Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-20/2023 01.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Allahşükür oğlunun və onun vəkili X5 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Allahşükür oğluna qarşı torpaq və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı mülkiyyətində olan Masallı rayonu Təklə kəndində yerləşən 01 ha torpaq sahəsinin 0.50 ha hissəsini 2 il ərzində özbaşına əkməklə əldən çıxmış faydaya görə Cavabdeh3 Allahşükür oğlundan 1200 manat, həmin torpaq sahəsinin 0.35 ha hissəsini 3 il ərzində özbaşına əkməklə əldən çıxmış faydaya görə Cavabdeh1 və Cavabdeh2 1250 manat maddi ziyan, həmçinin ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə cavabdehlərin İddiaçı məxsus torpaq sahəsindən çıxarılması və ziyanın ödənilməsi həcmində mülki işə mahiyyəti üzrə baxmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə Masallı rayonu Təklə kəndində həmin kənd sakini Xəzər Əlişovdan alqı satqı müqaviləsi əsasında 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Həmin torpağa dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə ona **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Lakin həmin torpağın 0.50 hektarına Cavabdeh3 Allahşükür oğlu, 0.35 hektarına isə Cavabdeh2 buğda əkmişdir. Cavabdeh3 əvvəlcə həmin sahəni səhvən əkdiyini və onunla razılaşacağını bildirsə də, sonradan fikrindən yayınmış, Cavabdeh2 isə həmin torpağı ona Cavabdeh1 verməsini bildirmişdir. Bu xüsusatı Masallı RPŞ-də aparılan araşdırma zamanı da Cavabdeh1 etiraf etmişdir. Torpağın alqı-satqı və mülkiyyət sənədlərini cavabdehlərə göstərərək həmin torpağın Cavabdeh1 aidiyyətinin olmamasını bildirsə də, cavabdehlər buna əhəmiyyət verməmiş və qeyd olunan torpaq sahəsi Cavabdeh2 tərəfindən həm 2019, 2020 və 2021ci illərdə, Cavabdeh3 tərəfindən isə 2020 və 2021-ci illərdə əkilmişdir. Nəticədə isə bir neçə ildir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmək və oradan gəlir əldə etmək imkanından məhrum olmuşdur. Masallı rayonu Təklə kəndində 1 hektar torpaq sahəsindən 20 sentner (yəni hər sota 20 kq) buğda məhsulu əldə etmək mümkündür. 1 kq buğdanın 60 qəpik olmasını və torpağın 50 sot hissəsində Cavabdeh3 buğda əkməsini, 35 sot hissəsində isə digər cavabdehlərin buğda əkməsini nəzərə alsaq, cavabdehlərin torpaq sahəsində qanunsuz əkin əkməsi nəticəsində Cavabdeh3 600 manat (50 sotx20kq=600) digər cavabdehlər isə 420 manat (35 sotx20 kq=420) əldən çıxmış fayda formasında hər il ona ziyan vurmuşlar. Cavabdeh3 torpağından 2 il, digər cavabdehlərin isə 3 ildir ki, istifadə etmələrini nəzərə alsaq, Cavabdeh3 1200 manat (600x2-1200), digər cavabdehlər isə 1260 manat (420x3=1260) ona ziyan vurmuşlar. İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmaları və əldən çıxmış faydaya görə maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, İddiaçı məxsus torpaq sahəsini özbaşına tutmamış, ona heç bir maddi ziyan vurmamışdır. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 Allahşükür oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o və İddiaçı hər ikisi X16 və ailə üzvlərindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışlar. İddiaçı aldığı torpaq sahəsi onun almış olduğu torpaq sahəsinin sağ və solunda yerləşir və hər birinə ayrı-ayrı plan-ölçü sənədi almışdır. Əgər o, İddiaçı torpaq sahəsini əkirsə, onun da torpaq sahəsini İddiaçı əkir. Hesab edir ki, ekspertiza rəyi düzgün ölçü aparmamış, Elldar Mustafayevin iki ərazidə torpaq sahəsinin olmasını nəzərə almamışdır. O, İddiaçı heç bir maddi ziyan vurmamışdır. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 Allahşükür oğlunun vəkili X14 onunla eyni əsaslar çıxış edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Masallı rayonu Təklə kəndində yerləşən 3.369001 ha torpaq sahəsi xx.xx.2019-cu ildə (reyestr nömrəsi **********88) X7 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. **********02 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Masallı rayonu Təklə kəndində yerləşən 1 ha torpaq sahəsi xx.xx.2021-ci il ildə (qeydiyyat nömrəsi **********) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. **********07 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Masallı rayonu Təklə kəndində yerləşən 1.369 ha torpaq sahəsi xx.xx.2021-ci il ildə (qeydiyyat nömrəsi **********) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Masallı RPŞ-nin 25 dekabr 2021-ci il tarixli məktubundan və arayışından görünür ki, İddiaçı ona məxsus 1 ha torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməsi barədə müraciəti ilə əlaqədar olaraq, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Dövlət Statistika Komitəsi Masallı Rayon Statistika İdarəsinin 04 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Masallı rayonu Təklə kəndi ərazisində 2021-ci ildə 1.0 hektardan orta hesabla 20.0 sentner buğda məhsulu istehsal olunmuşdur. "xxxx" ASC-nin arayışından görünür ki, hazırda buğdanın qiyməti keyfiyyətindən asılı olaraq dəyişir. Orta bazar qiyməti isə 1 kq buğda üçün 60 qəpik təşkil edir. JN-0007 kod 80520018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X17 ailə üzvləri ilə birlikdə 2.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X2, X10, X1 və X15 adları qeyd olunmuşdur. JN-0006 kod 80520018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarı əsasında X8 ailə üzvləri ilə birlikdə 3.37 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X9, X3, X7, X6 və X12 adları qeyd olunmuşdur. Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Masallı rayonu Təklə kəndində yerləşən 2.807 ha torpaq sahəsi xx.xx.2021-ci ildə (reyestr nömrəsi **********76) X13 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Masallı rayonu Təklə kəndində yerləşən 1 ha torpaq sahəsi xx.xx.2019-cu ildə Cavabdeh3 Allahşükür oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı 45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 24 oktyabr 2022-ci il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 10/7686 saylı rəyindən məlum olur ki; Masallı rayonu, Təklə kəndi ərazisində İddiaçı mülkiyyətində olan 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.41 hektaradək hissəsi iddiaçının özünün şimal istiqamətində 0.54 hektaradək hissəsinin Cavabdeh3 Allahşükür oğlunun, cənub istiqamətində qalan 0.05 hektaradək hissəsi isə Cavabdeh2 faktiki istifadəsində olan ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddianın əsaslı hissəsində qanuni əsası mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normalarıdır. Mübahisəli ərazidə İddiaçı mülkiyyətində 01 ha torpaq sahəsinin olması sübuta yetmişdir. Bu barədə ekspertiza rəyi və DƏDRX tərəfindən verilmiş müvafiq çıxarış, təkzib olunan hal müəyyən olunmadığına görə mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 24 oktyabr 2022-ci il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 10/7686 saylı rəyindən məlum olur ki, Masallı rayonu, Təklə kəndi ərazisində İddiaçı mülkiyyətində olan 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.41 hektaradək hissəsi iddiaçının özünün şimal istiqamətində 0.54 hektaradək hissəsinin Cavabdeh3 Allahşükür oğlunun, cənub istiqamətində qalan 0.05 hektaradək hissəsi isə Cavabdeh2 faktiki istifadəsində olan ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iddia cavabdehlər Cavabdeh3 münasibətdə 0,54 ha, Cavabdeh2 münasibətdə 0,05 ha torpaq sahəsinin qanunsuz tutulması sübuta yetmişdir. Ona görə də cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə əldən çıxmış faydaya görə maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, mülki hüquq pozuntusunun tərkibinin olması üçün, mülki-hüquqi məsuliyyətin törədilmiş əməlin hüquqa zidd olması, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və hüquq pozanın təqsirinin olması ümumi şərtləri mövcud olmalıdır. Məhkəmə göstərilən maddələrin ümumi şərtlərini hazırkı mülki mübahisə ilə müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 torpaq sahəsini qanunsuz istifadə etmələri müəyyən olunsa da, iddiaçı ona konkret nə qədər maddi ziyan dəyməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu barədə müvafiq arayışlar təqdim olunsa da, həmin arayışlar 2021-ci mövsüm ilinə aid olduğuna görə qeyri-müəyyənlik yaranır. Göstərilənlərə əsasən həmin hissədə iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Allahşükür oğlundan Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 311 manat alınaraq Kapital Bankın 1 saylı Xətai Fililaı üzrə Müxbir hesab AZ 37NABZ******************** KOD: 200071 VÖEN (bank) ********** SWİFT AİİBAZ2X Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCin VÖEN ********** hesab AZ23AİİB******************** hesabına, məgkəmə-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Masallı rayonu, Təklə kəndi ərazisində İddiaçı mülkiyyətində olan 01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal istiqamətində 0.54 hektar hissəsindən Cavabdeh3 Allahşükür oğlu, cənub istiqamətində 0.05 hektar hissəsindən Cavabdeh2 çıxarılsın. İddia Cavabdeh3 Allahşükür oğlundan 1200 manat, Cavabdeh1 və Cavabdeh2 1260 manat müştərək qaydada ziyan tələbinə münasibətdə təmin olunmasın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Allahşükür oğlundan Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 116 manat alınaraq Kapital Bankın 1 saylı Xətai Filialı üzrə Müxbir hesab AZ 37NABZ******************** KOD: 200071 VÖEN (bank) ********** SWİFT AİİBAZ2X Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-in VÖEN ********** hesab AZ23AİİB******************** hesabına, məgkəmə-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-20/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-20/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver