Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-245/2025 06.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1961-ci ildə Masallı rayonunda anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun əri X6 xx.xx.1961-ci ildə Masallı rayonunda anadan olmuş və 1998-ci ilə kimi Masallı rayonu Sığdaş kəndində yaşamışdır. 1998-ci ildə Qazaxıstan Respublikasına getmiş və bundan sonra bir daha geri qayıtmamışdır. Artıq uzun illərdir ki, Ağalar Xancanovun yaşaması və ya ölməsi, habelə harada olması barədə heç bir məlumatları yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda X4 1998-ci ilədək Sığdaş kəndində yaşaması və sonradan məlumat olmaması təsdiq olunmuşdur. Həmçinin, onun axtarılması barədə Masallı Rayon Polis Şöbəsinə də müraciət olunmuş, xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Ağalar Xancanovun yerinin müəyyən edilməsi üçün axtarış aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. X2 yer məlum olmadığı və iki il ərzində yaşayış yerində görünmədiyi üçün məcbur olub məhkəməyə onun xəbərsiz itkin düşmüş hesab olunması barədə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 1961-ci il təvəllüdlü X6 ilə 1985-ci il tarixdə nikaha daxil olmuş və nikahlarından 4 övladları doğulmuşdur. Əri 1998-ci ildə Qazaxstana Respublikasına getmişdir. Övladları onu ölkəxaricində axtarmış, lakin tapa bilməmişlər. Yaşadıqları fərdi yaşayış evi köhnəlmiş və qəzalı vəziyyətdədir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X4 adına olduğu üçün, yeni evin tikilməsi üçün sənədləşmə işləri apara bilmirlər. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi və Masallı Rayon Polis şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızıdır. X6 Azərbaycan Respublikasında təhsil almış və çay fabrikində işləmişdir. Sonradan ölkəxaricinə getmiş və ailəsinə müəyyən maddi yardım etmişdir. 1998-ci ildən onun barəsində heç bir məlumat yoxdur. Ərizəçi ilə nikahlarından 4 övladları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X6 onun qardaşıdır. 1997-1998-ci ildə qardaşı Qazaxstana getmişdir. O, ölkə və ölkəxaricində axtarılmış, lakin tapılmayıb. Qardaşı 1961-ci ildə anadan olmuş, Ərizəçi ilə 1985-ci ildə nikaha daxil olmuş və nikahlarından 4 nəfər övladları olmuşdur. İş materiallarında olan: nikah haqqında şəhadətnamədən görünür ki, 13 yanvar 1961-ci il təvəllüdlü X6 ilə xx xxxx 1965-ci il təvəllüdlü Ərizəçi arasında 07 yanvar 1985-ci il tarixdə Masallı rayon Böyük Kolatan kənd sovetliyində 02 nömrə ilə nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Xancanov, arvada Cavadova soyadı verilmişdir. Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2024-cü il tarixli, 552 saylı arayışından görünür ki, Masallı rayonu, Babaküçə kəndində 13 yanvar 1961-ci il tarixdə anadan olan X6 təxminən 1998-ci ildən Sığdaş ərazisində yaşamır. Yaxın qohumlarının dediklərinə görə həmin ildən Qazaxstan Respublikasına getmiş və bu günə kimi əraziyə qayıtmamışdır. 26 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 13 yanvar 1961-ci il təvəllüdlü X4 qohumluq əlaqələrinin itirməsi ilə bağlı cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 13 yanvar 1961-ci il təvəllüdlü X6 ilə xx xxxx 1965-ci il təvəllüdlü Ərizəçi arasında 07 yanvar 1985-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahlarından 4 övladları doğulmuşdur. X6 1998-ci ilədək Masallı rayonu, Babaküçə kəndində yaşamış, həmin tarixdən sonra işləmək üçün Qazaxstan Respublikasına getmişdir. Lakin X1 Respublikasına getdikdən sonra ailəsi ilə əlaqə saxlamamış, ondan heç bir məlumat və ya xəbər alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə müəyyən etdi ki, X6 barəsində 1998-ci ildən etibarən heç bir məlumat olmadığından və yaşayış yerində görünmədiyindən o, son məlumatların alındığı ilin sonrakı ilin yanvar ayının 01-dən yəni, 01 yanvar 1999-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 312-ci madəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Araşdırma zamanı müəyyən olunur ki, şəxsin xəbərsiz itkin düşmüş elan edilməsinin təsdiq edilməsi ərizəçiyə onun adına olan torpaq sahəsi üzərində yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin əvəzinə yeni ev tikmək üçün lazımdır. Lakin, əri olmadığı üçün sənədləşmə işlərinin aparılması mümkün deyil. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 xəbərsiz itkin düşmüş elan edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, buna görə də ərizə təmin edilməli, Masallı rayonu, Babaküçə kəndində doğulmuş 13 yanvar 1961-ci il təvəllüdlü X6 01 yanvar 1999-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayonu, Babaküçə kəndində doğulmuş 13 yanvar 1961-ci il təvəllüdlü X6 01 yanvar 1999-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-245/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-245/2025
06.03.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver