Məhkəmə qərarları › İş №2(050)-242/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-242/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-242/2025 27.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddiaçı ünvan 1 ünvanda özünə məxsus fərdi yaşayış evi vardır. 2023-cü ilin noyabr ayının 17-si fərdi yaşayış evinin birinci mərtəbəsindən ikinci mərtəbəsinə pilləkən düzəltdirmək istəmiş, buna görə mobil telefonu ilə internetdən usta axtarmış və Azər adlı usta ilə tanış olmuşdur. İstifadəsində olan 055-301-27- 44 mobil nömrə ilə Azərin ***-***-**- ** mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə görüntülü zəng etmiş və aralarında razılaşmışlar ki, Azər ona istədiyi pilləkəni hazırlaya bilər, lakin buna görə ondan 2400 manat pul alacaqdır və pilləkənə işlənəcək materiallar da həmin 2400 manata daxil olacaqdır. Həmin günü, yəni 17 noyabr 2023-cü ildə təxminən saat 15:00 radələrində Azər yaşadığı ünvana gəlmiş, fərdi yaşayış evində pilləkən düzəldəcəyi yerə baxmış, ölçü götürmüş və ondan 1000 manat beh almışdır. Həmin vaxt Azər ona bildirmişdir ki, pilləkənin mal-materialını alıb gətirsin, təxminən 25 günə pilləkəni düzəldib təhvil verəcəkdir. Bundan sonra Azər onunla sağollaşıb getmişdir. Onu da qeyd edir ki, Azər Masallı rayonunda qeydiyyatda olsa da Sumqayıt şəhərində yaşayır. Təxminən dekabr ayının əvvəlləri Azər ona zəng edərək pilləkənin materiallarını almaq üçün ona əlavə 500 manat pul lazım olduğunu demiş və bank kartının şəklini atmışdır. Həmin vaxt pulu az olduğu üçün Azərin ona göndərdiyi bank kartına “E-manat” ödəniş terminalı vasitəsi ilə 400 manat pul göndərmişdir. Bundan təxminən 15 gün sonra Azər istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən "Whatsapp” proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və bildirmişdir ki, o, yol qəzasına düşdüyü üçün qabırğasını sındırmışdır, ona görə də pilləkəni düzəltməyə gəlməsi bir az ləngiyəcəkdir. 2024-cü ilin yanvar ayının sonları Azər yenə də istifadəsində olan 077-326-39- 38 mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək bildirmişdir ki, əlini əzmişdir, buna görə pilləkənin düzəldilməsi yenə də ləngiyəcəkdir. Bir müddət sonra Azərin işi ləngitdiyini görərək, ondan işi gəlib tez bir zamanda yekunlaşdırmasını, əks halda ona verdiyi pulları geri alacağını bildirmişdir. Bu səbəbdən də mart ayının 9-da Azər onunla danışaraq pilləkənin materiallarından bir hissəsini, yəni təxminən 1/3-ni göndərmiş və təxminən 3 gün sonra materialların qalanını da göndərəcəyini bildirmişdir. Həmçinin Azər ona materialları gətirən “Prius” markalı maşının sürücüsünün yol haqqı olan 100 manat pulun da 2400 manata daxil olduğunu bildirmişdir. Bu zaman Azərlə “Novruz bayramı” tətilində yaşadığı ünvana gəlib pilləkəni düzəldib ona təhvil verməsi ilə bağlı yenidən razılaşmışlar. Lakin Azər onu aldadaraq, razılaşdığı vaxtda gəlməmişdir. Daha sonra Azər yenə də onunla əlaqə saxlayaraq özü gələ bilməyəcəyini, lakin qalan materialı göndərəcəyini və hətta materialı gətirəcək maşına 45 manat pul da verəcəyini bildirmiş, lakin bu sözünə də əməl etməmişdir. Təxminən aprel ayının ortaları Azərlə telefonla danışığı zamanı ondan materialların hazır olub-olmamasını soruşmuş, Azər isə materialların hazır olmadığını, lakin yaxın zamanlarda özü gələ bilməsə də qalan materiallarla yanaşı usta da göndərəcəyini və həmin ustanın pilləkəni düzəldib təhvil verəcəyini bildirmişdir. May ayının ortalarınadək gözləmiş, lakin Azərin yenə də heç nə etmədiyini görüb ondan pulunu tələb etmişdir. Həmin vaxt Azər ona hər həftə 300 manat, ümumilikdə 900 manat pul göndərəyini demişdir. Bu yolla dəfələrlə onu aldatmış pulunu verməmişdir. İddiaçının tələbi: Cavabdeh 900 manat borc pulun, dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun və hüquqi yardıma görə ödənilmiş 100 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Saatlı RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardım almaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı pilləkənin hazırlanması üçün cavabdehə 2400 manat pul verməyi öhdəsinə götürmüş, cavabdeh isə qısa müddət ərzində pilləkəni hazırlayıb təhvil verməyi öhdəsinə götürmüşdür. Bunun üçün əvvəlcədən ilkin olaraq 1000 manat, daha sonra 400 manat beh almışdır. İşin 1/3 hissəsini icra etdikdən sonra ödəmiş olduğu 1400 manat behdən 900 manatlıq icra edilməmiş öhdəlik qalmış və həmin öhdəlik bugünədək cavabdeh tərəfindən icra edilməməklə yanaşı, beh də geri qaytarılmamışdır. Bununla da cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Həmçinin cavabdehin iştirakının təmin edilməsi üçün ona hər məhkəmə iclasında xəbərnaməli poçt göndərişləri ilə məlumat verilməsinə baxmayaraq cavabdeh iddiaya münasibətini bildirməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar