Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2433/2025 04.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyana görə 2500 (iki min beş yüz) manat pulun, həmçinin dövlət rüsumuna görə ödəmiş olduğu 45 (qırx beş) manat pulun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci il may ayının 27-də etibardan sui-istifadə etməklə əmlakı ələ keçirmək məqsədilə Masallı şəhərində yerləşən X3 və X1 mütəxəssis kimi işə qəbul etdirəcəyi barədə yalan vəd vermişdir. Bu yolla o, 3500 (üç min beş yüz) manat müqabilində vəd verərək, 2021-ci ilin 1 iyun tarixindən 1 iyul tarixinədək olan müddət ərzində ümumilikdə 3500 manat pulu aldadaraq ələ keçirmiş və həmin məbləğdə ona qarşı zərər vurmaqla dələduzluq cinayəti törətmişdir. Qeyd edilən cinayət əməlini törətdiyinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Masallı Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(050)-47/2022 saylı hökmü ilə Cavabdeh göstərilən maddə ilə təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmçinin, Masallı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin hazırda həmin məbləği ödəməyə imkanı olmadığını bildirmişdir.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 02 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq hal-hazırda cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl şərti olaraq cəzadan azad olunduğunu, səhhəti ilə bağlı yaranan problemlər səbəbindən məhkəmə islasında iştirak edə bilməyəcəyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:
8. Masallı Rayon Məhkəməsinin 1(050)-47/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 68.1.1-1 və 66.5-ci maddələrinə əsasən 1 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
9. 25 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 45 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh aldatma və etibardan suiistifadə etmə yolu ilə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin puldan 1000 manat qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 1(050)-47/2022 saylı, 05 aprel 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinərək ona CM-nin 68.1.1-1 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hal-hazırda Cavabdeh cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Göründüyü kimi, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan yetirmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 2500 manat və ödənilmiş dövlət rüsumuna görə 45 manat məbləğində pul vəsaiti tələb edir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarı: Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
16. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, yaranmış mübahisənin hüquqi əsası mülki hüquq pozuntusudur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri, işin halları və Masallı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Ona görə də, cavabdeh yaranmış ziyanı ödəməlidir.
Məhkəmə xərcləri:
17. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 45 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
15. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
16. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və 45 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov