Məhkəmə qərarları › İş №2(050)-203/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-203/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-203/2024 17.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı1 (həmçinin digər İddiaçı2 nümayəndəsi), onun və digər İddiaçı2 vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat, qadın paltarlarının dəyəri olan 4800 manat, borc alınmış 3700 manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 151.9 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Sonradan iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdilər ki, mübahisə predmeti olan avtomobil İddiaçı2 olduğundan həmin avtomobillə bağlı tələb olunan pul da ona aid olmalıdır. Cavabdehin Banka olan borcunun bağlanması üçün 3700 manat pulu başqalarından borc götürərək cavabdehə verdiyindən həmin pul İddiaçı1 aid olmalıdır. Cavabdehin onlardan apardığı qadın paltarları mərhum Bakirə məxsus olmaqla hər ikisi onun birinci dərəcəli vərəsəsi olduqlarından qeyd olunan paltarların dəyəri və ödənilmiş məhkəmə xərcləri ilə bağlı vəsaitlər cavabdehdən alınıb onlara müştərək qaydada verilməlidir. Sonda Cavabdeh nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat pulun alınaraq İddiaçı2, borc aldığı 3700 manat pulun alınaraq İddiaçı1 verilməsi, həmçinin qadın paltarlarının dəyəri olan 4800 manat, hüquqi xidmətə görə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 151.9 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir ki, İddiaçı1 həyat yoldaşı mərhum Bakir Nəzərovla yaxın münasibətləri olmuşdur. Sonuncunun ölmündən bir müddət sonra onun həyat yoldaşı İddiaçı1 ilə aralarında müəyyən narazılıq yaranmışdır. Aralarında olan narazılıqla bağlı şikayəti əsasında Masallı Rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılmış və xx.xx.20220-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıların Masallı Rayon Polis şöbəsində verdikləri izahatla iddia ərizəsində qeyd etdikləri bir-birilə ziddiyət təşkil edir. İddia ərizəsində qeyd edilir ki, güya o, İddiaçı1 mərhum ərindən qalmış “Mercedes-Benz” markalı avtomobili 12000 manata razılaşıb almaq istəmişdir. Bu doğru deyil. Bakir Nəzərovun “Mercedess-Benz” markalı avtomobili olmamışdır. İddia ərizəsində qeyd edilən avtomobili İddiaçı1 oğlu İddiaçı2 atası Bakir Nəzərovun ölmündən müəyyən müddət sonra “Lada Vaz 2107” markalı avtomobillə dəyişmək yolu ilə almışdır. İddiaçı2 Masallı Rayon Polis şöbəsində verdiyi izahatla iddia ərizəsi arasında ziddiyət var. Belə ki, o, Rayon Polis şöbəsində verdiyi izahatında “Mercedes-Benz” markalı avtomobilin atasından miras qaldığını, həmin avtomobili Masallı regional “ASAN xidmət” mərkəzində adına rəsmiləşdirdiyini göstərmişdir. Halbuki, Polis şöbəsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, avtomobil başqa bir şəxsin adına rəsmləşdirilmiş və həmin avtomobil İddiaçı2 atası Bakir Nəzərovdan ona miras qalmamışdır. İddia ərzəsində göstərilir ki, güya o, 17 iyul 2020-ci il tarixdə onlardan dəyəri 4800 manat olan pal-paltar apararaq dükanda satmışdır. Həmin vaxt ölkədə karantin rejimi olduğundan yalnız ərzaq dükanlarından başqa heç bir dükan işləməmişdir. İddiaçı1 iddia ərizəsində göstərir ki, guya ondan 2022-ci ildə 3700 manat pul alaraq, "xxxx" QSC-yə olan borcunu ödəmişdir. Onun 2020-ci ildən heç bir banka kredit borcu olmamışdır. İddiaçı1 (həmçinin digər İddiaçı2 nümayəndəsi) məhkəmə iclasında bildirdi ki, Cavabdeh mərhum əri ilə dostluq münasibətində olmuşdur. 2020-ci ilin ortalarında Cavabdeh oğlu İddiaçı2 məxsus “Mercedes Benz” markalı avtomobili almaq istəmiş, həmin avtomobil 12000 manata razılaşdırılmışdır. Cavabdeh avtomobilin pulunu 1 ay müddətində verəcəyinə vəd vermiş, əri ilə dostluq münasibətlərində olduğundan ona inanmışdılar. X34 Əliyevlə xx.xx.2020-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə getmiş və orada Cavabdeh etibarnaməni özünün deyil, Gülüsüm adlı bir qadının adına verdirmişdir. Notariat ofisində Gülüsüm adlı şəxs olmamış, həmin şəxslə nə onun, nədə oğlu Əmrahın avtomobillə bağlı, ümumiyyətlə hər hansı danışıqları olmamışdır. Əmrah Cavabdeh pulu 1 ay müddətinə verəcəyi vədinə inandığından avtomobilə dair etibarnamənin kimin adına verilməsinin əhəmiyyət kəsb etməməsinə görə Cəsarətin sözünə əməl etmişdir. Əri 2020-ci ildə rəhmətə getmişdir. Cavabdeh əri Bakirin mağazada qalan qadın geyim paltarlarını Masallı rayonu, Qərblər kəndində olan qohumlarının mağazalarında sataraq pulunu verməyi təklif etmiş, ona inandıqlarından buna razılaşmışlar. Cəsarət oğlu Əliqadirlə birlikdə həmin qadın geyimlərini avtomobilə yükləyib aparmışdır. Lakin sonradan Cəsarət nə avtomobilin, nə də qadın geyimlərinin dəyərini ödəmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2022-ci ilin may ayında Cəsarət "xxxx" QSC-nin Lənkəran rayon filialından 30000 manat pul götürüb həm özünün borclarını, həm də qardaşı Əkbərin oğlu Əmrahı işə düzəltmək üçün ondan aldığı 13000 manat pulu qaytaracağını bildirmiş, lakin bunun üçün banka olan 3700 manat borcunu bağlamaq zərurəti olmasını bildirmişdir. O, əvvəlki borclarını başqa yolla ala bilmədiyini görüb və vədinə inanaraq 3700 manat pulu Cəsarətə vermişdir. Lakin yenə də Cəsarət onu aldatmış, nəinki Bankdan pul götürüb əvvəlki borclarını, heç kreditini bağlamaq üçün ondan aldığı pulu da qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh həmkəndliləri X26 Musayevadan həmin kənddə yerləşən 1 mərtəbəli evlərini 18000 manata nisyə almış, 12000 manata nisyə aldığı avtomobilə notariat ofisində Gülüsüm Musayevanın adına baş etibarnamə verdirərək borclu olduğu puldan 13000 manatı çıxmış, 5000 manat pulu da 1 aya verəcəyini vəd etmiş, evə dair oğlunun adına bələdiyyədən arayış almış, həmin 5000 manat pulu isə verməmişdir. Bu məsələlərlə bağlı ötən il Cəsarətin atası Cavanşir Əliyevin yanında olarkən də Cavabdeh ona borclu olmasını etiraf etmiş, qısa vaxtda borcunu qaytaracağını vəd etmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən cavabdeh nə qeyd olunan malın, nə avtomobilin pulunu, nə də borc aldığı pulu qaytarmışdır. Məhkəmə iclasında dinlənilmiş CD diskdə olan səs yazısı ona məxsusdur. Sonda İddiaçı1 iddianın təmin edilməsini xahiş etdi. İddiaçıların vəkili İslamov X8 Zəminə Ağababa qızı ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, mövcud vəziyyətdə İddiaçı2 avtomobilindən məhrum olmuş, onun pulu ödənilməmiş, Cavabdeh isə evə sahib olmuşdur. Fərdi yaşayış evi üzərində hüquq qeydiyyata alınmamışdır. Tərəflər arasındakı mübahisə ilə bağlı Masallı Rayon Polis şöbəsində araşdırma aparılmış, həmin araşdırma zamanı fərdi yaşayış evinin sahibləri X4 və X9 izahatları alınmış, onlar evin Cavabdeh 18000 manata satılmasını, həmin pulun 13000 manatını “Mercedes Benz” markalı avtomobil ilə əvəzləşdirildiyini, bu səbəbdən X4 adına etibarnamə verildiyini bildirmişdilər. Həmin şəxslər İddiaçı1 və İddiaçı2 tanımadıqlarını bildirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 atası Şahid5 Balı oğlunun ifadəsindən görünür ki, həmin şəxs İddiaçı1 və İddiaçı2 tanımır, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmır. O, iddiaçılardan şikayətçi olmadığını, ona məzmununu bilmədiyi sənədə qol çəkdirildiyini bildirmişdir. Təbii ki, bunlar məqsədli şəkildə edilmişdir. Belə bir vəziyyətdə bir tərəfin evi əldə çıxır, digər tərəfin maşını, nəticədə Cəsarət evə sahib olur. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Əmrahın “Vaz 2107” markalı maşını olmuş, həmin maşının üstünə 2700 manat pul qoyaraq cəlilabadlı ilə “Mercedes-Benz” markalı avtomobilə dəyişmişdir. İddiaçı1 ona ev lazım olduğunu demişdir. “Mercedes- Benz” markalı avtomobil 12000 manata qiymətləndirilmiş, Əli Məmmədova məxsus evlə əvəzləşdirilmiş, evə görə Zəminə xanım ona 4000 manat pul vermiş, o, həmin pulu Əli Məmmədova vermiş, ümumilkdə evin 16800 manata satılması razılaşdırılmışdır. Evin sənədi olmamışdır. Sonradan iddiaçılar evi qəbul etməmişlər, o, arada vasitəçi olduğu üçün ondan pulu tələb etmişlər. Evi oğlunun adına Bələdiyyə sənədi ilə sənədləşdirmişdir. Zəminə xanım məsələ ilə bağlı atasının yanına getmişdir. Atası ona demişdir ki, onu incitməsin, ondan sonra Zəminə xanıma şəxsən əlbəəl 5000 manat pul vermişdir. Zəminə xanıma bu məsələ ilə bağlı müxtəlif vaxtlarda şəxsən və ya müxtəlif şəxslərin vasitəsi ilə ümumilkdə 38100 manat pul qaytarmışdır. Həmin puldan Zəminə xanıma 3000 manat pulu Rəfael adlı şəxsin yanında şəxsən, 3000 manat Ramil adlı şəxsin yanında şəxsən özü qaytarmış, 2500 manat pulu qardaşı Ələkbərə vermiş, o, Niyaz adlı şəxslə gedərək vermiş, 7700 manat pulu Əliniyaz və qardaşı Ələkbərə vermiş aparıb Zəminə xanıma vermişlər, 5000 manat pulu şəxsən, 2500 manat pulu şəxsən Zəminə xanıma vermiş, 600 manat “Ağa” market qoymuş Zəminə xanım oradan götürmüş, 1500 manat pulu “Ağa” marketə qoymuş Zəminə xanım oradan götürmüş, 2000 manat pulu Ağa” marketə qoymuş Zəminə xanım oradan götürmüş, 2200 manat pulu onun yanında onun əvəzinə Əlamət Zəminə xanıma vermişdir. Zəminə xanım ona demişdir ki, 12600 manat borcu qalıb, o, da demişdir ki, yaxşı. Səhərsi gün 600 manat pulu Zəminə xanıma vermişdir. Ona bu məsələ ilə bağlı ümumən 16000 manat pul verilmiş, o, isə 4000 manat puldan başqa 38100 manat pul qaytarmışdır. Həmin pul 2 il müddətində hissə-hissə verilmişdir. Məsələ ilə bağlı polisə o, şikayət etmişdir. İş materiallarında olan şikayət Şahid5 Balı oğlu tərəfindən imzalanmışdır. Zəminə xanım məsələ ilə bağlı onu narahat etdiyi üçün yazmışdır. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli əlyazma ona məxsusdur. Həmin əlyazmada mübahisə ilə bağlı maşına görə 12000 manat, paltara görə 250 manat və 1000 manat pul borclu olduğunu qeyd etmişdir. Zəminə xanımın yanında yazmışdır. Paltarın pulunu satıb Əmraha vermişdir. Maşın 12000 manat dəyərləndirməklə ona 15800 manat pul verilmişdir. 15800 manat pul qaytarmalı idi. Məhkəməyə təqdim etdiyi əlyazmada Zəminə xanıma verdiyi pulları qeyd etmişdir. Zəminə xanıma ümumən 37900 manat pul vermişdir. İş materiallarında olan CD diskdəki səs yazısı təxminən xx.xx.2021-ci ildə qeydə alınmışdır. Zəminə xanım və onun yanındakı Ramin adlı şəxs ondan 12600 manat pulu tələb edirlər. Ramin bildirir ki, pulun 600 manatı ona məxsusdur. Bundan başqa, Zəminə xanım 2200 manat və 7000 manat pulu almasını etiraf edir. Banka olan borcun bağlanması ilə bağlı Zəminə xanım ona pul verməmişdir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Digər İddiaçı2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, “Mercedes-Benz” markalı avtomobilini satmaq istəmişdir. Həmin vaxt Cəsarət onların evində olmuşdur. Cəsarət maşını 12000 manata almasını bildirmişdir. Cəsarət ilə maşının sənədləşdirilməsi üçün Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə getmiş və orada Cavabdeh etibarnaməni özünün deyil, Gülüsüm adlı bir qadının adına sənədləşdirmiş, etibarnamənin pulunu da Cəsarət vermiş, avtomobilin dəyəri olan 12000 manat pulu 1 ay müddətində verəcəyini bildirmişdir. Avtomobili Cəsarətin qardaşı Ələkbər gəlib aparmışdır. Cəsarət nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat, həmçinin atasından qalmış satış üçün olan qadın geyim paltarlarını aparmış, lakin nə avtomobilin, nə də qadın geyimlərinin dəyərini ödəmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda İddiaçı2 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəlki adı X5 olmuşdur. Cavabdeh atası ilə əmi uşağıdır. O, Zəminə xanımı və Əmrahı tanımır. Zəminə xanım 2022-ci ilin yanvar ayının 9-da iki kişi ilə yaşadığı Masallı rayonu, Qəriblər kəndində yerləşən evinə gəlmiş, ondan X9 nəyi olmasını soruşmuş, o, Əlinin bacısı olduğunu bildirmişdir. Zəminə xanımdan onun kim olduğunu soruşduqda o, oğlunun maşınını Cəsarət onun qardaşı Əliyə satmasını bildirmişdir. O, Əlinin maşını 20 gün sonra satdığını demişdir. Zəminə xanım gəlməmişdən əvvəl Cəsarətə zəng vurub demişdir ki, gəl maşını götür. O, Cəsarətə demişdir ki, o, evi almasın, evi qardaşı Əli yox, onun arvadı Gülüsüm tikmişdir. Cəsarət evi almayacağını bildirmişdir. İki gün sonra gəlinləri Gülüsüm Musayeva ona zəng vuraraq Cəsarətin gəlib ondan şəxsiyyət vəsiqəsini almasını və onun adına maşını sənədləşdirəcəyini deməsini bildirmişdir. Guya Əliyə maşın lazımdır, Gülüsümün adına sənədləşdirir ki, Əli guya hissə-hissə verəcək. Sonradan öyrənmişdir ki, Cəsarət maşını evlə dəyişmişdir. Gülüsümü qardaşı Əli və Cəsarət aldatmışdır ki, evdən çıx, ev təmir olunur. Gülüsüm evdən çıxıb onun xalası evinə getmişdir. Sonradan o, Gülüsümə onu aldatdıqlarını, evlə maşını dəyişdirdiklərini bildirmişdir. Evin heç bir sənədi olmamışdır. Evin yerləşdiyi torpaq sahəsi digər qardaşı X6 adınadır. X19 hazırda 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəsarət Əliyə 5000 manat pul verməlidir. Onun 500 manatını verb, 4500 manatı isə qalmışdır. Əli ona pul lazım olduğunu, yoxsa onu tutacaqlarını demiş, ona görə evi 23000 manata Cəsarətə satdığını bildirmişdir. Cəsarət evi maşınla 13000 manata əvəzləşdirmiş, 5000 manat puldan isə 500 manatını vermiş, 4500 manatı isə qalmışdır. Əli savadsızdır, hesab bilmir. Bunu biləndə Gülüsüm artq evdən çıxmışdır. Cəsarət evin kilidini dəyişmiş, evdən istifadə etməyə kimsəyə imkan vermir, evi Əliyə pul verib aldığını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 anasıdır. Cəsarət Əlini aldadaraq, ona maşın verib, evi almışdır. Əli ona demişdir ki, evi Cəsarətə satmış, əvəzində Cəsarət ona maşın vermişdir. Zəminə xanımı tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olur. Bir nəfər ofisə gəlib ondan alğı-satqı işinə baxmasını soruşmuş və o, də gələn şəxsə bu işlə məşğul olduğunu demişdir. Həmin şəxs Masallı rayonu, Qəriblər kəndində 2 sotun içində evi olduğunu və həmin evi satmaq istədiyini bildimişdir. Həmin evə baxmağa getmişlər. Evi satan evi 30000 manata satdığını, əgər alınarsa 25000 manata da sata biləcəyini bildirmişdir. O, isə evin sənədi olmadığından, belə bir evi ala bilməyəcəyini bildirmişdir. Həmin şəxs Masallı rayonu, Qəriblər kəndi və ya Ərkivan qəsəbəsinin sakini arıq, hündürboy adam olmuşdur. Ev özünün olduğunu demişdir. Təxminən bu hadisə iki il əvvəl baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zəminə xanımı və Əmrahı tanıyır. Zəminə xanımı Cəsarətin həyətinə aparmışdır. Bildiyinə görə Cəsarətin Zəminə xanıma borcu var. Cəsarət Zəminə xanıma traktoru olduğunu və onu satıb borcunu verəcəyini bildirmişdir. Bir dəfə də Zəminə xanım ilə Elçin ustanın yanına getmişlər. Həmin vaxt Cəsarət də orada olmuşdur. Cəsarət onun orada 3 maşınının olmasını və onları satıb borcunu verəcəyini Zəminə xanıma bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X9 atasıdır. Oğlu Əli ev tikmiş, sonradan evi satmaq istəmişdir. Cəsarət ona demişdir ki, evi alır, əvəzində maşın verir. Qızı Sevinc, həyat yoldaşı İradə ona bildirmişdilər ki, Əli evi Cəsarətə satıb, əvəzində maşın almışdır. Həmçinin, həbs olunmamışdan əvvəl Əli də ona bildirmişdir ki, evi Cəsarətə satıb, əvəzində maşın almışdır. Cəsarət ona sənədə qol çəkdirmişdir. Demişdir ki, qol çəkməsən onu tutacaqlar. O, da latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi üçün nəyə qol çəkdiyini bilməmişdir. Cəsarət demişdir ki, barışıq barədə məktub yazaq ki, barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Cəsarət ilə çoxdandır ki, münasibətləri var. Maşın ustası işləyir. Cəsarət onun yanına təmir etdirmək üçün iki maşın gətirmişdir. Zəminə xanım Miri adlı şəxslə onun işlədiyi sexə gəlib Cəsarətin onun yanında maşınının olub-olmadığını soruşmuş, o, da Cəsarətin iki ədəd maşınının orada olmasını bildirmişdir. Cəsarətin Zəminə xanıma borcunun olmasını onların söz-söhbət etməsi zamanı bilmişdir. Həmin vaxt Zəminə xanım Cəsarətdən pulun verilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Əmrah maşın satırdı. Cəlilbad rayonundan bir nəfər şəxs gəlib maşına baxmışdır. Əmrah maşını 12000 manata satırdı. Həmin şəxs maşını 11500 manata almaq istəmiş, Əmrah razılaşmamışdır. Zəminə xanım demişdir ki, Cəsarət pul verəcək. Cəsarət onun yanında Zəminə xanıma pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Cəsarət ilə eyni kənddəndir. Zəminə xanımı isə zahirən tanıyır. Cəsarət ilə bir yerdə oturan zaman Cəsarətə bir neçə dəfə zəng gəlmiş, telefonu o, götürmüşdür. Zəminə xanım telefonda Cəsarətin ona 8000 manat borcu olduğunu və borcun qaytarılmasını bildirmişdir. O, Cəsarətə demişdir ki, telefonu niyə götürmürsən? Bir qadın zəng edib deyir ki, 8000 manat borcun var. Sonra Zəminə xanım bir oğlanla İsti su istirahət mərkəzinə gəlmiş, sonradan Cəsarət də ora gəlmişdir. Həmin vaxt o, da onlarla oturmuş, Zəminə xanım demişdir ki, Cəsarətin ona 12600 manat borcu var. Zəminə xanımın yanındakı oğlan pulun 600 manatının onun olmasını bildirmişdir. O, Cəsarətdən keçən dəfə 8000, bu dəfə 12600 manat borcun nə məsələ olmasını soruşmuşdur. Cəsarət bildirmişdir ki, ona faiz yükləyiblər. Onun yanında heç kim heç kimə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Cəsarət ayrı-ayrı vaxtlarda 3000 manat, 7700 manat və 2300 manat pul onun yanında qardaşı Ələkbərə vermiş, Ələkbərlə birlikdə getmiş, sonuncu həmin pulları Zəminə xanıma vermişdir. Həmin pullardan 3000 manatı Seyidlər, 7700 manatı rayonda (İskəndərlidə), 2300 manatı isə səhv etmirsə İskəndərlidə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zəminə xanımı Cəsarətə görə tanıyır. Cəsarətin atası ilə dostdur. 26 may 2022-ci ildə Cəsarət ona demişdir ki, pul lazımdır. Cəsarətlə maşınla getmişlər. Masallı rayonu, Ərkivan qəsəbəsində kafenin yanında Zəminə xanım, Əmrah və onların yanında bir oğlan görüşmüşlər. Maşında o, Cəsarət, Zəminə xanım və Əmrah oturmuşlar. Sayaraq 2200 manat pulu Cəsarətə pul vermiş, Cəsarət də həmin pulu onun və Əmrahın yanında Zəminə xanıma vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Cəsarəti və Zəminə xanımı tanıyır. 2021-ci ildə Zəminə xanım ona zəng edib borc pul istəmişdir. Bildirmişdir ki, Cəsarətin banka olan borcunu bağlayıb, bankdan pul götürülərək, onun pulunu qaytaracaqdır. Zəminə xanıma 3700 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Cəsarət ona borcunun olduğunu, lakin nə qədər olmasını deməmişdir. Demişdir ki, qadın onu eşidər. Bu səbəbdən Zəminə xanıma demişdir ki, ona görə Cəsarətə vaxt versin. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı regional “ASAN xidmət” mərkəzi notariat ofisində 7E-5931 reyestr nömrəli, 10 iyul 2020-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X15 adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə üzrə nümayəndə İddiaçı2 “Mercedes-Benz C230” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Elektron çıxarışdan görünür ki, X11 “Mercedes-Benz C230” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə X16 etibarnamə vermiş, sonradan həmin avtomobil ilə bağlı X3 Kamal Qadir oğluna etibarnamə vermiş, daha sonra avtomobil ilə bağlı müxtəlif vaxtlarda etibarnamə verilmiş, mülkiyyətçi kimi ayrıayrı şəxslərin adlarına sənədləşdirilmişdir. Cavabdeh məhkəmə iclasında özü tərəfindən yazıldığı təsdiq edilmiş 10 iyul 2020-ci il tarixli əlyazmadan görünür ki, “12000 manat maşın, 250 manat paltar, 1000 manat” kimi qeydlər vardır. Nikah haqqında və ölüm haqqında şəhadətnamələrdən görünür ki, X22 ilə X10 arasında 25 noyabr 1994-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Hüseynov (a) soyadı verilmişdir. X22 xx.xx.2020-ci ildə ölmüşdür. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 atası X22, anası İddiaçı1dır. CD-yə köçürülmüş telefon danışıqlarından görünür ki, “Cavabdeh 12600 manat pulu verəcəyini bildirir. Digər şəxs 12600 manat puldan 600 manatının onun olmasını bildirir. Zəminə xanıma 2200 manat pul verilir. Cəsarət Zəminə xanıma Sənə verdiyim pulları yazmasını bildirir. Cəsarət Allah heç kimi borca salmamasını, avtomobilin pulu qaldığını bildirir.” Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış X11 izahatında göstərmişdir ki, “...2011-ci ildə tarixdə Masallı rayonu, Qəriblər kənd sakini X19 ilə ailə həyatı qurub əri Əlinin kəndində yaşamağa başlamışdır. Cavabdeh tanıyır, ərinin həmkəndlisidir. İddiaçı1 və oğlu İddiaçı2 tanımır. 2020-ci ilin iyul ayında Cavabdeh əri Əliyə məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evini 18000 manata almışdır. Həmin vaxt Cəsarət özünə məxsus olduğunu bildirdiyi “Mercedes-Benz C 230” markalı avtomobili 13000 manat qiymətləndirməklə evin müqabilində vermiş və evin pulundan həyat yoldaşı Əliyə 5000 manat borclu qalmışdır. Həmin avtomobili həyat yoldaşı Əli Cəsarətdən alan zaman ondan şəxsiyyət vəsiqəsini istəmiş və avtomobili onun adına sənədləşdirəcəyini bildirmişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsini həyat yoldaşı Əliyə versə də, avtomobilin hansı qaydada onun adına sənədləşdirilməsindən məlumatı olmamış və bu sənədləşmədə iştirak etməmişdir. Lakin 2 ay sonra həyat yoldaşı Əli Cəsarətdən aldığı avtomobil nasaz vəziyyətdə olduğu üçün həmin avtomobili tanımadığı şəxsə 7000 manata satmışdır. Həmin vaxt o, həyat yoldaşı Əli ilə Masallı rayonunda yerləşən “ASAN xidmət” mərkəzinə gedib adına olan həmin avtomobilin satılmasında iştirak etmişdir. Həyat yoldaşı Əlinin həmin avtomobilin satılmasından əldə etdiyi 7000 manatı nə etdiyini bilmir.”; Aparılmış araşdırma zamanı izahatı alınmış X19 izahatında göstərmişdir ki, “...Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Hansı səbəbdən izahat verməsi ona məlumdur. Cavabdeh tanıyır, onun həmkəndlisidir. Cəsarətlə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2020-ci ilin iyul ayında banka borcu olduğu üçün o, özünə məxsus Masallı rayonu, Qəriblər kəndində yerləşən 2 sot torpaq sahəsində tikdiyi bir mərtəbəli kürsülü evini satmaq qərarına gəlmişdir. Həmin vaxt bu haqda Cavabdeh də məlumat verdiyi üçün Cəsarət evi ondan almaq istədiyini bildirmişdir. Dəqiq tarixini xatırlamadığı vaxtda Cəsarət onun evinə gəlib baxaraq, bəyənmiş və almaq istədiyini demişdir. Həmin vaxt Cəsarətə torpağın və evin sənədlərinin qaydasında olmadığı barədə bildirdikdə Cəsarət ona bunun heç bir fərqinin olmadığını, evi aldıqdan sonra öz adına sənədləşdirəcəyini bildirmişdir. Həmçinin, Cəsarət nağd pulu olmadığını, özünə məxsus “Mercedes-Benz C230” markalı avtobilinin olduğunu və evin pulunun bir hissəsinin müqabilində həmin avtomobili ona verə biləcəyini bildirmişdir. Həmin vaxt o, evini və torpaq sahəsini ümumilikdə 18000 manat qiymətləndirməklə Cəsarətə həmin məbləğdə pula satmağa razılaşmışdır. Həmçinin, həmin vaxt Cəsarət evin pulunun bir hissəsi müqabilində ona verəcəyi “Mercedes-Benz C230” markalı avtobilini 13000 manata qiymətləndirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Cavabdeh həmin “Mercedes-Benz C230” markalı avtobilini yaşadıqları kənddə həmkədliləri Qardaşəli adlı şəxsin evinin yaxınlığındakı avtomobil yolunun kənarına gətirmişdir. O, həmin vaxt Cəsarətin “Mercedes-Benz C230” markalı avtobilinə baxıb bəyənmiş və həmin avtomobili 13000 manat qiymətləndirməklə evinin və torpaq sahəsinin müqabilində Cavabdeh almağa razılaşmışdır. Həmin vaxt Cəsarət evin qalan 5000 manat pulunu isə 1 ay ərzində bütövlükdə verəcəyini ona bildirmişdir. Həmin gündən bir neçə gün sonra o, Cəsarətə həyat yoldaşı Gülüsüm Musayevaya məxsus şəxsiyyət vəsiqəsini verərək avtomobili Gülüsüm Musayevanın adına rəsmiləşdirməyi Cəsarətdən tələb etmişdir. Həmin vaxt Cəsarət ondan şəxsiyyət vəsiqəsini almış və təxminən 2-3 gün sonra Gülüsümün adına olan baş etibarnaməni ona təqdim etmişdir. Həminm vaxtdan bir müddət keçsə də Cəsarət ona verəcəyi evin 5000 manat pulunu vermədiyi üçün pula ehtiyacı yaranmış və o, Cəsarətdən aldığı avtomobili satmaq qərarına gəlmişdir. Avtomobili əslən Masallı rayonu, Ərkivan qəsəbəsindən olduğunu bildiyi, adını xatırlamadığı şəxsə 7000 manat satmışdır. Cavabdeh izahatı ilə tanış olmuşdur. Cəsarət yalan izahat vermişdir. O, evini Cəsarətin özünə satmış və avtomobili də Cəsarətdən almışdır. Belə ki, o, İddiaçı1 və oğlu İddiaçı2 tanımır. Həmin şəxslərlə onun arasında heç bir alğı-satqı münasibətləri olmamışdır.”; Aparılmış araşdırma zamanı izahatı alınmış Şahid6 izahatında göstərmişdir ki, “...O, xx.xx.2022-ci il tarixdə evdə olduğu zaman Cəsarət ona mobil telefonla zəng edib Zəminə xanımın borcunu istəmək üçün evinə gəldiyini, maddi vəziyyətinin ağır olduğunu və ona borc pul verməyini istəmişdir. Həmin vaxt o, Cəsarətin evinə getmişdir. O, Cəsarətə 2200 manat pulunun olduğunu bildirdikdən sonra Cəsarət Zəminə xanıma mobil telefonla zəng edib görüşmək istədiyini bildirmişdir. Bundan sonra Cəsarət onunla birlikdə avtomobillə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisinə gedib orada Zəminə xanımla görüşmüşdür. Həmin vaxt Zəminə xanımın yanında adının Ramil olduğunu xatırladığı bir nəfər tanımadığı şəxs və Zəminə xanımın oğlu olduğunu bildirən bir nəfər şəxs də olmuşdur. O, həmin şəxslərin yanında üzərində olan 2200 manatı cibindən çıxarıb Cəsarətə verdikdən sonra Cəsarət həmin pulu Zəminə xanıma vermişdir.” Masallı Rayonu Qəriblər Bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli, 76 nömrəli arayışından görünür ki, X2 Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.07 ha həyətyanı sahəsində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi vardır, ev təmirlidir və hal-hazırda orada yaşayır. Həmin evə işıq sayğacının qoyulması məqsədəmüvafiqdir. Masallı Rayonu Qəriblər Bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli, 77 nömrəli arayışından görünür ki, X2 Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.07 ha həyətyanı sahəsində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi vardır, ev təmirlidir, və hal-hazırda orada yaşayır. Həmin evə qaz sayğacının qoyulması məqsədəmüvafiqdir. Ödəniş qəbzlərindən görünür ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə 500 manat pul ödənilmişdir. Məhkəmə İddiaçı2 - Cavabdeh nisyə aldığı avtomobilin dəyəri olan 12000 manat pulun alınaraq ona verilməsi ilə bağlı tələbinə münasibətdə bildirir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Masallı regional “ASAN xidmət” mərkəzi notariat ofisində 7E-5931 reyestr nömrəli, 10 iyul 2020-ci il tarixli etibarnamə il mülkiyyətçi X15 adından verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə üzrə nümayəndə İddiaçı2 “Mercedes-Benz C230” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar edilsədə, avtomobil faktiki sahibi tərəfindən faktiki olaraq Cavabdeh nisyə satılmışdır. Adına etibarnamə verilmiş şəxs X11 ona etibarnamə ilə səlahiyyət vermiş İddiaçı2 tanımır, onlar arasında faktiki hər hansı hüquq münasibəti baş verməmiş, avtomobil alınmamışdır. “Mercedes-Benz C 230” markalı avtomobil Cavabdeh tərəfindən X7 və onun əri X12 aid Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evinin qiymətinin müəyyən hissəsi ilə əvəzləşdirilmiş, bu səbəbdən də Cavabdeh tərəfindən İddiaçı2 X7 avtomobil ilə bağlı etibarnamə verilməsi təmin edilmişdir. Məhkəmə iclasında Cavabdeh onun tərəfindən yazılması etiraf edilmiş 10 iyul 2020ci il tarixli əlyazmadan da görünür ki, “onun maşına görə 12000 manat” borcu var. Həmin hal, yəni onun avtomobilə görə 12000 manat borcunun olması məhkəmə iclasında tədqiq edilmiş səs yazısı ilə də sübut edilir. İddia bu hissədə əsaslıdır. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (maddə 427.1-427.4). Məhkəmə cavabdehin məhkəməyə ayrı-ayrı tarixlərdə müxtəlif məbləğlərdə İddiaçı1 (avtomobilin dəyərinə görə və aldığı digər məbləğə görə) artıqlaması ilə pul verilməsinə dair təqdim etdiyi əlyazmaya və CD diskdə olan səs yazılarına münasibətdə bildirir ki, avtomobil faktiki İddiaçı2 olmuş, onun tərəfindən Cavabdeh nisyə satılmışdır. Pulu da alıcı tərəfindən satıcıya ödənilməlidir. Əgər iddiaçı həmin hallar ilə bağlı hüququnun pozulduğunu zənn edirsə, pulu verdiyə şəxsə qarşı məhkəməyə müraciət edə bilər. Məhkəmə İddiaçı2 və İddiaçı1 - Cavabdeh qadın paltarlarının dəyəri olan 4800 manat pulun alınaraq onlara verilməsi ilə bağlı tələbinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 X13 oğlu, İddiaçı1 isə arvadıdır, ata (ər) xx.xx.2020-ci ildə ölmüşdür. İddiaçıların birinci növbədə vərəsə kimi ataya (ərə) məxsus əmlaka mülkiyyət hüququ var. Aparılması iddia edilən paltarların dəyərinin kimə hansı hissədə çatmalı olması ilə bağlı iddiaçılar arasında mübahisə yoxdur. İşin araşdırılması zamanı iddiaçılar cavabdehin 4800 manat dəyərində paltar aparılmasını sübut edə bilməmişlər, cavabdeh isə onun tərəfindən yazılması təsdiq edilmiş 10 iyul 2020-ci il tarixli əlyazmada aparılmış paltarın dəyərinin 250 manat olmasını göstərmiş, məhkəmə iclasında verdiyi izahatında isə həmin pulu Əmraha verməsini bildirsədə, bunu təsdiq edə bilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Belə olan halda iddiaçıların tələbi həmin hissədə 250 manat məbləğində təmin edilməlidir. Məhkəmə İddiaçı1 - Cavabdeh borc verdiyi 3700 manat pulun alınaraq ona verilməsi ilə bağlı tələbinə münasibətdə bildirir ki, işin araşdırılması zamanı cavabdehin verdiyi izahatına əsasən iddiaçı ona 4000 manat pul vermişdir. Lakin o, bunun borc olaraq verilməməsini iddia edsədə, bunu sübut edə bilməmişdir. Həmin pulun verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 739.2-cu maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu səbəbdən tərəflər arasındakı həmin münasibət üzrə bağlanmış müqavilə etibarsız əqddir və alınmış pul geri qaytarılmalıdır. İşin araşdırılması zamanı 2200 manat məbləğində pulun qaytarılması Şahid6 ifadəsi, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş CD-yə köçürülmüş telefon danışığ ilə sübuta yetirilmişdir. CD-yə köçürülmüş telefon danışıqlarından məlum olur ki, Zəminə xanıma 2200 manat pul verilir. Belə olan halda iddia həmin hissədə qismən, yəni 1500 (3700-2200=1500) manat məbləğində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən dövlət rüsumu qismində ödənilmiş pul vəsaitinin 131.25 manat hissəsi Cavabdeh tutularaq iddiaçılara ödənilməli, qalan hissəsi isə iddiaçılara aid edilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 manat pul Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12000 manat pul Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. 1500 manat pul Cavabdeh tutularaq İddiaçı1 oğluna ödənilsin. 250 manat pul Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qismində ödənilmiş pul vəsaitinin 131.25 manat hissəsi Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 oğluna ödənilsin. Vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 manat pul Cavabdeh tutularaq İddiaçı2 və İddiaçı1 oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar