Məhkəmə qərarları › İş №2(050)-1828/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1828/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1828/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh təbiətə vurulmuş ziyana görə 5700 manat pul tələb etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Masallı rayonu Çaxırlı kəndi ərazisində, “Möcüzə Palace” şadlıq evinin qarşısında palıd cinsindən olan köküstə yaş ağacların kök boğazından kəsilməsi və kötüklərinin üstünün üzlük daşları ilə örtülməsi faktı aşkar olunmuşdur. Aparılan araşdırma zamanı “Möcüzə Palace” şadlıq evinin Masallı rayonu Çaxırlı kənd sakini X1 məxsus (VÖEN nömrəsi **********) olduğu müəyyən olunmuşdur. “Möcüzə Palace” şadlıq evinin yerləşdiyi torpaq sahəsinin ümumi ərazinin 0,60 ha olmaqla torpaq sahəsinin mülkiyyət növünün xüsusi olduğu, həmçinin digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla sahibkarlıq məqsədi ilə istifadə edildiyi məlum olmuşdur. Gülnarə Əliyevanın xx.xx.2019-cu il tarixli AR-İ 755056 nömrəli Etibarnaməsi ilə bütün əmlakının idarə edilməsinin Masallı rayonu Çaxırlı kənd sakini Cavabdeh verildiyi məlum olmuşdur. Əraziyə dəvət olunan Cavabdeh yazılı izahat verməkdən imtina etmiş və şifahi olaraq bildirmişdir ki, həmin ağacları aşma təhlükəsi olduğuna görə kəsmişlər. Araşdırmanı davam etdirməkdən və üzlük daşların altında olan kəsilmiş ağacların dib kötüklərini üstünün təmizlənməsi üçün əraziyə Masallı RİHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X4 və Masallı rayonu Çaxırlı bələdiyyəsinin sədri X3 dəvət edilmişlər. Cavabdeh və digər vətəndaşların iştirakı ilə “Möcüzə Palace” şadlıq evinin qarşında olan kəsilmiş ağacların kötüklərinin özərinə yeni döşənmiş üzlük daşları səliqəli şəkildə, sındırılmadan təmizlənmiş və orada yeni kəsilmiş palıd cinsindən olan köküstə yaş ağacların kəsilmiş kötükləri aşkar olunmuşdur. Aşkar olunmuş ağacların dib kötüklərinin üzərinə sement qum qarışığı töküldüyündən baxış keçirilməsindən ötrü həmin kötüklər su ilə yuyularaq təmizlənmişdir. Baxış keçirilərkən sözügedən ərazidə palıd cinsindən olan 35 sm dm-də 1 ədəd, 61 sm dm-də 1 ədəd, 65 sm dm-də 1 ədəd, 70 sm dm-də 1 ədəd, 79 sm dm-də 1 ədəd cəmi 5 ədəd köküstə yaş ağacların kök boğazından kəsilərək məhv edildiyi, gövdələrinin ərazidən aparıldığı və sonradan üstünün üzlük daşları ilə örtüldüyü müəyyən edilmişdir. Bununla da, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” və xx.xx.2014-cü il tarixli “Yaşıllıqların mühafizəsi haqqında” qanunların tələblərinin pozularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsəsən 5 ədəd köküstə yaş palıd cinsindən olan ağacların kök boğazından kəsilərək məhv edilməsinə görə təbiətə dəymiş ziyan məbləği 7700 manat hesablanmışdır. Araşdırmanın nəticəsi barədə xx.xx.2023-cü il tarixli 78994 saylı akt tərtib olunmuşdur. İdarə tərəfindən Cavabdeh təbiətə dəymiş ziyanın könüllü olaraq ödəməsi barədə məktub ünvanlanmasına baxmayaraq, Cavabdeh dəyrniş ziyanı 2000 manatını könüllü olaraq ödəmiş və 5700 manatını ödəməmişdir. Odur ki, həmin məbləğin cavabdehdən tutulması xahiş olunur. İddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğuz izahat verərək, cavabdehin ağacları qanunsuz kəsməsi faktı üzrə barəsində cinayət işi açılmış, cinayət işinə məhkəmədə baxılaraq onun təqsirli olması ilə bağlı ittiham hökmü çıxarılmışdır. Ona görə də maddi ziyanla bağlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək dəymiş ziyanı maddi imkanı olmadığından ödəyə bilməməsini bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tətqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir: Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 78994 saylı aktın surətindən görünür ki, Masallı rayonu Çaxırlı kəndi ərazisində, “Möcüzə Palace” şadlıq evinin qarşısında palıd cinsindən olan 35 sm dm-də 1 ədəd, 61 sm dm-də 1 ədəd, 65 sm dm-də 1 ədəd, 70 sm dm-də 1 ədəd, 79 sm dm-də 1 ədəd cəmi 5 ədəd köküstə yaş ağacların kök boğazından kəsilərək məhv edildiyi, gövdələrinin ərazidən aparıldığı və sonradan üstünün üzlük daşları ilə örtüldüyü müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli AR-İ 755056 nömrəli Etibarnamənin surətindən görünür ki, Masallı rayonu Çaxırlı kənd sakini X2 bütün əmlakının idarə edilməsini Masallı rayonu Çaxırlı kənd sakini Cavabdeh etibar etmişdir. xx.xx.2023-cü il tarixli 78994 saylı aka əsasən dəymiş ziyanın hesablanması haqqında cədəldən görünür ki, palıd cinsindən olan 35 sm dm-də 1 ədəd ağac -350 manat, 61 sm dm-də 1 ədəd ağac-1450 manat, 65 sm dm-də 1 ədəd ağac-1650 manat, 70 sm dm-də 1 ədəd ağac-1900 manat, 79 sm dm-də 1 ədəd ağac-2350 manat dəyərində qiymətləndirilmişdir. Təbiətə dəymiş ziyan ümumilikdə 5 ağaca görə cəmi 7700 manat hesablanmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-204/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5700 manat maddi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, cavabdehin iddianı etiraf etməsini qəbul edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə qeyd edir ki, maddi ziyanın cavabdehdən tələb olunması üçün onun qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə mövcud olmuş, bu səbəbdən də onun barəsində məhkəmənin hökmü ilə cəza təyin edilmişdir. Eyni zamanda cavabdeh maddi ziyan vurmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin olunduğuna görə iddianın qiyməti olan 5700 manat üçün ödənilməli olan 77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təqsiri nəticəsində vurulmuş 5700 manat maddi ziyan ondan alınaraq iddiaçı Azəbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Ödənilməli olan 77 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar