Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2284/2024 27.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20500 manat məbləğində pulun və 152 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 10 mart 2023-cü il tarixli mövcud borcun etirafı müqaviləsinə əsasən cavabdehə 20500 (iyirmi min beş yüz) manat borc pul vermişdir. Həmin müqavilənin şərtlərinə görə cavabdeh aldığı borcu xx.xx.2024-cü il tarixədək hissə-hissə borc verənə, yəni ona qaytaracağını öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərini bu günə kimi icra etməmişdir. Cavabdehə həmin pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ondan aldığı 20500 manat pulu geri qaytarmamışdır. Cavabdeh pulu ona qəsdən qaytarmaq istəmir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmunun uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, CD disklərdə olan səs yazıları ona və Cavabdeh məxsusdur. Cavabdeh borcunu hər dəfə qayracağını bildirsə də, müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-313 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında bağlanmış mücərrəd müqavilədən görünür ki, Cavabdeh İddiaçı 20500 manat məbləğində borcu olduğunu tam olaraq etiraf etmiş, aldığı borc məbləğini xx.xx.2024-cü il tarixədək borc verənə hissə-hissə qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncu xx.xx.2023-cü il tarixli müqavilə üzrə alınmış 20500 manat borcun 20 gün müddətində tam şəkildə qaytarılmadığı təqdirdə öhdəliyin icrasını təmin etmək üçün müvafiq tədbirlər görəcəyi ilə bağlı xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısı dinlənilmiş, həmin səs yazısında bir daha Cavabdeh İddiaçı 20500 manat borcu olduğunu, həmin borcu yanvar ayına kimi qaytaracağını bildirir. Bundan başqa aralarında olan razılığa əsasən Cavabdeh borcun etiraf olunması barədə İddiaçı ilə “ASAN” xidmət mərkəzinə gedib müqavilə bağlayacağına etiraz etmir və pulu yanvar və fevral ayına kimi qaytaracağını, imkanı olarsa daha tez qaytaracağını bildirir. Göründüyü kimi, işin materiallarına əlavə edilmiş müqavilənin məzmunu, onun formasına uyğundur və onlar bir-birini tamamlayır. Müqavilənin məzmunundan görünür ki, borclu müəyyən borcu etiraf edir və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qanunun mənasına görə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən gecikdirilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, iddiaçı 20500 manat pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 152 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 20500 (iyirmi min beş yüz) manat pul vəsaiti və 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2284/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2284/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver