Məhkəmə qərarları › İş №2(050)-2386/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2386/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2386/2025 02.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 936 (doqquz yüz otuz altı) manat pulun və iddia üzrə ödənmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh övladı ilə onun övladı Bakı şəhəri 309 saylı orta məktəbin 3-cü sinifinin 3 A sinifində oxuduqları üçün Cavabdeh ilə tanış olmuşdur. Uşaqların bir sinifdə oxumasından istifadə edərək onunla yaxınlıq etməyə başlamışdır. O isə tək ana olaraq himayəsində 3 azyaşlı uşağı saxladığını və maddi durumunun olduqca ağır olduğunu bildirmişdir. Qaldığı evdə və maddi vəziyyəti barədə cavabdeh də, canlı şahid olmuşdur. O, uşaqları üçün balaca bir mağazada geyim məhsulları sataraq ehtiyaclarını qarşılamağa çalışırdı. Cavabdeh da, onun maddi durumundan və ona olan inancından istifadə edərək dəfələrlə nisyə məhsullar almış və yaxın zamanda pulunu verəcəyini bildirmişdir. Onun inamını qazanmaq üçün əvvəl-əvvəl aldığı məhsulların az-az ödənişini etsə də, sonrakı müddətdə borcu 936 manata çatmışdır. Özünün də, həmin məhsullara görə borclu olduğu şəxslər pullarını tələb etdikdə və maddi vəziyyəti pis olduğundan Cavabdeh borcunu daha tez verməsini xahiş etmişdir. Cavabdeh qısa müddətdə borcunu ödəyəcəyini bildirsə də, onunla əlaqə saxlamaq mümkün olmamışdır. O, Cavabdeh qaldığı evi öz evi hesab etdiyindən oraya getmiş, ancaq onun orada kirayədə yaşadığını və bir gecə əvvəl evdən qaçdığını öyrənmişdir. Bundan sonra polisə şikayət etsə də, məsələ mülki xarakter daşıdığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh istifadəsində olan 077 *** ** ** nömrəsi ilə aralarında WhatsApp yazışmaları onun borcunu qəbul etdiyini təsdiqləyir. Lakin o, artıq 4- 5 aydır borcunu qaytara bilmir. Nisyə aldığı məhsullardan isə özü və ailəsi rahatlıqla istifadə edir. Bu səbəbdən o, çarəsiz vəziyyətdə qalıb və məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ona borclu olduğu halda pulu bugünədək qaytarmamışdır. WhatsApp yazışmaları onun borcunu qəbul etdiyini təsdiqləyir. Məbləği qeyd etməmiş, lakin borcluya yazışmalar da, həmin borc barədə cədvəli atmışdır və cavabdeh həmin borcu qəbul etmişdir. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pulu ödəməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin 07 may 2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, İddiaçı 23 aprel 2025-ci il tarixdə ünvanladığı müraciətə baxılmışdır. Nəticədə İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

8. WhatsApp yazışmalarının surətlərindən görünür ki, Cavabdeh İddiaçı 899 manat borclu olduğunu qəbul edir.

9. İddiaçı məhkəməyə təqdim etdiyi 1 ədəd DVD diskdə olan VİD-20250727- WA0019 nömrə ilə qeyd edilmiş görüntüdən görünür ki, “Baktelecom” internet provayderi üçün 07 mart 2025-ci il tarixdə 11 manat, 2 manat, 15 manat, 08 mart 2025-ci il tarixdə 10 manat ödəniş olunmuşdur və qəbzlər Cavabdeh istifadəsində olan 077 *** ** ** nömrəsinə göndərilmişdir.

10. “Elektron məhkəmə” sistemində olan məlumatan görünür ki, 077 *** ** ** nömrə Cavabdeh məxsusdur.

11. 19 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehin xahişi ilə iddiaçı ona 899 manat dəyərində geyim malları vermiş, cavabdeh borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin 899 manat məbləğində geyim mallarını borca alması WhatsApp yazışmalar ilə öz təsdiqini tapır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin evinin internet xidməti üçün 38 manat pul ödənilmişdir. İddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, öhdəliyinə əməl etməmişdir. Hazırda iddiaçı cavabdehdən aldığı mallara görə ona borclu olduğu 899 manat məbləğində pulu və onun kirayə qaldığı evin internet xidməti üçün ödədiyi 37 manat pulu tələb edir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bəndinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, ödənilmiş borc məbləğini və müqavilə ilə müəyyən olunmuş cəriməni iddiaçıya ödəməlidir.

18. İddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Bu zaman məhkəmə cavabdehin iddiaçı ilə arasında watsapp yazışması zamanı iddiaçıya 899 manat borcunun olması və 38 manat internet xidməti üçün iddiaçının ödədiyi ödənişi qəbul etməsin qanunvericiliyin tələbi baxımından, cavabdehin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Hazırda isə iddiaçı tərəfin təqdim etdiyi sübutlardan da, göründüyü kimi, cavabdehin iddiaçıya 936 manat borcu vardır.

19. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 936 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

20. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

21. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 936 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ödənilməlidir.

22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 936 (doqquz yüz otuz altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar