Məhkəmə qərarları › İş №2(050)-1947/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1947/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1947/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2700 manat borcu pulun və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı şəhərində məişət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh 2023-cü ilin noyabr ayında ondan 3000 manat dəyərində 1 ədəd Samsung markalı soyuducu, Samsung markalı televizor və LG markalı paltaryuyan maşın almış, həmin əşyaların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini icra etməmiş və həmin puldan 300 manat ödəmişdir. Qalan 2700 manat pul isə ödənilməmişdir. Dəfələrlə Cavabdeh pulun ödənilməsi barədə xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Pulun ödənilməsi üçün Masallı Rayon Polis X1 Bölməsinə şikayət etmiş və izahatları alınmışdır. Cavabdeh 2700 manat borcu olmasını etiraf etmiş və qaytaracağını bildirmişdir. Bundan başqa onunla aralarında olan vatsap sosial şəbəkə yazışmalarında borcu olmasını etiraf etmişdir. Lakin, cavabdeh öhdəliyini icra etmək istəmir və pulu ödəmir. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin mövqeyi: Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, bildirdi ki, iddiaçıdan məişət texnikaları almışdır. Lakin, bir müddət sonra bıçaqlandığından səhhəti ilə əlaqədar işləyə bilməmiş, bu səbəbdən də borcunu qaytara bilməmişdir. Onun iddiaçıya 2700 manat borcu vardır. Hazırda işləməyə başlamış və borcunu iddiaçıya ödəyəcəyini bildirmişdir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işin faktiki hallarını və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əsaslandırıcı hissə: Belə ki, mülki işə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 3000 manat dəyərində məişət texnikalarını nisyə satmış, cavabdeh aldığı əşyaların dəyərini müəyyən vaxt çərçivəsində ödəmək şərti ilə ondan almışdır. Cavabdeh borcundan 300 manat ödəniş etmiş, qalan 2700 manat pulu qaytarmamışdır. Tərəflərin arasında iddia tələbi ilə bağlı mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, tərəflərin arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yarandığından mübahisənin maddi hüquqi əsası kimi aşağıdakı normalara istinad edilməklə mübahisəyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. -575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. -575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. -600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddiaçı razılaşdırılmış əşyaları cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə aldığı əşyaların dəyərini tam ödəməyərək, öhdəliyin lazımınca icra etməmişdir. Cavabdeh özü də izahatında iddia tələbini qəbul edərək, iddia tələbində qeyd edilən əşyaları nisyə ödəmək şərti ilə iddiaçıdan aldığını və hazırda 2700 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə bu səbəbdən də iddia tələbi üzrə hər hansı əsaslandırmanın aparılmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 2700 (iki min yeddi yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 47 (qırx yeddi) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 47 (qırx yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar