Məhkəmə qərarları › İş №2(050)-2524/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2524/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2524/2024 10.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 6000 manat və dövlət rüsumuna ödənilmiş 80 manat, cəmi 6080 manat pul tələb etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, o, fərdi təsərrüfatla məşğul olur. Cavabdeh qəssab kimi tanıyır. Əvvəllər dəfələrlə ona təsərüfatında olan iri buynuzlu malqaradan satmışdır. Satdığı iri buynuzlu mal-qaranın pulunu vaxtında vermişdir. Lakin 2023-cü ilin iyun ayında Orxan Ələkbərov ondan təkrar olaraq yenə də iribuynuzlu malqara istəmiş, aralarında olan razılığa əsasən cavabdehə ümumi dəyəri 10.000 manat təşkil edən 6 (altı) baş iri buynuzlu mal-qara vermişdir. Cavabdeh ondan aldığı 6 (altı) baş iri buynuzlu mal-qaranın pulundan 4000 manatı qaytarmış, qalan 6000 manatı qaytarmamışdır. Cavabdeh Masallı rayonu Şıxlar kəndində yaşayır, iri və xırda buynuzlu mal-qaranın kəsimi və satışı ilə məşğul olur. Cavabdehin ona olan 6000 manat pulu qaytarmağa maddi cəhətdən imkanı da var. Lakin Cavabdeh könüllü olaraq mənə olan borcu qaytarmaqdan yayınır. Odur ki, Cavabdeh 6000 manat pulun və ödəmiş olduğu 80 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, hal-hazırda ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 80 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1 və 601.1-ci maddələrinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada nisyə alğı-satqı müqaviləsi olmuşdur. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi, həmçinin cavabdehin iddianı qəbul etməsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh razılaşmanın şərtlərini icra etməyərək, iddiaçıya borclu olduğu 6000 manat borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalı, ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 930, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 manat və dövlət rüsumuna görə ödənilmiş 80 manat, 6080 manat pul alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar