Məhkəmə qərarları › İş №2(050)-2354/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2354/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2354/2025 25.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddiaçı xeyli müddətdir kənd təsərrüfatı sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olur. Əvvəllər tanıdığı Masallı rayon Çaxırlı kənd sakini Cavabdeh ona bildirmişdir ki, yonca toxumu almaq istəyir, lakin pulu yoxdur. Ondan bir ay müdətinə 1800 manatlıq əkmək üçün yonca toxumu verməyini xahiş etmişdir. Nəticədə iddiaçı, Cavabdeh 20 aprel 2024cü il tarixdə 1800 (min səkkiz yüz) manatlıq əkmək üçün yonca toxumu vermişdir. Cavabdeh ilə aralarındakı razılaşmaya əsasən sonuncu 1 ay müddətinə 1800 (min səkkiz yüz) pulu ona verməli idi. Lakin razılaşmadan bir neçə ay keçsə də cavabdeh ondan aldığı yonca toxumunun pulunu geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən ona borclu olduğu 1800 manatı tələb etsə də, Cavabdeh borclu olduğu puldan 350 manat hissəsini ödəmiş, qalan 1450 manatı ödəməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Cavabdeh 1450 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 45 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə əkmək üçün 1800 manatlıq yonca toxumu vermişdir. Aralarındakı razılaşmaya əsasən ay yarıma toxumun pulunu ödəməli idi. Hazırda borcdan 350 manat ödənilmiş, 1450 manat qalıq borc qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdehlə istifadəsində olan telefon nömrəsi vasitəsilə əlaqə saxlanmış, o, məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin hazırkı mülki iş üzrə 1450 manat borcu etiraf etmiş, borc məbləğini və iddia ərizəsinin verilməsinə görə 45 manat ödənilmiş dövlət rüsumunu ödəməyə razı olduğunu bildirmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında da cavabdeh iştirak etmədiyinə görə onunla əlaqə saxlanmış, cavabdeh iddia tələbindən məlumatlı olduğunu, növbəti məhkəmə iclasınadək borcunu ödəyəcəyini bildirmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 97/2-13-3600/11/25 №-li İddiaçı ünvanlanmış məktubundan görünür ki, Cavabdeh ona pul borclu olması barədə xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə ünvanladığı müraciətinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, qaldırdığı məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından, müraciəti ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə 1800 manat dəyərində yonca toxumu götürmüşdür. Hal-hazırda 1800 manatdan 350 manatı ödəmişdir. 1450 manat borcu qalmışdır. Borcunu dekabr ayının 20dək bağlayacaqdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malın dəyərini ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki. İddiaçı tərəfindən Cavabdeh əkmək üçün 1800 manat dəyərindən yonca toxumu verilmiş, bununla da alğı-satqı müqaviləsi üzrə iddiaçı (Satıcı) tərəfindən icra edilməli olan öhdəlik yerinə yetirilmişdir. Bunun əksi olaraq cavabdeh tərəfindən alğı-satqı müqavilə üzrə ödənilməli olan məhsulun dəyəri qismən 350 manat ödənilməklə, öhdəliklər cavabdeh (alıcı) tərəfindən natamam icra edilmişdir. Qeyd edilən hal cavabdehin iddianı etirafı ilə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar