Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1973/2025 05.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1980 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun həmkəndlisidir. Cavabdehin özünə məxsus “Mercedes Benz” markalı **- CK-*** dövlət qeydiyyat nişanli avtomobili olmuş, həmin maşını kredit yolu ilə satdığından aralarında razılaşaraq ilkin 2000 manat olmaqla hər ay 330 manat cavabdehə ödəməsi barədə razılığa gəlmişlər. 2024-cü ilin iyun ayında cavabdehə 2000 manat ilkin ödəniş vermiş, daha sonra hər ay cavabdehin kart hesabına və özünə 330 manat ödəmişdir. Həmin aylıq ödənişlərdən 2 ayını əmisi Haqverdiyə vermiş, Haqverdi isə həmin pulu cavabdehə vermişdir. İşləri yolunda getmədiyindən 2024-cü ilin dekabr ayında aralarında narazılıq olmuş, Haqverdi ondan rayon polis şöbəsinə şikayət etmişdir. O da cavabdeh və əmisi Haqverdidən polisə şikayət etmişdir. O, avtomobilin alınması ilə bağlı cavabdehə ümumilikdə 3650 manat pul ödəmiş, onun şikayəti polisdə araşdırandan sonra ona 1310 manat qaytarmışlar. Maşının üzərində olan 360 manat cərimə həmin puldan çıxılmış və cavabdehin ona 1980 manat borcu qalmışdır. Həmin vaxtdan artıq neçə ay keçməsinə baxmayaraq cavabdeh ona ödəyəcəyi pulu geri qaytarmır. Odur ki, Cavabdeh 1980 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun həmkəndlisi, Cavabdeh isə doğma qardaşıdır. Təxminən bir il bundan əvvəl qardaşı Aruz mərhum atasından qalmış “Mercedes Benz” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı Rəşada satmış və aralarında olan razılaşmaya görə Rəşad Aruza ilkin olaraq 1000 manat pul verərək, qalan pulu da hər ay 330 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Aruz Rəşada etibar etmədiyi üçün avtomobili Rəşadın əmisi olan həmkəndliləri Haqverdi Ağaşovun adına rəsmləşdirmişlər. Rəşad aylıq ödənişdən 4-5 ay ödədikdən sonra pulu ödəmədiyi üçün Aruzla aralarında narazılıqları yaranmışdır. Bundan sonra Rəşad Haqverdi və Aruz barəsində polisə şikayət etmiş və bununla bağlı Masallı RPŞ-də araşdırma aparılmışdır. Həmin vaxt tərəflər arasında olan razılaşmaya əsasən Rəşad avtomobili Aruza təhvil vermiş, Aruz da avtomobilin cərimələrini çıxdıqdan sonra Rəşadın ona ödədiyi pulu tam olaraq qaytarmış və Rəşadda bu barədə olan ərizəsini təhqiqatçıya təqdim etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun ərinin döyüş yoldaşıdır. İddiaçının dediyinə görə, cavabdehin ona 2000 manat borcu vardır və sonuncu borcunu qaytarmaqdan imtina edir. O, avtomobilin alqı-satqısında və cavabdehə pul verilməsində iştirak etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun oğludur. O, öz pensiyasından topladığı 1980 manat pulu avtomobil alması üçün qaynı Haqverdi Ağaşovun evində oğlu Rəşada vermiş, sonuncu da həmin pulu Aruza vermişdir. Oğlu Rəşad 5 ay, hər ay 330 manat olmaqla Aruza pul ödədikdən sonra sonuncu avtomobilin qaytarılmasını tələb etmişdir. Bununla bağlı polis şöbəsində araşdırma aparılmış, oğlu Rəşad avtomobili təhvil versə də, Aruz Rəşadın pulunu tam qaytarmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşı oğlu, Cavabdeh isə həmkəndlisidir. Təxminən bir il bundan Cavabdeh mərhum atasından qalmış “Mercedes Benz” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı Rəşad Ağaşova satmış və aralarında olan razılaşmaya görə Rəşad Aruza ilkin olaraq 2000 manat pul verərək, qalan pulu da 16 ay müddətinə hər ay 330 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Aruz Rəşada etibar etmədiyi üçün avtomobili onun adına rəsmləşdirmişlər. Həmin vaxt iddiaçı ona bank kartı verərək göstərilən aylıq məbləği oradan çıxarıb cavabdehə verməsini bildirmiş, lakin həmin kartda heç vaxt pul olmamışdır. İddiaçı göstərilən məbləğin 4 ayını ödədikdən sonra 5-ci ayın ödənişini 6-cı ayda etmiş, bu səbəbdən tərəflər arasında narazılıq yaranmış və cavabdeh iddiaçıdan avtomobili qaytarmasını tələb etmişdir. Bundan sonra iddiaçı cavabdeh və onun barəsində Masallı RPŞ-yə müraciət edərək özünü və avtomobili yandıracağını bildirmişdir. Bu səbəbdən də onlar Masallı RPŞ-nə dəvət edilmiş və izahatları alınmışdır. İddiaçı tərəfindən cavabdehə ödənilmiş pul məbləği tam şəkildə iddiaçıya qaytarılmış və iddiaçı Masallı RPŞ-nə ərizə verərək pul məbləğinin ona tam qaytarıldığını, şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: - İddiaçı Masallı RPŞ-nə vermiş olduğu 03 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh onun pulunu tam şəkildə geri qaytardığı üçün avtomobili geri qaytarmış, bunları nəzərə alıb aparılmış araşdırmanın dayandırılmasını xahiş etmişdir. - 03 dekabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, materialın təsviri hissəsidə göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi avtomobilin alınması ilə bağlı cavabdehə ümumilikdə 3650 manat pul ödəməsini, həmin puldan cavabdeh tərəfindən ona 1310 manat qaytarıldığını, avtomobilin üzərində olan 360 manat cərimə ödədiyi puldan çıxıldıqdan sonra cavabdehin ona 1980 manat pul borclu qalmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə iclası zamanı iddiaçı izahatında cavabdehin ona 1980 manat pul borclu qalmasını göstərsə də, Masallı RPŞ-nə vermiş olduğu 03 dekabr 2024cü il tarixli ərizənin heç bir təsir və təziq olmadan, sərbəst şəkildə onun özü tərəfindən yazıldığını və imzası ilə təsdiq edildiyini bildirmişdir. Məhkəmə həmçinin iddiaçı tərəfindən təqdim edilmiş şahidlərlə bağlı qeyd edir ki, onların qeyd etdikləri hallar öz təsdiqini tapmamışdır. Belə ki, şahidlərdən Günay Muradova ümumiyyətlə tərəflər arasında olan sövdələşmədən və pul alış-verişindən məlumatsızdır. Digər şahid Yeganə Məmiyevanın isə iddiaçının anası olmasını və iddiaçının mənafeyinə uyğun ifadə verdiyini nəzərə alıb, məhkəmə onun ifadəsini möhtəbər sübut kimi qəbul etmir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1980 manat pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunmadığından və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan məhkəmə xərcləri heç bir tərəfə aid edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 1980 manat məbləğində pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1973/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1973/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver