Məhkəmə qərarları › İş №2(050)-212/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-212/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-212/2023 27.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16700 manat pul, əldən çıxmış fayda (əmanətdən gələcək məbləğ və ödənilmiş bank faizi ilə birlikdə minimum 1800 manat olmaqla), eyni zamanda cavabdehlərin kənd təsərrüfatı fəaliyyətindən götürdükləri gəlirin əvvəlcədən razılaşdırılmış yarı hissəsinin cavabdehlərin hər birindən tutularaq ona ödənilməsini tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin iyul ayında “biznes qrupu” sosial şəbəkə vasitəsilə Cavabdeh1 ilə tanış olmuş, Savalan ona kənd təsərrüfatı təyinatlı torpaqlarının olduğunu, atası Cavabdeh2 ilə əkinlə məşqul olduğunu, investora ehtiyac olduğunu, razılaşacaqları təqdirdə veriləcək borcun qaytarılması ilə yanaşı, əldə edilən gəlirin yarıya bölünməsi barədə qarşılıqlı razılığa gəlmişdir. 23 iyun 2021-ci il tarixində H.Əliyev prospektində 5 saylı “Asan xidmət” mərkəzində görüşərək kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair borc pulun təqdim edilməsi barədə müqavilə imzalanaraq, ilkin olaraq 9700 manat pul məbləğini təqdim etmişdir. Həmin məbləği “Muğanbank” Neftçilər filialında ona məxsus əmanət hesabından əldə etmişdir. Həmin vaxtadək adıçəkilən bankdakı məbləğlər üzrə illik minimum 10-11 faizlik gəlir əldə etmişdir. Lakin cavabdehlər tərəfindən öhdəliklər pozulması səbəbindən əmanətdən gələn gəlirdən də məhrum olmuşdur. Bu da illik 970 manata (əldən çıxmış gəlir) bərabərdir. Həmin dövrdə nağd məbləği olmadığından, xx.xx.2021-ci il tarixdə “Yelobank”, “28 may” filialından illik 16.3 faizlə 2700 manat kredit götürmüş, əlavə 244.28 manat faiz məbləği ödəmişdir. Görüləcək işlər mərhələli şəkildə görüldüyündən əvvəldən razılaşdırılmış məbləğlər ayrı-ayrı tarixlərdə hissə-hissə ödənilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 700 manat olmaqla, ilkin ödənilmiş 9700 manatdan əlavə 7000 manat, ümumilikdə 16700 manat ödənilmişdir. Cavabdehlər qeyd olunan ödəmələri və onların miqdarını təkzib etmir. Hər hansı mübahisə olduğu halda, bütün whatsapp səs və yazışmalar, ödənilən məbləğlərin təsdiqedici çekləri məhkəmə baxışı zamam əlavə olaraq təqdim ediləcəkdir. Qeyd olunan ailə təsərrüfatının cavabdehlərin ümumi ailə marağına xidmət edəcəyindən, ödəmələr həyata keçirilməzdən əvvəl cavabdehlərə məxsus torpaq sahəsinin veriləcək pul məbləği qarşısında girov qoyulması üçün Cavabdeh1 ailə üzvləri, atası Nuruyev Muşfiq va anası Nuruyeva Simuzər və bacısı X2 torpaq sahəsinin girov qoyulması və digər əşya hüquqlarının Cavabdeh1 ötürülməsi ilə bağlı notarial təsdiq olunmuş etibarnamə təqdim etmişlər. Bu da kənd təsərrüfatı işlərinin görülməsində ümumi ailənin iştirakı olduğunu təsdiq edir. Lakin barəsində etibarnamə verilən torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan və həmin mülkiyyətə hüququ olan şəxslərdən biri vəfat etmiş olduğundan, əmlakın girov qoyulması baş tutmamış və adları çəkilən cavabdehlər qarşıdakı aylarda vərəsəlik işini həll edəcəklərini və sənədləri hazır edəcəklərini vəd etmişlər. X4 “Asan xidmət” Mərkəzində Notariat ofisinin 1052 nömrəli, 05 noyabr 2021-ci il tarixli məktubu da təsdiq edir. Odur ki, qeyd edilən borc məbləği girov təmin edilmədən tərəfindən qarşı tərəfə təqdim edilmişdir. 2022-ci ilin yanvar ayında Cavabdeh2 ilə telefon vasitəsilə əlaqə zamanı işin gedişatı barədə məlumat alarkən, verdiyi pul müqabilində artıq 6 ton kartof toxumunun alındığını və onun tərəfindən əkinin həyata keçiriləcəyini, bütün nəzarət işlərini oğlu Cavabdeh1 ilə deyil, özü ilə danışmalı olduğunu bildirmişdir. Cavabdeh1 öncədən kənd təsərrüfatı fəaliyyətini atası Cavabdeh2 ilə birgə həyata keçirəcəyini, atasının müəllim kimi işlədiyini vurğulayaraq etibarlı şəxslər təsüratı yaratmış, atası ilə telefon danışığı zamanı atası da bunu təsdiq etmiş və işi birlikdə icra edəcəklərini bildirmişdir. Təqdim olunmuş pul məbləğinin 12000 manatı kənd təsərrüfatı (kartof əkini), 4700 manat məbləği isə təndirxana fəaliyyəti ilə bağlı olmuşdur. İlkin olaraq, aylıq 500 manat, mart ayından sonra isə daha yuxarı məbləğ ödəniləcəyi vəd edilsə də, cəmi iki ay oktyabr və noyabr aylarında aylıq 500 manat ödənilmişdir. Təndirxana (çörək istehsalı) fəaliyyətinə 20 avqust 2021-ci ildən başlanılır, Cavabdeh1 5 sentyabrda çörək istehsalını təsdiq edən fotoları telefon vasitəsilə göndərərək, günlük 500-600 çörək istehsalı ilə məşqul olduqlarını bildirmişdir. Bundan sonrakı müddətdə dəfələrlə cavabdehlərlə əlaqə saxlamağa çalışsa da, onlar hər cəhdlə bundan yayınmışlar. Ən sonda (2022-ci ilin aprel ayında) cavabdehlərin ünvanına gedilmiş və Cavabdeh2 ilə görüşərkən o, borclarının olduğunu etiraf etdiyini, borcu qaytaracağını, oğlunun borcu olduğunu, çətin vəziyyətdə olduğunu, oğlunun mənafeyi üçün yalan danışmağa məcbur olduğunu bildirmiş və mövcud borc məbləğinin ilkin olaraq iyun ayında (əkindən gələn gəlirə ümid edərək) 5000 manat məbləği, qalan məbləğləri isə növbəti aylarda hissə-hissə ödəyəcəyini vəd etmişdir. Lakin vədlərin heç birinə riayət etməmişlər. Ümumilikdə tərəfindən verilmiş 16700 manat məbləğlə, həm əkin işi görmüş, eyni zamanda təndirxana fəaliyyəti ilə məşğul olan ailə bütün gəlirləri mənimsəyərək, nəinki əvvəlcədən razılığa uyğun ona gəlirdən pay, verilən borc məbləğini belə vicdansızca mənimsəmişlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16700 manat pul, əldən çıxmış fayda (əmanətdən gələcək məbləğ və ödənilmiş bank faizi ilə birlikdə minimum 1800 manat olmaqla), eyni zamanda cavabdehlərin kənd təsərrüfatı fəaliyyətindən götürdükləri gəlirin əvvəlcədən razılaşdırılmış yarı hissəsinin cavabdehlərin hər birindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, Günaydan alınan pulla atası Müşfiqlə birlikdə kartof əkmişlər. Lakin 2022-ci ilin yaz aylarında leysan yağışlar yaşdığından sahəni su basmış və əkinlər yararsız hala düşmüşdür. Bu səbəbdən də Günayın pulunu qaytara bilməmişlər. Hazırda isə 16700 manat pulu qaytaracalarını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı 16700 manat hissəsində qəbul edərək, Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 23 iyul 2021-ci il tarixli, 1-1 nömrəli borc müqaviləsindən görünür ki, həmin tarixdıə İddiaçı, Cavabdeh1 2022-ci ilin mart ayına kimi qaytarmaq şərtilə 9700 manat borc pul vermişdir. Tərəflər müqaviləni imzalarıyla təsdiq etmişlər. “e-Manat” ödəmə terminalınının qəbzlərindən və “Kapital Bank”-ın kart hesabına edilən köçürmələrin çıxarışlarından görünür ki, İddiaçı 416974******4657 kart hesabından və nağd qaydada ödəmə terminalından Cavabdeh1 4169973******6049 saylı kart hesabına xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 700 manat pul ödənilmişdir Seriya AA 241870 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün kimi qeydiyyatdadır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1.-389.3.-cü maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1.-ci maddəsinə əsasən fziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2. və 425.1.-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı mübahisənin hüquqi əsasları ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, işin faktiki və mübahisələndirillməyən hallarına əsasən tərəflər arasında yaranmış hüquq münasibətindən məlum olur ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və X1 arasında maya dəyərinin İddiaçı tərəfindən qoyulması və torpaq sahəsinin Cavabdeh1 və Müşviq Nuruyevə aid olması şərti ilə kartof məhsulunun əkinindən əldə edilmiş qazancın bölüşdürülməsi barədə şifahi müqavilə bağlanmışdır. Müqavilə şərtləri qanunun tələblərinə zidd olmadığna görə həmin şifahi müqavilə etibarlı hesab olunmalıdır. Cavabdeh tərəf iddianın 16700 manat hissəsini, yəni müqavilə şərti üzrə maya dəyəri hissəsini qəbul edir. Həmin hissə üzrə mübahisə olmadığına görə, məhkəmə 16700 manat maya dəyəri tələbi hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə belə bir qənaətə gələrkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütün danışıqları, tərəflərin qarşılıqlı münasibətlərindən yaranmış sonrakı hərəkətləri nəzərə almışdır. Məhkəmə əldən çıxmış fayda (əmanətdən gələcək məbləğ və ödənilmiş bank faizi ilə birlikdə minimum 1800 manat) və cavabdehlərin kənd təsərrüfatı fəaliyyətindən götürdükləri, lakin gizlədikləri gəlirin əvvəlcədən razılaşdırılmış yarı hissəsi tələblərinə münasibətdə qeyd edir ki, iddiaçı həmin halları təsdiq edən sübut məhkəməyə təqim etməmişdir, ona görə də həmin hissədə də iddia əsassız hesab edilməidir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşin halları ilə cavabdehlərin 16700 manat puldan fayda əldə etmələri və kartof məhsulundan qazanc əldə etmələri təsdiq olunmur. Ona görə də həmin tələblərə münasibətdə iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16700 manat pul alınaraq İddiaçı ödənilsin. İddia əldən çıxmış fayda (əmanətdən gələcək məbləğ və ödənilmiş bank faizi ilə birlikdə minimum 1800 manat), cavabdehlərin kənd təsərrüfatı fəaliyyətindən götürdükləri gəlirin əvvəlcədən razılaşdırılmış yarı hissəsi tələblərinə münasibətdə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar