Məhkəmə qərarları › İş №2(050)-2371/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2371/2025

07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2371/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı (probasiya üzrə) böyük icra məmuru X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kiçik iddia qaydasında iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun dəyəri olan 2277,40 manat pulun tutularaq tutularaq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Masallı Rayon Məhkəməsinin 2(050)-2371/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-384/2024 saylı 07 oktyabr 2024-cü il tarixli hökmünə əsasən xx xxxxxxxx 1972-ci il təvəllüdlü, Masallı rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 08 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini (bundan sonra ENV) gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm 07 noyabr 2024-cü il tarixdə İddiaçı icraatına daxil olmuş, hökmün icrası ilə bağlı məhkumun yaşadığı ünvan 2 ünvanına bildiriş göndərilmiş, məhkum 27 dekabr 2024-cü il tarixdə İddiaçınə gəlmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi qaydaları ona izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh 13 yanvar 2025-ci il tarixli protokola əsasən 35639003 nömrəli “ATTENTİ” markalı mobil nəzarət qurğusu tətbiq edilmiş, elektrik adapteri, sadə elektron qolbaq, proqram lisenziyası və kitabça təhvil verilmişdir. Məhkuma ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini zədələyərək yararsız hala salmışdır. Məhkuma təhvil verilmiş elektron nəzarət vasitəsinə baxış keçirərkən, ona müəyyən ziyan vurulduğu aşkar edilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Rəqəmsal Monitoring İdarəsi tərəfindən təqdim edilən 12 fevral 2025-ci il tarixli texniki rəydən görünür ki, “Attenti” sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX700 qplbağı, adaptor, kabura və çanta aşkarlanmamışdır. Bunları nəzərə alaraq komplektin təkrar istifadəyə yarasız olması qeyd edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277,40 manat təşkil edir.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı (probasiya üzrə) böyük icra məmuru X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddia tələbinin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-384/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 08 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.

9. İddiaçı 27 dekabr 2024-cü il tarixli iltizamının surətindən görünür ki, məhkum Cavabdeh İddiaçınə gəlmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi qaydaları ona izah edilməklə iltizamı alınmışdır.

10. İddiaçı 13 yanvar 2025-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 35639003 nömrəli “ATTENTİ” markalı mobil nəzarət qurğusu tətbiq edilmiş, elektrik adapteri, sadə elektron qolbaq, proqram lisenziyası və kitabça təhvil verilmişdir. Məhkuma ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri izah edilmişdir.

11. İddiaçı 04 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixə probasiya üzrə böyük icra məmuru Nümayəndə2, probasiya üzrə böyük icra məmuru Nümayəndə1 və məhkum Cavabdeh iştirakları ilə akt tərtib edilmiş, məhkum Cavabdeh yaşayış evində aşkar edildi, məhkumun üzərində baxış keçirilərkən elektron nəzarət vasitəsi aşkar edilməmiş, elektron nəzarət vasitəsi Bakı şəhərində ayağından qıraraq çıxarıb zibil yeşiyinə tulladığını etiraf etdi. Aktın doğruluğunu imzalarla Nümayəndə2, Nümayəndə1 və Cavabdeh təsdiq etmişlər.

12. İddiaçı 04 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh 13 yanvar 2025-ci il tarixdə 35639003 nömrəli “ATTENTİ” markalı mobil nəzarət qurğusu və 078CE31999 nömrəli sadə qolbaq tətbiq edilmiş, bu barədə məhkumun izahatı alınaraq Rəqəmsal Monitorinq İdarəsinə məlumat verilmişdir.

13. İddiaçın ünvanlanmış məhkum Cavabdeh 04 fevral 2025-ci il tarixli izahatının surətindən görünür ki, Bakı şəhərində olarkən ayağı şişmiş, bu səbəbdən qolbağı qıraraq üzərindən çıxarmış, 28 May metrosu yaxınlığında ataraq həmin yerdən uzaqlaşmışdır. Atılmış elektron nəzarət vasitəsinə görə ondan pul tutulacağı barədə xəbərdardır. Etdiyi əməli dərk edir, bir səhv etdiyini söyləyir.

14. 12 fevral 2025-ci il tarixli ED 000654 nömrəli mütəxəssis rəyin surətindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsindən emal üçün götürdükləri Attenti sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağı, adaptor, kabura və çanta aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır.

15. 12 fevral 2025-ci il tarixli ED 000654 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş foto şəkilin surətindən görünür ki, şəkildə yanlız 35639003 nömrəli “ATTENTİ” markalı mobil nəzarət qurğusu təsvir edilmişdir.

16. 29 iyul 2021-ci il tarixli “Attenti” markalı elektron nəzarət vasitələrin dəyəri təqdim edilmiş məktubun surətindən görünür ki, komplektə daxil olan sadə elektron qolbaq – 1 ədəd; mobil nəzarət qurğusu – 1 ədəd; elektrik adapteri – 1 ədəd; proqram lisenziyası – 1 ədəd bu kimi vasitələrdən ibarətdir. Komplektin dəyəri 1930,00 manat və ƏDV – 347,40 manat, cəmi 2277,40 manat dəyəri təşkir edir.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-384/2024 saylı 07 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 08 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh 13 yanvar 2025-ci il tarixli protokola əsasən 35639003 nömrəli “ATTENTİ” markalı mobil nəzarət qurğusu tətbiq edilmiş, elektrik adapteri, sadə elektron qolbaq, proqram lisenziyası və kitabça təhvil verilmişdir. Məhkuma ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Məhkuma təhvil verilmiş elektron nəzarət vasitəsinə baxış keçirərkən, ona müəyyən ziyan vurulduğu aşkar edilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Rəqəmsal Monitoring İdarəsi tərəfindən təqdim edilən 12 fevral 2025-ci il tarixli texniki rəydən görünür ki, “Attenti” sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX700 qplbağı, adaptor, kabura və çanta aşkarlanmamışdır. Bunları nəzərə alaraq komplektin təkrar istifadəyə yarasız olması qeyd edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277,40 manat təşkil edir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli qərarı: 7.5. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. 8.1. Şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır. 8.3. Elektron nəzarət vasitəsinin çıxarılması üçün onun monitorinq mərkəzində deaktiv edilməsi və izləmə sessiyasının bağlanılması tələb olunur. 8.4. Elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir. 8.5. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir. Monitorinq mərkəzində çıxarılmış elektron nəzarət vasitələrinin texniki vəziyyəti qiymətləndirilir və avadanlıq bərpa olunması və digər nəzarət subyektinə bağlanılması məqsədi ilə hazırlanması üçün aidiyyəti üzrə təhvil verilir.

20. Cəzaların İcrası Məcəlləsi: 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

24. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

25. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən də, şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

26. İş materiallarında olan "azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə 13 yanvar 2025-ci il tarixli protokoluna istinadən məhkəmə hesab edir ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları izah edilmişdir.

27. Qanunvericiliyin tələbindən göründüyü kimi, şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır.

28. İddiaya əsasən Cavabdeh təhvil alınmış elektron nəzarət qurğusu komplektini təhvil verməmişdir.

29. Belə olan halda elektron nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması və onun saz vəziyyətdə geri qaytarma öhdəliyi cavabdehin üzərində olduğundan və həmin nəzarət vasitəsinin digər şəxsin istifadəsinə verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, elektron nəzarət vasitəsinin cavabdeh tərəfindən İcra qrumuna təhvil verilmədiyi nəticəsinə gəlməyə əsas verir.

30. Qeyd olunan qanunvericiliyin tələblərinə və işin araşdırılmış hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan elektron nəzarət vasitəsinə (komplektə) daxil olan mobil nəzarət qurğusu cavabdehin istifadəsində olmaqla İcra qrumuna təhvil verilmədiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri:

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatlarının dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, 42,78 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

32. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar