Məhkəmə qərarları › İş №2(050)-239/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-239/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-239/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1600 manat məbləğində pul və 36 manat ödənilmiş dövlət rüsumunu Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayonunda qeydiyyatda olsada, Masallı şəhərində kirayədə yaşayır. Cavabdeh əvvəllər tanımamışdır. Masallı rayonunda ev inşa etmək üçün torpaq sahəsi axtarmışdır. Makler kimi tanıdığı Anar Məmmədovun vasitəsi ilə Cavabdehla tanış olmuşdur. Cavabdeh 2 sot torpaq sahəsinin olduğunu və ona 5000 manata sata biləcəyini bildirmişdir. Onunla razılaşmış və işdə olduğu üçün ilkin ödəniş kimi 750 manat pulu anasından götürməsini bildirmişdir. Cavabdeh həmin evə getmiş və anasından 1600 manat pul alaraq onu aldatmışdır. Bu barədə Masallı rayon Polis şöbəsinə şikayət etmiş və polis tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılmış, bu maddə ilə ittiham aktı tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmənin 1(050)-174/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli hökmü ilə Cavabdeh 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Hazırda o, cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona dəymiş ziyan isə hal-hazıradək ödənilməmişdir. Hüquqi savadı olmadığından cinayət işində təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına məhkəmə bildirişi göndərilərək iddiaya etirazını, iddia tələbi ilə bağlı suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibət bildirməsi xahiş olunmuşdur. Bakı İstintaq Təcridxanasından 15 yanvar 2025-ci il tarixdə daxil olmuş məktuba əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, o, İddiaçı 600 manat pul vəsaiti almışdır, başqa pul vəsaiti almamışdır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:

7. Masallı rayon Məhkəməsinin 1(050)-174/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

8. 27 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 36 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Masallı Rayon Məhkəməsinin 1(050)-174/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona CM-nin 68.1 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hal-hazırda Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkir. Göründüyü kimi, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan yetirmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 1600 manat və ödənilmiş dövlət rüsumuna görə 36 manat məbləğində pul vəsaiti tələb edir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarı:

Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

15. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, yaranmış mübahisənin hüquqi əsası mülki hüquq pozuntusudur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri, işin halları və Masallı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir. Ona görə də, cavabdeh yaranmış ziyanı ödəməlidir.

Məhkəmə xərcləri:

16. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 36 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

15. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1600 manat məbləğində pul vəsaiti və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat məbləğində pul və 36 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar