Məhkəmə qərarları › İş №2(050)-2387/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2387/2025

25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2387/2025 25.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı ziyan tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat dəymiş maddi ziyan və dövlət rüsümü kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cəlilabad rayonu, Alar kəndində yaşayır. Cavabdeh ilə heç bir ədavəti yoxdur. O, mal-qara saxlayıb təsərrüfatı ilə ailəsini dolandırır. Cavabdehdən bu ilin mart ayında dəyəri 2550 manat olmaqla bir baş yanı balalı inək almışdır. Bir müddətdən sonra inəyin balasında yüksək hərarət olduğu üçün onu Fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs (VÖEN **********) X1 çağırıb müayinədən keçirmişdir. Müayinə zamanı müəyyən olundu ki, erkək dananın vəziyyəti ağır olduğu üçün müalicəyə cəlb olunmalıdı. Bu səbəbdən də erkək dana yüksək hərarətdən xəstələnib öldü və nəticədə 1000 manat ona ziyan dəymişdir. Bunu müstəqil Baytarın tərtib etdiyi aktla da sübut olunur. Ona məlum oldu ki, aldanmışdır. Cavabdeh xəstə heyvanı sağlam adı ilə ona satmışdır. Cavabdehdən pulunu geri istədikdə pulunu geri qaytarmaqdan imtina etmişdir. Bununla bağlı AR DİN-nin 102 çağrı mərkəzinə zəng edib məlumat vermişdir. Cəlilabad RPŞ-də araşdırma aparılaraq Cəlilabad RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubu ilə şikayəti mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, barəsində polisə şikayət edilmişdir. Masallı Rayon Polis şöbəsində bildirdilər ki, dəymiş ziyan 400 manat təşkil edir. Polisdə 400 manat ondan almışlar. Heyvanı kənddən almışdır və iddiaçıya satmışdır. Satarkən heyvanda soyuğluq var idi. İddiaçı ondan pul tələb edirdi və onun tərəfindən biraz səhlənkarlıq olmuşdur. Pul iddiaçıya verilməli idi. Dananın qiyməti 400-500 manat olardı. İddiaçının qardaşı zəng edərək onu hədələmişdir. O da demişdir ki, get nə istəyirsən et. Polisdə pulu vermiş və ona bildirmişlər ki, pulu iddiaçıya verəcəklər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 30 mart 2025-ci il tarixli aktdan görünür ki, baytar həkim X2 rayonu, Alar kənd sakini İddiaçı müraciəti əsasında onun şəxsi təsərrüfatında təxminən 25 günlük erkək boz qaşqa danaya baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, dananın vəziyyəti normadan aşağı vəziyyəti ağır olduğu üçün müalicəyə cəlb edilməlidir. Mal-qara alqı-satqısı bazarının direktoru Elşad Təhməzovun arayışından görünür ki, 1 baş, 3 aylıq iri buynuzlu malın orta bazar qiyməti 750-800 manat dəyərində qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. 609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 609.3. Qida məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır.

610. Yazılı müqavilədə tərəflər bu Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının xüsusi şərtləri barəsində razılığa gələ bilərlər. Həmin şərtlərə əsasən başlıca qüsurların olmamasına və ya müəyyən xassələrin olmasına təminat verilə bilər, qarantiya müddətləri uzadıla və ya qısaldıla bilər.

611. Qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. 612.1. Heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. 612.1.1. Bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. 612.1.2. Əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. 612.1.3. Müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. 612.2. Müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin. 612.3. Əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 613.1. Alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. 613.2. Satıcının müqavilənin ləğv edilməsi, dəyişdirmə üçün göndərilmə və ya zərərin əvəzinin ödənilməsi hüquqları qarantiya müddəti qurtardıqdan iki ay sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdehdən 2550 manat dəyərində bir baş yanı balalı inək almışdır. Bir neçə gün sonra dana xəstəlik nəticəsində ölmüşdür. İddiaçının mövqeyinə görə ona 1000 manat ziyan dəymişdir. Lakin araşdırma zamanı arayışla ölmüş dananın orta bazar qiyməti 750-800 manat olması müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında onun tərəfindən satılmış dananın xəstə olmasını etiraf etmiş, həmçinin dəymiş ziyan kimi iddiaçıya 400 manat pul ödənilməsini bildirmiş, lakin bununla bağlı məhkəməyə heç bir subut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Odur ki, iddia qismən təmin edilməli və cavabdehdən 750 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin olunduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə cavabdehdən iddiaçıya vurmuş olduğu ziyana görə 750 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində olmaqla, cəmi 780 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 750 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 780 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar