Məhkəmə qərarları › İş №2(050)-2130/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2130/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2130/2023 04.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları 07 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsi, həmçinin həmin uşağın xəstəliyi ilə əlaqədar olaraq müalicəsi üçün Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan əlavə xərclərə görə də ayda 100 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ilin sentyabr ayının 6-da el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşdur. Nikahları isə 26 sentyabr 2014-cü il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 07 avqust 2013-cü il təvəllüdlü Həsən adlı bir oğlu olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Uşaq nikahlarından əvvəl doğulduğundan və cavabdeh uşaqla bağlı atalığın qeydi üçün Qeydiyyat Şöbəsinə müraciət etmədiyindən, həmçinn uşağın saxlamlmasına köməklik etmədyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(050)-1992/2019 saylı qətnaməsi ilə, 07 avqust 2013-cü ildə anadan omuş X3 atasının Cavabdeh olması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq ona və uşağa lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşağın normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Həmçinin uşağın səhhətində problem vardır və daim müalicə tələb olunur. Bu müalicələrə də cavabdeh köməklik etmir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh birgə nikahdan olan uşağın 18 yaşına çatanadək saxlanılması üçün aliment ödəməlidir. O, cavabdehlə birgə nikahdan olan uşağın yaşı 18-dən aşağıdır. Qeyd olunan azyaşlı uşağın bir aylıq ərzaq, geyim və digər zəruri təlabatlarının ödənilməsindən ötrü 200 manatdan artıq vəsait sərf edilir. Yaşayış minimumu uşaqlar üçün aliment təyin edilən vaxt 160 manat olduğu təqdirdə, hazırda 220 manat müəyyən edilmişdir. Görünüdüyü kimi uşağın saxlanılması üçün müəyyən edilmiş minimum vəsait alimentin təyin edildiyi vaxtla müqayisədə 60 manat artmışdır. Ötən 4 illə müqayisədə bir çox ərzaq məhsulları və zəruri gündəlik təlabat mallarının qiymətində də artımlar vardır. Lakin cavabdehin ödəməli olduğu alimentin məbləği dəyişməmişdir. Bu xüsusat isə bir daha cavabdehin ödəməli olduğu alimentin məbləğinin də artırılması zərurətini göstərir. Bundan başqa qeyd olunan uşaq alergiya xəstəliyindən əziyyət çəkir. Uşağın müayinə və müalicəsinə hər ay 200 manatdan artıq pul tələb olunur. Göründüyü kimi cavabdehlə birgə nikahından olan uşağın müalicəsi mütəmadi xərakter daşımaqla əlavə xərc tələb edir. Cavabdeh isə uşağın müalicəsinə heç bir köməklik etmir. Qanunvericiliyin tələbinə əsasən xəstə uşağın müalicəsi ilə əlaqədar olaraq məhkəmə valideynlərdən birini tərəfin tələbi ilə əlavə xərclərə də cəlb edə bilər. Cavabdehlə birgə nikahdan olan uşaq xəstədir ki, onun müalicəsinə də o, hər ay 200 manatdan artıq vəsait xərcləyir. Qanunvericiliyin tələbinə əsasən həmin xərcə də cavabdeh cəlb olunmalıdır. Odur ki, alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda himayəsində olan və yetkinlik yaşına çatmayan uşaq alergiya xəstəliyindən əziyyət çəkir. İmkansızlığdan uşağı həkimə vaxtında apara bilmir. Odur ki, uşaq üçün tutulan alimentin məbləğinin artılmasını və uşağın müalicə xərclərinin qarşılanması üçün əlavə pul tutulmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatnı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 sentyabr 2014-cü il tarixdə Masallı RİHB-nin Boradigah qəsəbə ərazi nümayəndəliyində 47 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Cabbarova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 07 avqust 2013-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası ------ Samit Hikmət oğlu, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə, 55 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(050)-1992/2019 saylı qətnaməsindən görünür ki, 07 avqust 2013-cü ildə anadan olmuş X3 atasının Cavabdeh olması müəyyən edilməsi, 07 avqust 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçi İddiaçı ödənilməsi, alimentin tutulması 22 avqust 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materillarına əlavə edilmiş Medikus Clinic tərəfindən verilmiş allergik testlər nəticəsindən görünür ki, xx.xx.2013-cü ildə doğulmuş Cavabdeh İmmunoqlobulin E (lgE) (240.3) xəstəliyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Yuxarıda qeyd edilən halla bağlı məhkəmə qeyd edir ki, 07 avqust 2013-cü il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatmamışdır, alergiya xəstəliyi ilə əlaqədar mütəmadi müalicə olunur, alergiyaya dair müalicəyə ehtiyacı var, əvvəlki qətnamə ilə müəyyən edilmiş 120 manat aliment hazırki şəraitdə uşağın saxlanması, müalicəsi, təhsilinin davam etdirilməsi üçün yetərli deyildir, ona görə də məhkəmə uşağın qanunla qorunan mənafelərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat həddində müəyyən edildiyindən, cavabdeh bir uşağa görə alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 81-ci maddəsində qeyd edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmə iddianın cavabdehin uşağın müalicəsinə çəkiləcək xərclərə cəlb olunması hissəsinə münasibətdə qeyd edir ki, iddia qeyd olunan hissədə 50 manat məbləğində təmin edilməlidir. Ailə Məcəlləsinin 85-ci maddəsində qeyd edilmişdir ki, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Maddənin məzmunundan da görünür ki, həmin vəsaitin tutulması üçün keçmiş ərin zəruri vəsaitə malik olması birbaşa şərt kimi göstərilmişdir. Lakin hazırda iddiaçı həmin şərtin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin edildiyindən artırılmış alimentin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə; Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(050)- 1992/2019 saylı qətnaməsi ilə 07 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yermiş) manat müəyyən edilərək İddiaçı verilsin. Cavabdeh 07 avqust 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi müalicə xərcləri üçün hər ay 50 (əlli) manat müəyyən edilərək İddiaçı verilsin İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar