Məhkəmə qərarları › İş №2(050)-2129/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2129/2023

28.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2129/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia qaldıraraq Masallı Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(050)2074/2019 saylı qətnaməsi ilə 26 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 110 manat alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə el adəti qaydasında toy etməklə ailə quraraq evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 26 iyul 2013-cü il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmalı olmuşlar. Uşaq onun himayəsində saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün X2 hər ay 110 manat sabit pul məbləğində alimentin alınaraq Vəliyeva (İsaqzadə) Zahraxanım Yasər qızına ödənilməsi qət edilmişdir. 110 manat aliment hazırda uşağın saxlanılması, onun gündəlik gündəlik tələbatının qarşılanması, geyim və digər işlərinin görülməsinə çatmır. Özü heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Artıq keçən il alınmış geyim paltarları uşağın əyninə olmur, gündəlik tələbatı artmış, uşağın saxlanılması üçün müəyyən edilmiş aliment miqdarı 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Qanun ilə artırılaraq bir uşağa görə 220 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən 110 manat alimentin məbləği artırılaraq bir uşağa görə 220 manat alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 26 iyul 2013-cü ildə doğulmuşdur. Uşaqların atası X6, anası İddiaçıdır. Masallı Rayon Məhəkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(050)-2074/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X6 ilə Vəliyeva (İsaqzadə) Zahraxanım Yasər qızı arasında 06 iyun 2013-cü il tarixli, 17 saylı nikah akt qeydinin pozulması, 26 iyul 2013-cü il təvəllüdlü X1 anası Vəliyeva (İsaqzadə) Zahraxanım Yasər qızının yanında saxlanılması və 26 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment X2 alınaraq Vəliyeva (İsaqzadə) Zahraxanım Lətif qızına ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X6 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 26 iyul 2013-cü il təvəllüdlü X1 atasının X6, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini təhlil edərək qeyd edir ki, 2019-cu ilə münasibətdə hal-hazırda layiqli həyat səviyyəsinin şərtləri baxımından uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir və uşağın mənafeyi ilə əlaqədar onun əvvəlki həyat səviyyəsinin saxlanılması üçün həmin həddə maddi təminatla təmin olunması hüququ vardır. Ona görə də məhkəmə göstərilən əsasları iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirir və müəyyən olunmuş 110 manat alimentin artırılması qənaətinə gəlir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, cavabdehin ailə və maddi vəziyyətini, diqqətəlayiq digər halları, eləcə də iddiaçının da müəyyən qədər uşağın saxlanılmasına görə maddi dəstək göstərməsini nəzərə alaraq, ödənilməli olan aliment miqdarının 200 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 26 iyul 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı rayon məhkəməsinin 2(050)-2074/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 110 manat aliment miqdarı artırılaraq, hər ay üçün 200 (iki yüz) manat müəyyən olunsun və cavabdeh X2 alınaraq İddiaçı ödənilsin. 200 manat sabit pul məbləğində alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar