Məhkəmə qərarları › İş №2(050)-2513/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2513/2023

15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2513/2023 15.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 fevral 2014-cü il təvəllüdlü X6 və 07 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşlar. Nikahlarını 28 oktyabr 2013-cü ildə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 28 fevral 2014-cü il təvəllüdlü X6 və 07 aprel 2016-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(050)-1965/2019 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Uşaqların bir aylıq ərzaq, geyim və digər zəruri tələbatlarının ödənilməsindən ötrü 400 manatdan artıq vəsait sərf edilir. Yaşayış minimumu uşaqlar üçün aliment təyin edilən vaxt 160 manat olduğu təqdirdə hazırda 220 manat müəyyən edilmişdir. Görünüdüyü kimi uşağın saxlanılması üçün müəyyən edilmiş minimum vəsait alimentin təyin edildiyi vaxtla müqayisədə 60 manat artmışdır. Ötən 4 illə müqayisədə bir çox ərzaq məhsulları və zəruri gündəlik təlabat mallarının qiymətində də artımlar vardır. Lakin cavabdehin ödəməli olduğu alimentin məbləği dəyişməmişdir. Bu xüsusat isə bir daha cavabdehin ödəməli olduğu alimentin məbləğinin də artırılması zərurətini göstərir. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyun 2016-cı il tarixli Qərarının 2-ci bəndinə və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edilmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, hər ay bir uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəyir. Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji istehsalat kompleksləşdirmə idarəsində işləyir, aylıq əmək haqqısı 406 manatdır. Altıncı-bazar günləri fəhləliklə məşğul olur. Yenidən ailə həyatı qurmamışdır. İşləməyinə mane olacaq hər hansı bir xəstəliyi yoxdur. Aliment borcu yoxdur. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışlardan görünür ki, 28 fevral 2014-cü il təvəllüdlü X6 və 07 aprel 2016-cı il təvəllüdlü X2 anası İddiaçı, atası Cavabdehdur. Masallı Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(050)-1965/2019 saylı qətnaməsindən görünür ki, 03 iyul 2019-cu il tarixdən başlayaraq Cavabdeh 28 fevral 2014-cü il təvəllüdlü X4 və 07 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə X1 nikahları Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2020-ci il tarixdə 111 nömrəli qeydlə qeydiyyata alınmışdır. Nikah pozulduqdan sonra ərə Həbibov, arvada Ağayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(050)-1965/2019 saylı qətnaməsinin qəbulundan 4 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşaqların böyüdükcə artan tələbatlarını (həmçinin, nəzərə alınmalıdır ki, həmin vaxt uşaqlar məktəbli deyildilər.), dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, diqqətəlayiq digər halları, eləcə də uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Ən əsası övladlarının mənafeyi ön planda olsun. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 220 manat manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(050)-1965/2019 saylı qətnaməsi ilə 28 fevral 2014-cü il təvəllüdlü X6 və 07 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 160 (bir yüz altımış) manat olmaqla iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar