Məhkəmə qərarları › İş №2(050)-1914/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1914/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1914/2024 08.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2 (050)-248/2021 saylı qətnaməsi ilə 04 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 110 (yüz on) manat alimentin miqdarının artıraraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinə dair ödədiyi 60 (altımış) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikaha daxil olaraq nikahlarını 30 avqust 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 oktyabr 2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2 (050)-248/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, 04 oktyabr 2012ci il təvəllüdlü X2 onun himayəsində qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2 (050)-248/2021 saylı qətnaməsi ilə təyin olunmuş 110 manat aliment uşağın tələbatlarını təmin etmir. Belə ki, uşaq üçün normal şəkildə paltar ala bilmir, gündəlik yemək xərclərini çatdıra bilmir, uşağın təlim-tərbiyyəsi və təhsili ilə özü məşğul olduğu üçün heç bir yerdə işləmir. Cavabdeh uşağın saxlanılması üçün ona əlavə heç bir maddi və mənəvi yardım etmir. Ümumiyyətlə uşağın sağlamlığı, istirahətinin təşkili, dünya görüşünün artırılması, küyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması ilə maraqlanmır. Hazırki, iddia tələbi ilə bağlı ilkin olaraq mediasiya şurasına müraciət etmiş, lakin, cavabdeh təyin edilmiş ilkin mediasiya sesiyasında iştirak etməmiş, mediator tərəfindən ilkin mediasiya sesiyasında cavabdehin iştirak etməməsi barədə arayış vermişdir. Ona görə də, məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 04 oktyabr 2013-cü ildə X3 adlı uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(050)-248/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında Masallı RİHB-nın Sığdaş Ərazi nümayəndəliyində bağlanmış 30 avqust 2012-ci il tarixli, 15 saylı nikah akt qeydinin pozulması, yetkinlik yaşına çatmayan uşaq 04 oktyabr 2013-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində və yanında saxlanılması və 04 oktyabr 2013-cü ildə anadan olmuş X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh 110 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə 04 oktyabr 2013-cü il təvəllüdlü X3 adlı bir nəfər uşaqları anadan olmuşdur. Sonradan tərəflər arasında olan münasibət pisləşmiş və Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(050)-248/2021 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Eyni zamanda həmin qətnaməyə əsasən 04 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin azyaşlı Aylinin saxlanılması üçün ödəməli olduğu aliment hazırda uşağın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi və mənəvi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Məhz bu səbəbdən də uşağın saxlanılmasında o da iştirak etməli və hazırki tələbatına uyğun aliment ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddiasına təxminən 3 il bundan əvvəl baxılaraq 110 manat aliment müəyyən olunduğundan, həmin vaxtdan hazırki dövrədək uşağın tələbatı artdığından, Masallı Rayon Məhkəməsinin Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(050)-248/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və 04 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh mediasiya prosesinə görə ödənilmiş 60 manat tutularaq İddiaçı verilməli və dövlət rüsumuna görə 41,60 manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(050)-248/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 04 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Masallı Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2 (050)-1914/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh mediasiya prosesinə görə ödənilmiş 60 (altmiş) manat tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh dövlət rüsumuna görə 41 (qırx bir) manat 60 qəpik tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar