Məhkəmə qərarları › İş №2(050)-2036/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2036/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2036/2024 15.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 2378 manat pul və 43.78 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mebel aksesuarlarının satışı ilə məşğul olur. Cavabdehi uzun müddətdir ki, tanıyır. Ondan mebel aksesuarlarını almış, pulunu nağd və hissəli ödənişlərlə ödəmişdir. Sonuncu ödənişi isə xx.xx.2024-cü il tarixdə 100 manat olmuşdur. Hal-hazırda onun iddiaçıya 2378 manat mebel aksesuarlarından borcu qalmışdır. Həmin tarixdən sonra ona pul ödəməmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı Masallı rayon polis şöbəsinə şikayət etmişdir, polisdə araşdırma getmiş, mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmçinin cavabdeh polis şöbəsində ona olan borcunu etiraf etmişdir. Lakin polisə ərizə ilə müraciət etsə də, ona iş materiallarının surətini verməmişlər. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 2378 manat pul və 43.78 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianı qəbul etdiyini, hal-hazırda maddi imkanının olmadığını, ona görə də borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 97/2-18819/24 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Masallı rayon polis şöbəsinə müraciəti əsasında araşdırılma aparılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanının səlahiyyətinə aid olmadığından “Vətəndaşların müaciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7.10-cu maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı 43.78 manat dövlət rüsumu ödənmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğinin (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulana müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən müddəaları tələbin hüquqi əsası kimi tətbiq etməklə məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, iddiaçı öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliyini layiqincə yerinə yetirməmiş, nisyə aldığı malın pulunu halhazıradək tam ödəməmişdir. Ona görə də iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2378 manat pul və ödənilmiş dövlət rüsumuna görə 43.78 manat, cəmi 2421.78 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar