Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1829/2024 16.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı böyük icra məmuru X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 2277.40 manat pulun tutularaq, İddiaçı hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz etmiş və məhkəmənin 10 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 1(050)- 153/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən xx.xx.1994-cü il təvəllüdlü, Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş və Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş, hökmün icrası ilə bağlı məhkumun yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsinə bildiriş göndərilmiş, məhkum İddiaçınə gəlmiş, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları ona izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeha xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi (ENV) tətbiq edilmiş, ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri məhkuma izah edilmiş, xx.xx.2023-cü il tarixli protokola əsasən məhkum Cavabdeha 34614175 nömrəli “ATTENTİ SMART” markalı elektron nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyası və kitabça təhvil verilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəza müddəti bitdiyi üçün ENV xx.xx.2024-cü il tarixdə İddiaçındə çıxarılmış, lakin məhkuma təhvil verilmiş elektron nəzarət vasitəsinə baxış keçirərkən, ona müəyyən ziyan vurulduğu aşkar edilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, mobil qurğu sındırılmış, təmiri mümkün deyil və istifadəyə tam yararsız hala düşmüşdür. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. İddiaçı böyük icra məmuru X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirdi ki, iddianı qəbul etmir, o, qurğunu yarasız hala salmamışdır. Qurğu təhvil verilərkən işlək vəziyyətdə olmuşdur. Sadəcə enerji saxlamağında problem olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-153/2023 saylı hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə elektron nəzarət qurğusu və digər cihazlar ona tətbiq olunmuş və o, qanuna müvafiq qaydada cəzasını icra etmiş, heç vaxt cəzanın icrasından yayınmamışdır. Cəzanın icrasına icra məmuru Vüqar Əsədov tərəfindən nəzarət olunmuş və cəzanın icrası bitdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə sağlam vəziyyətdə həmin cihazları Vüqar Əsədova təhvil vermişdir. Təhvil verilən zaman cihazda hər hansı qüsur olmamış, cihazı işlək və sağlam vəziyyətdə təhvil vermişdir. İddia ərizəsində qeyd olunur ki, mobil qurğu sındırılmış və istifadəyə yararsız hala düşmüşdür. Halbuki, həmin qurğunu Vüqar Əsədov ondan təhvil almış və həmin zaman heç bir qüsur olmamışdır. Bundan başqa əgər qurğu sındırılmış olsaydı cəzanın icrası müddət ərzində ona xəbərdarlıq olunardı, onun barəsində tədbir görülərdi, o, icra müddəti ərzində cəzanı tam olaraq çəkmişdir, hər hansı pozuntu olmamış və qurğuya normal qulluq etmişdir. Hazırda ondan əsassız olaraq 2277.40 manat pul tələb olunur. Ümumiyyətlə belə vəziyyət çox zaman qaz sayğaclarında olur ki, qaz idarəsinin əməkdaşları sayğacı aparırlar, sonra deyiriər ki, sayğaca müdaxilə olunub və cərimə yazırlar. Hazırkı vəziyyətdə ona oxşayır, lakin o, həmin qurğunu sındırmamış, qurğu sınıbsa belə onun günahı yoxdur, bəlkə qurğunu idarənin əməkdaşları özləri qəsdən sındırıblar, necə müəyyən olunur ki, həmin qurğu sınmışdır və həmin sınıq onun tərəfindən olmuşdur. O, qurğunu sağlam vəziyyətdə təhvil vermiş, heç bir sınığı olmamış və işlək vəziyyətdə olmuşdur. Qüsur aktı xx.xx.2024-cü il tarixdə tərtib olunmuş, o, isə cihazı xx.xx.2024-cü il tarixdə təhvil vermişdir, 2 ay keçdikdən sonra cihazı kimin sındırmağının ona aidiyyəti yoxdur. Bəlkə cihaz kiminsə əlindən düşüb sınmış, bəlkə cihazı kimsə qəsdən sındırmışdır. Bunun ona heç bir aidiyyəti yoxdur və o, məsuliyyət daşımır. Ümumiyyətlə onun heç bir günahı və təqsiri yoxdur, onun təqsiri olmadığı üçün ona dəymiş ziyana görə məsuliyyət daşıya bilməz. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-153/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılması, cəzanın əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması hökm edilmişdir. İşdə olan elektron nəzarət vasitəsininin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli texniki baxışa dair ED 000528 saylı Mütəxəssis Rəyindən görünür ki, qurğu sındırılıb, təmiri mümkün deyil və istifadəyə tam yararsız hala düşmüşdür. İşdə olan arayışdan görünür ki, elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydə göstərilir ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, qurğu sındırılmış, təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. İşin məhkəmə tərəfindən araşdırılmış və iş materiallarında olan sübutlarla tədqiq edilmiş hallarından görünür ki, Cavabdeh Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar elektron nəzarət vasitəsi verilmiş və həmin elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması, ona xidmət qaydaları izah edilmiş, həmçinin həmin elektron nəzarət vasitəsinin zədələnməsi və yararsız hala düşməsi zamanı dəyərinin ondan tutulacağı barədə məlumatlandırılmışdır. Lakin cavabdeh bu qaydalara əməl etməmiş, elektron nəzarət vasitəsi təhvil verilərkən onun yararsız vəziyyətdə olması barədə texniki rəy verilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, qurğunu yarasız vəziyyətə salmadığı barədə izahat versə belə, cavabdehin izahatı, habelə iddia tələbinə etiraz ərizəsində qeyd etdiyi məqamlar iş materiallarında olan sübutlar və işin halları ilə mütənasiblik təşkil etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələləbi əsaslıdır və təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə məhkəmə hesab edir ki, 42.77 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat maddi zərər tutularaq, İddiaçı hesabına ödənilsin. Cavabdeh 42.77 manat dövlət rüsumu dövlət gəlirlərinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1829/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1829/2024
16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver