq olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin birgə qazanc hesabına əldə olunması öz təsdiqini tapmadığına görə, 01 iyun 2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığına hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80.. 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bır tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir, işdə olan sübutlar əsasında işə baxmaq mümkün oimadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki. onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə İsə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir, Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarım yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli oları hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş nəqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutiəna əsaslandırır. (MPM-in 9.1, 9.3, 217.1- 217.4- cü maddələri). Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin izahatları ilə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “KİA RİO” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində İddiaçı və Cavabdeh1 hər birinin 1/2 hissədə pay hüquqlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-182/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-182/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver