Məhkəmə qərarları › İş №2(050)-2525/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2525/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2525/2024 11.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, 22 iyul 2022-ci il tarixli Masallı rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilib, cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 220 manat aliment pulunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı üç nəfər övladları anadan olmuşdur. Bir müddət ailədə mehriban olmuş, sonradan aralarında narazılıqlar olduğu üçün ayrılmışlar. Uşaqların saxlanması üçün cavabdehdən Masallı Rayon Məhkəmənin 2(050)-1990/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Şirvan Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(106)-1275/2021 nömrəli qətnaməsi ilə 24 noyabr 2004-cü il təvəllüdlü X2, 13 iyun 2006-cı il təvəllüdlü X3 və 22 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat yəni üç uşağa görə 579 (beş yüz yetmiş doqquz) manat aliment tutulmuşdur. Artıq 24 noyabr 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır və o, iki uşağa görə 386 (üç yüz səksən altı) manat aliment pulu alır. Lakin həmin aliment pulu ilə uşaqların tələbatını ödəmək olmur. Onların geyimi, yeməyi, məktəb xərcləri və s. üçün bəs etmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, yetkinlik yaşına çatan uşağın təhsil xərclərinə görə də əlavə olaraq aliment istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, alimentin artırılmasına razı deyildir. Maddi imkanı zəifdir. Yenidən ailə qurmuşdur. Hal-hazırda iş yeri yoxdur. Əvvəlki aliment miqdarını vaxtı-vaxtında ödəyəcəkdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrindən görünür ki, X7 xx.xx.2006-cı ildə və X8 xx.xx.2014-cü ildə doğulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1990/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(106)-1275/2021 nömrəli qətnaməsi ilə 24 noyabr 2004-cü il təvəllüdlü X2, 13 iyun 2006-cı il təvəllüdlü X3 və 22 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, üç uşaq üçün cəmi 579 (beş yüz yetmiş doqquz) manat müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılması qət edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.7-ci bəndində göstərilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13.-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 24 noyabr 2004-cü il təvəllüdlü X2, 13 iyun 2006-cı il təvəllüdlü X3 və 22 oktyabr 2014-cü il təvəllüdlü X4 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqların saxlanılması üçün sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1990/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(106)-1275/2021 nömrəli qətnaməsi ilə 24 noyabr 2004-cü il təvəllüdlü X2, 13 iyun 2006-cı il təvəllüdlü X3 və 22 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, üç uşaq üçün cəmi 579 (beş yüz yetmiş doqquz) manat aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Məhkəmə qeyd edir ki, 24 noyabr 2004-cü il təvəllüdlü X5 və 13 iyun 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatmışlar. Odur ki, hal-hazırda 22 oktyabr 2014-cü il təvəllüdlü X6 münasibətdə alimentin məbləği artırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24 noyabr 2004-cü il təvəllüdlü X5 və 13 iyun 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatması, o cümlədən uşağın əvvəlki təminat səviyyəsini saxlamaq üçün onun mənafeyinə, qayğı və sosial təlabatına uyğun olması nəzərə alınaraq, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1990/2022 saylı qətnaməsi ilə 22 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1990/2022 saylı qətnaməsi ilə 22 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən olunmaqla, Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar