Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-19/2023 14.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X2nın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 102000 manat əsas, 17340 manat faiz və 408 manat ödənilmiş dövlət rüsumu, cəmi 119748 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 92200 manat əsas, 17340 manat faiz və 408 manat ödənilmiş dövlət rüsumu, cəmi 109948 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə və cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2019-cu ildə kredit müqaviləsi əsasında Cavabdeh 102000 manat (60000 ABŞ dolları) məbləğində pul vermişdir. Qeyd edilən kredit müqaviləsi 12 sentyabr 1019-cu il tarixdə 11 saylı notariat kontorunda bağlanmaqla rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin şərtinə görə cavabdeh xx.xx.2019-cu il tarixədək aldığı pulu tam olaraq qaytarmalı idi. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra 9800 manat pul ödəmişdir. Bu səbəbdən 92200 manat əsas, uzun müddət pulu saxladığı üçün Mərkəzi Bankın müəyyən etdiyi illik uçot faiz dərəcəsinə uyğun 17340 manat faiz və 408 manat ödənilmiş dövlət rüsumu, cəmi 119748 manat pul tələb edir. Bundan başqa, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri var. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431, 442, 448.1, 449.1, 449.2, 739-cu maddələrinə, müqavilə müddəalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə istinad etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, 17340 manat faiz borcu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən tələb edilir. İddia verilən günə bank uçot dərəcəsi 7,5 faiz olmuşdur. Ekspert rəyi ilə də sübut olunur ki, "xxxx" ASC-nin “Binəqədi” filialından 102000 manat məbləğində pulun götürülməsi ilə bağlı tərtib edilmiş seriya MUĞ, 464843 saylı məxaric çekində “Məbləği aldım” qeydinin önündəki imza Cavabdeh məxsusdur. Sonda Vəkil1 cavabdehdən iddiaçının xeyrinə 92200 manat əsas, 17340 manat faiz və 408 manat ödənilmiş dövlət rüsumu, cəmi 109948 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə və cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək, bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs iddiaçıdan pul almamışdır. Tərəflər arasında mal alğı-satqısı olmuş, cavabdeh iddiaçıdan mal almış və həmin mallar hazırda da mövcuddur. 12 sentyabr 2019cu ildə kredit müqaviləsi başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Şahidin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Sonda Vəkil2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, MUĞ, 464843 saylı məxaric çekində “Məbləği aldım” qeydinin önündəki imzanın ona tərəfindən çəkilib-çəkilməməsi yadında deyil. Ona pul verilməmiş, Bankdan pul götürməmişdir. İdddiaçı ilə aralarında mal alğısatqısı ilə bağlı münasibətləri olmuş, aldığı mallara görə iddiaçıya 35000 manat pul verməlidir. Həmin mallar anbardadır. 12 sentyabr 1019-cu il tarixli müqavilə başqa bir müqaviləni pərdələmək üçün bağlanmışdır. Ona zorakılq olunmuş və müqavilə bağlamışdır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Reyestrdə 3M-1384 reyestr nömrə ilə qeydə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 Cavabdeh 102000 manat (60000 ABŞ dolları ekvivalentində) məbləğində borc pul vermək, sonuncu isə aldığı borc məbləğini xx.xx.2019-cu il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli mədaxil orderindən görünür ki, X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 102000 manat pulu notariusun "xxxx" ASC-nin “Binəqədi” filialın yerləşən hesabına qoymuşdur. xx.xx.2019-cu il tarixli, seriya MUĞ, 464843 saylı məxaric çekindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 102000 manat pulu qəbul etmişdir. 29 dekabr 2022-ci il tarixli, 4/1540 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, "xxxx" ASC-nin “Binəqədi” filialından 102000 manat məbləğində pulun götürülməsi ilə bağlı tərtib edilmiş MUĞ 464843 saylı xx.xx.2019-cu il tarixli çekin arxa hissəsində “Çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh və onun vəkili xx.xx.2019-cu il tarixli müqavilənin başqa bir əqdi pərdələmək və ya zorakılıq təsiri aldında bağlanmasını bildirsələrdə həmin hallar təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Ümumiyyətlə cavabdeh məhkəmə iclasında mübahisə ilə bağlı fərqli-fərqli mövqelər ortaya qoymuşdur. Məsələn, onun tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, "xxxx" ASC-nin “Binəqədi” filialı tərəfindən məhkəməyə təqdim edilmiş seriya MUĞ, 464843 saylı məxaric çekində ona məxsus yazı və imza yoxdur. Həmin məsələnin aydınlaşdırılması ilə bağlı onun vəsatəti əsasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 29 dekabr 2022-ci il tarixli, 4/1540 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC-nin “Binəqədi” filialından 102000 manat məbləğində pulun götürülməsi ilə bağlı tərtib edilmiş MUĞ 464843 saylı xx.xx.2019-cu il tarixli çekin arxa hissəsində “Çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspert rəyi tərəflərə göndərildikdən sonra növbəti məhkəmə iclasında cavabdeh bildirmişdir ki, MUĞ, 464843 saylı məxaric çekində “Məbləği aldım” qeydinin önündəki imzanın ona tərəfindən çəkilib-çəkilməməsi yadında deyil, ona zorakılıq olunmuş və müqavilə bağlamışdır. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin müqavilədə müəyyən edilmiş vaxtadək ödənilməsini təmin etməmişdir. Məhkəmə iddianın təmin edilməyən Azərbaycan Respublikası Mülki Məcəllənin 449cu maddəsinin tələbinə uyğun olaraq hesablanmış 17340 manat faiz pulun tutulması hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı borcun gecikdirilməsi nəticəsində cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Ona görə də məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir. Bununla yanaşı, məhkəmə iddiaçıya izah edir ki, o, borclunun icranı gecikdirməsi nəticəsində (MM 445) zərər vurulduğunu etdiyi halda bu barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iddiaçının cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxarılması barədə tələbinə münasibətdə bildirir ki, tərəflər arasında baş vermiş münasibətlər mülki xarakterli olmuş, cavabdeh iddiaçının etibarından sui-istifadə etməmiş və ya onun aldatmamışdır. Bununla yanaşı, məhkəmə iddiaçıya izah edir ki, cavabdehin əməlində onun qanuni mənafeyinə toxunan hüquqazidd hərəkətin edilməsini iddia etdiyi halda bu barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 408 manat məbləğində pul vəsaitinin 315,21 manat məbləğində hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçıya aid edilməli, ekspertiza cavabdehin vəsatəti əsasında təyin edildiyindən və ekspert rəyi onun tələbini təsdiq etmədiyi üçün iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 92200 manat məbləğində pul və 315,21 manat dövlət rüsumu tutularaq X1 ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 92200 (doxsan iki min iki yüz) manat məbləğində pul və 315 (üç yüz on beş) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu tutularaq X1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-19/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-19/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver