Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1872/2023 05.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay uşaq üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(50)-4787/2016 saylı qətnaməsi ilə kəsilmiş 70 manat alimentin miqdarının artırılaraq 300 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından üç övladları olmuşdur. Uşaqları xx.xx.2002-ci il təvəllüdlü X15, xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X3r. Cavbadehlə münasibətləri pozulduğundan Masallı Rayon Məhkəməsinin xx.xx.2016ci il tarixli 2(050)-4787/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqları onun himayəsində qalmışdır. Uşaqların saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün 70 manat, cəmi 210 manat aliment tutulmuşdur. Uşaqların ikisi yetkinlik yaşına çatmış və onların alimenti dayandırılmışdır. Axrıncı övladı Tamella Şahverdiyevaya verilən 70 manat aliment onun maddi tələbatını qarşılamır. Cavabdeh uşağın təhsil, tərbiyəsi ilə heç vaxt maraqlanmır və uşağın saxlanmasına əlavə heç bir maddi yardım göstərmir. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. Odur ki, alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda himayəsində olan və yetkinlik yaşına çatmayan Tamella adlı uşağın gözlərində problem vardır, həkim yoxlanışları 250 manat tutur və həkimlərin dediyinə görə artıq uşağın əməliyyata ehtiyac vardır. Həmçinin, 7 ildir ki, uşaqları o, özü işləyərək qazandığı pulla saxlayır. Hazırda himayəsində olan uşağın xəstə olmasını nəzərə alınaraq iddianın tam olaraq təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda maddi imkanı yaxşı deyildir. Belə ki, ikinci dəfə evlənmiş və həmin evlilikdən bir nəfər uşağı vardır. Hazırda kirayədə qalır və aylıq 350 manat maaş alır. Odur ki, qətnamə çıxarılarkən qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(050)-4787/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında Masallı rayon qeydiyyat şöbəsində xx.xx.2003-cü il tarixdə 28 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2002-ci ildə anadan olmuş X12 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, xx.xx.2002-ci ildə doğulmuş X15, xx.xx.2003-cü ildə doğulmuş X8 və xx.xx.2006-cı ildə doğulmuş X5 anaları X4 himayəsində və yanında saxlanılması, xx.xx.2002-ci ildə doğulmuş X15, xx.xx.2003-cü ildə doğulmuş X8 və xx.xx.2006-cı ildə doğulmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 70 (yetmiş) manat, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X6 ödənilməsi, alimentin tutulması 09 sentyabr 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İş materillarına əlavə edilmiş Bakı Baş Səhiyyə X17 Şəxsi 13 X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə doğulmuş X5 “Yüksək dərəcəli miopik astiqmatizm” diaqnozu ilə müalicə olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Yuxarıda qeyd edilən halla bağlı məhkəmə qeyd edir ki, 27 mart 2006-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatmamışdır, göz xəstəliyi ilə əlaqədar mütəmadi müalicə olunur, göz əməliyyatına və əlavə müalicəyə ehtiyacı var, əvvəlki qətnamə ilə müəyyən edilmiş 70 manat aliment hazırki şəraitdə uşağın saxlanması, müalicəsi, təhsilinin davam etdirilməsi üçün yetərli deyildir, ona ğörə də məhkəmə uşaqın qanunla qorunan mənafelərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat həddində müəyyən edildiyindən, cavabdeh digər iki uşağa görə aliment öhdəliyindən azad olunduğundan bir uşağa görə alimentin miqdarı artırılaraq 220 manat müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, məhkəmə qətnaməsi ilə üç nəfər uşaqların saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün 70 manat, cəmi 210 manat aliment tutulmuşdur, iddiaçı uzun müddət yəni 2016-cı ildən alimentin miqdarının artırılması barədə iddia irəli sürməmiş, hazırda uşaqların ikisi yetkinlik yaşına çatmışdır və onların alimenti dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edildiyindən artırılmış alimentin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə; Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı rayon məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(050)- 4787/2016 saylı qətnaməsi ilə 27 mart 2006-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilərək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1872/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1872/2023
05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver