Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-184/2023 10.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Cavid İbrahim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2200 manat və 42 manat dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə hazırlıq iclasında Azərbaycan Respuiblikası MPM-in 53-cü maddəsinə əsasən iddianın həcmini azaltmış və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2090 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə mülki işə həmin tələb üzrə mahiyyəti üzrə baxmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun həmkəndliləridirlər. Qasid və Nasir qardaşları Bakı şəhərində dəmir alqısatqısı ilə məşqul olur, özü isə dəmirçi işləyir. Bu səbəbdən onlardan bir neçə dəfə dəmir almışdır. 12 iyun 2021-ci il tarixdə Qasid ona zəng edərək onun üçün dəmir göndərmək istədiyini və dəmiri göndərmək üçün 100 manat pul göndərməsini bildirmişdir. Bundan sonra o, Qasidin bank hesabına “Milliön” ödəmə terminalı vasitəsi ilə 100 manat göndərmişdir. 30 iyun 2021-ci il tarixdə isə 50 manat pulu Qasidin yaşadığı evdə aparıb vermişdir. Bundan sonra Qasidə zəng edərək göndərdiyi 150 manat pulun əvəzində ona dəmir göndərəcəyini bildirmiş, Qasid isə ona səhəri gün Bakı şəhərindən gələrkən dəmirləri özü ilə gətirəcəyini bildirmişdir. 01 iyul 2022-ci il tarixdə Qasidlə əlaqə saxlamış və Qasid ona dəmirlərin dalınca mütləq olaraq pzünün gəlməsini bildirmişdir. Qasidin qardaşı Nasir isə ona zəng edərək Bakı şəhərinə gələrkən dəmirlər üçün əlavə 1200 manat pul gətirməsini bildirmişdir. Həmin gün Bakı şəhırinə gedib onlarla Xalqlar Dostluğu metrosunun yanında görüşmüş və 1200 manat pulu Nasirə vermişdir. Nasir ona gecənin onların yanında qalmasını, sabah onlarla birlikdə Masallı rayonuna qayıdacaqlarını bildirmiş və həmin gün axşam yeməyi üçün onlara 100 manat pul xərcləmişdir. 02 iyul 2022-ci il tarixdə Nasir ona dəmiri satan adamın bazar günü olması səbəbindən işləməməsini, dəmir üçün sabah gəlmələrini demişdir. O, Qasilə birlikdə yaşadığı Mollaoba kəndində gəlmiş, həmin gün saat 17 radələrində yenidən Qasidə 200 manat pul vermişdir. 03 iyul 2022-ci il tarixdə isə Qasidə 100 manat pul vermişdir. Qasidin ona əvvəldən 541 manat borcu olmuşdur. Həmin vaxtdan Qasid və Nasir qardaşlarına mütəmadi olaraq zəng edərək 2190 manat pulunun qaytarılmasını tələb etsə də, hazırkı vaxtadək onun pulunu qaytarmamışlar. Onlardan pulunu istədiyi üçün Qasid onu ölümlə hədələdiyindən, bu barədə Masallı RPŞ-yə müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı Nasir dindirilmiş və onun qardaşı Qasidin ona borcu olduğunu etiraf etmişdir. Lakin Qasid təhqiqatçının çağırışlarından yayındığı üçün onun izahatını almaq mümkün olmamışdır. Təhqiqatçı araşdırmanı bitirərək, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsini bildirmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq ərizə təqdim edərək, cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün, işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirərək, qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını məqsəduyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cinayət işi başlanmasının rədd edilməsi haqqında Masallı RPŞ-nin 25 may 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı 15 may 2022-ci il tarixdə Masallı RPŞ-nə müraciət edərək, həmkəndlisi Qasid adlı şəxsdən dəmir almaq məqsədi ilə ona 2200 manat pul verməsi, Qasid ona dəmir almamış, yaxud pulunu geri qaytarmamış, Qasiddən pulu istədikdə onu öldürəcəyi ilə hədələməsi barədə məlumat vermişdir. İş üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “e-Manat” ödəniş terminalının qəbzindən görünür ki, X2 adına olan 52********792977 nömrəli kart hesabına 101 manat mədaxil edilmişdir. 15 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 42 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qiyabi icraat qaydasında tədqiq olunmuş sübutlarla kifayətlənərək belə nəticəyə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı almış olduğu materiallara görə ona 2090 manat pul borclu qalmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin pulun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 385.2-ci maddələrində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1. və 777.2.-ci maddələrinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1. və 779.1.-ci maddələrinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi olmuşdur. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdehlər razılaşmanın şərtlərini pozaraq, tapşırığı icra etməmişdir, ona görə də ödənilmiş 2090 manat pulu tələb etməkdə iddiaçı haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1.-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qiyabi icraat qaydasında müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla kifayətlənərək belə hüquqi nəticəyə gəlir ki, 2090 manat pul və 42 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 244, 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2090 manat və dövlət rüsumuna görə ödənilmiş 42 manat müştərk qaydada alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, cavabdehlərin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə və ya bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayət verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-184/2023
Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(050)-184/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver