Məhkəmə qərarları › İş №2(050)-2146/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2146/2024

29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2146/2024 29.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat pulun, hüquqi xidmətə görə ödəmiş olduğu 300 (üç yüz) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 60 (altmış) manat, notariat xərci kimi ödənilmiş 20 (iyirmi) manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 2022-ci ilin sentyabr ayında ona yaxınlaşaraq, 3000 manat pul lazım olduğunu demiş, ferması olduğunu və qoyun-quzu alıb bir qədər saxladıqdan sonra satıb qazanc etmək istədiyini, lakin pulunun az olduğunu, 3000 manat pul çatmadığını bildirərək borc istəmiş, həmin pulu 3 aya qaytaracağını demişdir. O, da bacısı Sənubər Məmmədliyə müraciət edərək ,Əsgərə borc vermək üçün pul lazım olduğunu demiş, bacısı Sənubər uşağının əməliyyatı ilə bağlı evdə olan puldan 3000 manat pulu iddiaçıya vermiş, o da həmin pulu həyətində cavabdehə vermişdir. Təxminən 10-15 gün sonra yenə də cavabdeh müraciət edərək, pulun çatmadığını, əlavə 2000 manat da pulun lazım olduğunu bildirmişdir. Yenə də iddiaçı bacısı Sənubər Məmmədliyə müraciət etmiş, o, da uşağı əməliyyat etdirmək üçün yığdığı puldan 2000 manatı həyətində iddiaçıya vermiş, o da həmin pulu öz həyətində cavabdehə vermişdir. Sonradan cavabdeh qeyd olunan puldan cəmi 1000 manatını qaytarsa da, qalan 4000 manatı hazırkı vaxtadək qaytarmamışdır. Cavabdeh zənglərini açmamış, ondan gizlənmişdir. Daha sonra isə onun həmkəndliləri Aynur Tağıyevdən də pul alıb qaytarmadığını eşitmişdir. Aynur ilə bir yerdə cavabdehin işlədiyi məktəbin qarşısına gedib pulları nəyə görə qaytarmadığını aydınlaşdırmaq istəsələr də cavabdehin atası onları söyərək, təhqir etdiyindən mübahisənin böyüməməsi üçün oradan çıxıb getmişlər. Sonradan isə aydın olmuşdur ki, cavabdehin atası barələrində əsassız şikayət etmişdir. Həmin şikayət üzrə araşdırma zamanı cavabdeh özü də izahatında ondan qeyd olunan vaxtda 3000 və 2000 manat olmaqla, cəmi 5000 manat pul almasını etiraf etmişdir. Lakin həmin pulu ona qaytardığını qeyd etmişdir. Halbuki o, iddiaçıya cəmi 1000 manat pul qaytarmışdır. Nəticədə cavabdeh vəsaiti hesabına əsassız varlanmaqla ona ziyan vurmuşdur. Qeyd olunan pulu dəfələrlə tələb etsə də, vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə isə 60 manat məhkəmə rüsumu və vəkilin hüquqi xidmətinə görə 300 manat ödəməli olmuşdur. Bu xüsusatlar dövlət rüsumunun ödənilməsi barədə qəbz, hüquqi xidmətlə bağlı müqavilə və ödənişə dair qəbz, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapır. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, nümayəndə-Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı cavabdeh faizlə pul verdiyindən, tələb etdiyi məbləğdə haqlı deyildir. Belə ki, onun oğlu cavabdehdən 1000 manat pul almışdır. Həmin pulu da qaytarmışdır. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 fevral 2024-cü il tarixli qərardan görsənir ki, aparılmış araşdırma zamanı, izahatı alınmış Cavabdeh izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə özü müraciət etmişdir. Bildirmişdir ki, X4 və İddiaçı Dadaş oğlu həmkəndliləridir. 2021-ci ilin noyabr ayında Cəlilə yaxınlaşaraq, pula ehtiyacı olduğunu demişdir. Cəlil isə bildirmişdir ki: “sənə borc verib kömək edərəm”. Ondan 2000 (iki min) manat borc pul almışdır. Pulu sadəcə borc olaraq vermiş və demişdir ki, pulu hissə-hissə qaytaracaqdır. Hər ay 200 (iki yüz) manat olmaqla 3 aya 600 (altı yüz) manat pul qaytarmışdır. Əsgər Cəlilə vəziyyətinin yaxşı olmadığını və pulu qaytara bilməyəcəyini demişdir. Həmin vaxt Cəlil yenə ona işlərini görməsi üçün 3000 (üç min) manat pul vermişdir. 2022-ci ilin mart ayının 30-dan etibarən oktyabr ayına kimi hər ay 500 (beş yüz) manat olmaqla, ümumilikdə 4200 (dörd min iki yüz ) manat Cəlilə pul vermişdir. 2023-cü ilin yanvarın 13-də atası Fazil Cəlilin evinə gedərək, ona 1000 (min) manat pul vermişdir. Onların Cəlilə borcu qalmamışdır. Aparılmış təhqiqat zamanı izahatı alınmış İddiaçı xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə barəsində edilmiş şikayətlə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, Cavabdeh və X3 həmkəndliləridir. 2022-ci ilin sentyabr ayında Cavabdeh yaxınlaşaraq demişdir ki, pula ehtiyacı var, pulunu artırmaq üçün qoyun alacaqdır. Evdə olan bacısı uşağının əməliyyat pulunu ona vermişdir. Əsgərə pulu verəndə demişdir ki, 3 ay ərzində pulu qaytarmalıdır. Hətta cavabdeh demişdir ki, ziyan belə eləsə onun pulunu müəllim yoldaşlarından alaraq qaytaracaqdır. 3 ay keçməsinə baxmayaraq Əsgər pullarını qaytarmamışdır. Arvadını dəfələrlə Əsgər və Fazilin yanına göndərərək, pulları istəsə də, onlar pulları qaytarmamışlar. 2023-cü ilin təxminən yanvar ayında Fazil evlərinə gələrək, 1000 (min) manat pulu arvadı Sevilə vermiş və demişdir ki; “qalan pulun adını tutmayın”. Masallı Rayon İcra Hakimiyyətinin Başçısının 17 aprel 2024-cü il tarixli sərəncamından görünür ki, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olan X2 əri İddiaçı üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göstərilən maddi hüquq normalarına və işin faktiki hallarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, İddiaçı və Cavabdeh arasında qanuna zidd olmayan şifahi formada 2 dəfə olmaqla borc müqaviləsi bağlanmışdır. Cavabdeh nümayəndəsi 1000 manat borc pul aldığını və həmin pulu da qaytardığını qeyd etsə də, məhkəməyə bu halı təsdiq edən mötəbər və təkzibolunmaz sübut təqdim etməmiş, yalnız özünün ifadəsi ilə əsaslandırmış, həmçinin məhkəmə araşdırması zamanı işin halları ilə sübuta yetməmişdir. Ona görə də cavabdehin nümayəndəsinin izahatını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat pul və notariat xidmətlərinə görə ödənilmiş 20 (iyirmi) manat cavabdehə adi edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat pul, notariat xərci kimi ödənilmiş 20 (iyirmi) manat pul və dövlət rüsumuna görə ödənilmiş 60 (altmış) manat pul alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar