Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1852/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 dekabr 2012-ci il təvəllüdlü X10 və 03 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində alimentin tutularaq ona ödənilməsi və mediasiya xərcinə görə 50 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 03 dekabr 2012-ci il təvəllüdlü X10 və 03 aprel 2014-cü il təvəllüdlü X8 adlı övladları olmuşdur. Münasibətləri pozulduğundan Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmış, uşaqların saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment tutulmuşdur. Tutulan aliment uşaqların maddi ehtiyaclarını qarşılamır. Cavabdeh uşaqların təhsili və tərbiyəsi ilə maraqlanmır və uşaqların saxlanmasına əlavə heç bir maddi yardım göstərmir. Odur ki, yenidən məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında bildirdi ki, rəsmi iş yeri yoxdur. Gözəllik salonunda dırnaq ustası kimi işləyir. İş olanda gördüyü işin faizini alır. Uşaqlar məktəblidir, həmçinin hazırlığa və idmana gedirlər. Alimentin miqdarı az olduğundan uşaqların xərclərinə kifayət etmir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, AAYDA "xxxx" MMC-də fəhlə işləməklə 400 manat əmək haqqı alır. Bundan başqa iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuş və həmin evlikildən bir övladı vardır. Aldığı 400 manat əmək haqqı beş hissəyə bölünür. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(050)-2239/2019 saylı qətnaməsindən görünür ki, 03 dekabr 2012-ci il təvəllüdlü X10 və 03 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikah qeydi Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə ləğv edilmişdir. Nikah pozulduqdan sonra qadına Əzizova soyadı verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “fəhlə” vəzifəsində işləyir və əmək haqqısı 438 manatdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 03 dekabr 2012-ci il təvəllüdlü X4 və 03 aprel 2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası Mirzəyeva Qıztamamdır. Doğum haqqında şəhadətnamədən görünür ki, 29 aprel 2021-ci il təvəllüdlü X5 atası X12, anası X6r. Ə.Məmmədov adına 220 nömrəli məktəb-lisey tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, X10 məktəb-liseyin 6d sinifində X8 məktəb-liseyin 4ç sinifində təhsil alırlar. Ödəniş qəbzindən görünür ki, İddiaçı İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(050)-2239/2019 saylı qətnaməsinin qəbulundan 4 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşaqların böyüdükcə artan tələbatlarını, dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, diqqətəlayiq digər halları, eləcə də uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumu ilə müəyyən edilmiş məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclası zamanı təqdim etdiyi doğum haqqında şəhadətnamə ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il təvəllüdlü X11 qeyri rəsmi nikahdan doğulduğundan uşağın atası qrafasında uşağın atası kimi X12 qeyd edilmişdir. Cavabdeh qeyd edilən uşağın onun qeyri rəsmi nikahdan doğulmuş uşağı olduğunu, onun da xərclərini ödədiyini, bu səbəbdən aliment müəyyən edilərkən nəzərə alınmasını xahiş etmişdir. Doğum haqqında şəhadətnamə ilə aşkar edilir ki, X11 qeyi rəsmi nikahdan doğulmuş və onun atalığı qanuni qaydada tanınmamışdır. Nə qədər ki, uşağın atalığı qanunla müəyyənləşdirilmiş qaydada təsdiq edilməmişdir, məhkəmə Cavabdeh uşağın atası kimi (valideyni) qəbul etmir, həmin uşaq onun himayəsinə olmuş olsa da, həmin uşağın saxlanması üçün öhdəlik daşıması halını onun maddi vəziyyətini çətinləşdirən vəziyyət kimi qəbul etmir. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Qeyd edilən məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Qeyd edilən normaların tələblərinə əsasən Cavabdeh atalığı müəyyən edilmədiyindən məhkəmə onun həmin uşağın onun himayəsində olmasını və onun maddi öhdəliklərini yerinə yetirməsi vəzifəsinin olmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 235 manat manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(050)-2239/2019 saylı qətnaməsi ilə 03 dekabr 2012-ci il təvəllüdlü X10 və 03 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla iki uşaq üçün 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1852/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1852/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver