Məhkəmə qərarları › İş №2(050)-1917/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1917/2023

07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1917/2023 07.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Astara Rayon Məhkəməsinin 21 yanvar 2020ci il tarixli, 2(018)-91/2020 saylı qətnaməsi ilə 23 iyun 2008-ci il təvəllüdlü X2 və 09 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə quraraq evlənmişlər. Birgə nikahlarından 23 iyun 2008-ci il təvəllüdlü X4 və 09 sentyabr 2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah pozulduqdan sonra Asrtara rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(018)- 91/2020 saylı qətnaməsi ilə 23 iyun 2008-ci il təvəllüdlü X2 və 09 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilməsi qeyd edilmişdir. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 120 manat alimentin məbləği artırılaraq bir uşağa görə 220 manat, cəmi 440 manat alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, heç bir yerdə işləmədiyini, maddi imkanının zəif olmasını bildirmiş, ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 23 iyun 2008-ci ildə, X5 09 sentyabr 2010-cu ildə doğulmuşdur. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Astara Rayon Məhəkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(018)-91/2020 saylı qətnaməsinin surətindən görünür ki, Astara Rayon Məhəkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(018)-1553/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, 23 iyun 2008-ci il təvəllüdlü X2 və 09 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına açatanadək saxlanılmaları üçün cavabdeh X1 hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, aliment tələbinə dair iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 23 iyun 2008-ci il təvəllüdlü X2 və 09 sentyabr 2010-cu il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini təhlil edərək qeyd edir ki, 2020-ci ilə münasibətdə hal-hazırda layiqli həyat səviyyəsinin şərtləri baxımından uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir və uşağın mənafeyi ilə əlaqədar onun əvvəlki həyat səviyyəsinin saxlanılması üçün həmin həddə maddi təminatla təmin olunması hüququ vardır. Ona görə də məhkəmə göstərilən əsasları iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, cavabdehin ailə və maddi vəziyyətini, diqqətəlayiq digər halları, eləcə də iddiaçının da müəyyən qədər uşağın saxlanılmasına görə maddi dəstək göstərməsini nəzərə alaraq, ödənilməli olan sabit pul məbləğində olan aliment miqdarı hissənin hər ay bir uşaq üçün 30 manat artırılmasını uşaqların və cavabdehin hüquq və mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 23 iyun 2008-ci il təvəllüdlü X2 və 09 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Astara rayon Məhkəməsinin 2(018)-91/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat aliment miqdarı artırılaraq, hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən olunsun və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar