Məhkəmə qərarları › İş №2(050)-2390/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2390/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2390/2023 18.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları 09 fevral 2010-cu il təvəllüdlü X8 və 16 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı ildə el adəti üzrə faktiki ailə həyatı qurmuşdur. Nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları dövrdə 09 fevral 2010-cu il təvəllüdlü X8 və 16 fevral 2015-ci il təvəllüdlü X3 ibarət iki uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(050)- 815/2018 saylı qətnaməsi ilə uşaqların atasının Cavabdeh olması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatmasınadək saxlanılması üçün hər ay cavabdehdən hər uşağa görə 50 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və uşaqlar üçün yeni doğum haqqında şəhadətnamələr götürülmüşdür. Qeyd olunan alimentin məbləği uşaqların saxlanması üçün yetərli olmadığından sonralar müraciəti əsasında Masallı Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(050)-970/2020 saylı qətnaməsi ilə alimentin məbləği hər uşağa görə 80 manat müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Lakin alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Qanunvericiliyə əsasən cavabdeh birgə nikahdan olan uşaqlarının 18 yaşına çatmasınadək saxlanılması üçün aliment ödəməlidir. Onun cavabdehlə birgə nikahdan olan uşaqlarının yaşı 18-dən aşağıdır. Qeyd olunan azyaşlı uşaqların bir aylıq ərzaq, geyim və digər zəruri təlabatlarının ödənilməsindən ötrü 500 manatdan artıq vəsait sərf edilir. Yaşayış minimumu uşaqlar üçün aliment təyin edilən vaxt 170 manat olduğu təqdirdə, hazırda 220 manat müəyyən edilmişdir. Görünüdüyü kimi uşağın saxlanılması üçün müəyyən edilmiş minimum vəsait alimentin təyin edildiyi vaxtla müqayisədə 50 manat artmışdır. Ötən üç illə müqayisədə bir çox ərzaq məhsulları və zəruri gündəlik təlabat mallarının qiymətində də artımlar vardır. Lakin cavabdehin ödəməli olduğu alimentin məbləği dəyişməmişdir. Bu xüsusat isə bir daha cavabdehin ödəməli olduğu alimentin məbləğinin də artırılması zərurətini göstərir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əlilliyi var və ağır vərəm xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən ağır işdə işləyə bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 09 fevral 2010-cu ildə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 16 fevral 2015-ci ildə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 09 fevral 2010-cu il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmiş və xx.xx.2018-ci ildə 41 nömrə ilə qeydə alınmışdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 16 fevral 2015-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmiş və xx.xx.2018-ci ildə 42 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(050)- 970/2020 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-815/2018 nömrəli, 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə 09 fevral 2010-cu ildə anadan olmuş X5 və 28 fevral 2015-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı hər uşağa görə 30 manat artırılaraq hər ay bir uşaq üçün 80 manat, cəmi 160 manat müəyyən olunmaqla Cavabdeh Hannan oğlundan alınaraq İddiaçı ödənilməsi, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(106)-2255/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(050)-970/2020 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan tibbi rəydən görünür ki, X7 OS-Qarışıq astiqmatizm H+1.0 və M-2.0 müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran rayon psixiatriya xəstəxanasının 29 aprel 2023-cü il tarixli, 197 nömrəli arayışından görünür ki, X7 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə F71.1----İQ-40% müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(050)-970/2020 saylı qətnaməsi ilə 09 fevral 2010-cu il təvəllüdlü X5 və 28 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat müəyyən edilərək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar