Məhkəmə qərarları › İş №2(050)-2523/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2523/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2523/2024 27.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3800 manat pu vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun daimi qeydiyyatı Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurtlar kəndinədir. Ağdam rayonundan məcburi köçkün olduğuna görə ünvan 1ünvanında müvəqqəti məskunlaşmışdır. Əvvələr işlədiyi Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı, tanışı və dost münasibətində olduğu Cavabdeh 22 may 2023-cü il tarixdə ona zəng edərək yaşadığı binaya taksiylə gəldiyini bildirmiş, o da həyətə düşüb onunla görüşmüşdür. Cavabdeh vasmoy bazarında mağazanın arendasını verə bilmədiyini bildirərək ondan 3000 manat pul borc istəmişdir. Ona 3000 manatı vermiş, şifahi olaraq 3 ay içində ona pulu qaytaracağını bildirmişdir. Bundan sonra 2023-cü ilin iyul ayında təkrar azyaşlı oğlu ilə yaşadığı ünvana, evinə gəlmişdir. Ona işinin yaxşı getmədiyini bildirərək borclardan çıxmaq üçün oğluna sünnət toyu edəcəyini bildirərək ondan sünnət toyu üçün 3000 manat borc pul istəmişdir. Ona 3000 manat pulu evində vermiş və səhəri gün onun işlədiyi mağazaya gedərək orda ümumi borc məbləği haqqında iltizam yazmasını bildirmişdir. Cavabdeh bu dəfə ondan götürdüyü ümumi 6000 manat borc pul barədə könüllü iltizam tərtib etmişdir. Pullarını 2023-cü ilin oktyabr ayında sünnət toyu edib sonra qaytaracağını bildirmişdir. Cavabdeh şəxs onun evini satdığını və onda pul olduğunu bilirmiş. Cavabdeh Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında mağazada xırdavat məktəb ləvazimatları və idman üçün sumkaların satışı ilə məşğuldur. Cavabdeh pulları ondan götürməsi barədə könüllü iltizam tərtib edərkən götürdüyü pulları 3 ay ərzində 2023-cü ilin oktyabr ayının sonuna qədər qaytaracağını bildirmişdir. 2023-cü il oktyabr ayında ondan pullarını istəyəndə o, özünün xəstə olduğunu bildirmiş və qohumlarının rəhmətə getdiyini bildirərək 40 mərasimindən sonra oğluna sünnət edərək yığılan pullarla borcunu qaytaracağını bildirmişdir. Daha sonra yas mərasimi ilə əlaqədar sünnətin gecikəcəyini bildirərək hər gün 20 manat işlədiyi mağazadan verəcəyini söyləsə də, sonradan işlədiyi mağazada iş olmadığını söyləyərək fikrindən yayınmışdır. Ümumilikdə cavabdehin ondan 2 dəfəyə götürdüyü və son tərtib etdiyi iltizam üzrə borcu ümumi 6000 manat olmuşdur. Cavabdeh ondan götürdüyü 6000 manat puldan bu günədək 2200 manat qaytarmışdır. Cavabdehin qaytarmadığı borcu 3800 manatdır. Cavabdehdən pulunu tələb edəndə əvvəlcə bildirmişdir ki, işləri yaxşı getmir. Sonra isə ona əlavə vaxt verməyini xahiş edərək qısa zamanda pullarını geri qaytaracağını bildirmişdir. Aradan bir neçə ay keçdi. Sonra cavabdehdən pulunu geri qaytarmağı tələb edəndə iş olmadığını bəhanə edərək ödənişdən imtina etmişdir. Sonradan oğluna sünnət toyu etsə də, ona toydan ziyan etdiyini bildirərək borcunu qaytarmamışdır. Cavabdeh ondan pulları aldığı vaxtda, pulu tez bir zamanda geri qaytarmağı öhdəliyinə götürmüş lakin öhdəliyini lazımi qaydada icra etməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, bildirdi ki, iddiaçıdan 6000 manat borc pul almışdır. Həmin puldan 2200 manat qaytarmış, qalan 3800 manat borcunu isə maddi imkanı olmadığından qaytara bilməmişdir. İşi ilə bağlı ziyana düşmüş, hazırda fəhləliklə məşğuldur. Borcunu tam olaraq qaytara bilmir, hər ay 300 manat olmaqla hissəhissə qaytaracağını bildirir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 23 iyul 2023-cü il tarixli iltizamda göstərilir ki, “Mən Cavabdeh bu iltizamı verirəm ona görə ki, Etibardan 22 may 2023-cü ildə 3000 (üç min) manat pul götürmüşəm. Əlavə olaraq təkrar Etibardan 3000 manat pul götürdüm. Hazırda Etibara ümumi olaraq 6000 (altı min) manat borcum oldu. Götürdüyüm 6000 manatı 3 ay içində bütöv olaraq geri qaytarmağı öhtəliyimə götürürəm. 6000 manat pul götürdüm. Heç bir etirazım yoxdur." Cavabdeh iltizamı imza etmişdir. İltizam əlyazma ilə yazılmışdır. Seriya AA 106807 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildən Ağdam rayonundan məcbu köçkün kimi qeydiyyata alınmışdır. İşdə olan sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı 6000 manat məbləğində borc pul almışdır. Ondan 2200 manat qaytarmış, qalan 3800 manatı isə qaytarmamışdır. Bunu cavabdehin özü tərəfindən yazılmış iltizam, həmçinin cavabdehim məhkəmə iclasında verdiyi izahat sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin müqavilədə müəyyən edilmiş vaxtadək ödənilməsini təmin etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 3800 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, ödənilməli olan 58 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilməli olan 58 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar