Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2553/2024 19.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin ona şifahi alqı-satqı yolu ilə satdığı qüsurlu avtomobilə görə verdiyi pulun və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qüsurlu olan avtomaşını satmaqla ondan aldığı 3900 manat, etibarnamələr üçün aldığı 500 manat, cəmi 4400 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1973-cü ildə salyan rayonunda anadan olmaqla hazırda rayonun Qaraçala qəsəbəsində yaşayır. Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. 2019-cu ildə maşın almaq məqsədi ilə Sumqayıt şəhərindəki maşın bazarına getmişdir. Orada Masallı rayon Ləngən kənd sakini Hüseyn adlı şəxs atası Cavabdeh məxsus QAZ-3110 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili satmaq üçün gətirmişdir. O, maşından xoşu gəldiyindən almaq istədiyini, maşını satan Hüseyn həmin avtomaşını 4.000 manata satmaq fikrində olduğunu bildirmişdir. Onlar öz aralarında razılaşmışlar ki, həmin avtomaşını 3900 manata alır. Həmin günü bazar günü olduğundan avtomaşını rəsmiləşdirmək mümkün olmadığından razılaşmışlar ki, ona baş etibarnamə versin və sonradan maşını özü öz adına keçirər. Avtomaşın Hüseynin atası İsaqın adına olduğundan ona bildirmişdir ki, birlikdə Masallıya gedib orada atası ona etibarnamə verər. Beləliklə də o, Masallıya Ləngan kəndinə getmiş və həmin günü gecə olduğundan axşamı onlarda gecələmiş və səhəri günü maşının sahibi olan İsaqla birlikdə Masallı rayonundakı “ASAN” Xidmətə gedərək orada İsaqın adından ona etibarnamə verilmişdir. O, 3900 manat pulu İsaqa vermişdir. O, avtomaşını sürərək Salyana qayıtmış və təxminən 10 gün sonra maşını öz adına keçirmək məqsədilə X1 Qeydiyyat Şöbəsinə getmişdir. Avtomaşna baxış keçirilən zaman məlum olmuşdur ki, maşının kuzov nömrəsi ilə ban nömrəsi uyğun gəlmir. Bu səbəbdən də avtomaşın onun adına rəsmiləşdirilməmişdir. Həmin günü İsaqın ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq maşında olan çatışmazlıqla bağlı ona bildirmişdir. Eləcə də ona bildirmişdir ki, onun verdiyi pulu qaytarsın, maşınını gətirir. İsaq ondan xahiş etmişdir ki, bunu açıbağartmasın, o, hər il ona etibarnamə verər və hər il maşını sürər, lakin 4-5 ildən sonra maşında olan çatışmazlığı özü aradan qaldıracaqdır. Onun dediklərinə inanmış və növbəti illərdə hər il maşının sahibi İsaqa əlavə olaraq 100 manat verərək baş etibarnamə almışdır. Sonuncu dəfə təxminən 40 gün əvvəl yenidən ondan etibarnamə istədikdə İsaq etibarnamə verməsi üçün ondan 800 manat pul istəmişdir. Ona müharibə veteranı olduğunu və maddi imkanının olmadığını, aralarında razılaşmalarının olmasını, 4-5 ilə maşında olan qüsurları aradan qaldırıb maşını saz vəziyyətdə ona verəcəyi barədə söz verdiyini bildirmişdir. Həmçinin ona maşını geri qaytarıb və ona verdiyi 3900 manat pulu və etibarnamələr üçün verdiyi 500 manat pulu qaytarmasını tələb etmişdir. İsaq isə ona, şikayət edib maşını ondan alacağını demişdir. O, isə İsaqa pulları ona qaytaracağı təqdirəd maşını ona verəcəyini bildirmişdir. Təxminən 1 ay olar ki, onun telefonuna maşınn sahibinin şikayəti əsasında maşının axtarışa verilməsi barədə mesaj gəlmişdir. Bu səbəbdən də məcbur qalıb maşın üçün verdiyi pulları qarşı tərəfdən alınmasından ötrü məhkəmədə iddia qaldırmışdır. O, maşını geri qaytarmağa razıdır. Lakin ona verdiyi pulları geri qaytarmasını tələb edir. Maşını Salyan RPŞ DAMB-nin əməkdaşlarının tələbinə əsasən onlara təhvil vermiş və xx.xx.2024-cü ildə maşın duracağa yerləşdirilmişdir. Bu barədə ona rəsmi akt verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin namayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, maşın beş il bundən əvvəl satılmışdır. 2019-cu ilin iyun ayında avtomobili Sumqayıt şəhər avtomobil bazarına satmaq üçün aparmışdır. Həmin vaxt bazarda Salyan rayonu Qaraçala qəsəbəsi sakini İddiaçı ilə tanış olmuşdur. O, özünə məxsus olan Qaz 3110 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili 4250 manata satmaq fikrində olduğunu bildirmiş, nəhayət, onunla 3900 manata razılaşmışdır. Avtomobil atası Cavabdeh adına qeydiyyatdan keçdiyi üçün Rövşən onunla birlikdə həmin gün Masallı rayonu Ləngan kəndində onların yaşadıqları evə getmişdir. Gecə olduğu üçün Asan Xidmət mərkəzi bağlı olduğundan sənədləşmə növbəti günə qalmış və Rövşən evlərində bir gün qonaq qalmışdır. Növbəti gün Rövşən atası Cavabdehla birlikdə Masallı rayonu Asan Xidmət mərkəzinə getmişdir. Orada atası Cavabdeh Qaz 3110 markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı nəqliyyat vasitəsinin üzərində sərəncam vermək hüququ verilməsinə dair 1 il müddətinə etibarnamə vermiş, iddiaçı 1900 manat pulu ödəsə də, 2000 manat borcu qalmışdır. Hal-hazıradək iddiaçı pulu atasına verməmişdir. İddiaçının iddia ərizəsində göstərdikkləri ilə bağlı göstərmişdir ki, maşını satmamışdan bir neçə ay əvvəl Lənkəran RQİ və TBŞ-də qeydiyyatdan keçirmişlər. Həmin zaman maşında heç bir problem olmamışdır. Əgər belə bir problem olsaydı, maşını sənədləşdirə bilməzdilər. Bundan başqa iddiaçı maşını öz adına qeydiyyata aldıran zaman belə bir çətinlik olsaydı, qeydiyyat idarəsində dərhal həmin maşını duracağa yerləşdirib, bu barədə araşdırma başlayardılar. Görünür ki, iddiaçı yalan danışır və ola bilər ki, maşın iddiaçıda olarkən qəzaya düşüb və özü maşının ban nömrəsini dəyişmişdir. Cavabdehin hər il etibarnamə üçün onlara pul verməsi ilə bağlı bildirdikləri də səhv məlumatdır. İddiaçının maşının pulundan onlara 2000 manat borcu qalmışdır. Borcunu verdiyi təqdirdə maşını ona verməyə razıdır. Maşın hazırda polis şöbəsində duracaqda saxlanılmışdır. Maşını götürmək üçün getsə də, iddiaçı şikayətçi olduğuna görə maşını ona verməyiblər. Məhkəmə prosesi bitdikdən sonra bu barədə müxtəlif orqanlara müraciət edərək, araşdırma aparacaqdır. Maşını götürə biləcəyi təqdirdə iddiaçının maşın üçün onlara ödədiyi 1900 manat pulu hissə-hissə ona qaytaracaqdır. Beş il ərzində iddiaçının ona borcu olduğu halda ona etibarnamə verməsinin səbəbi onun pula ehtiyacının olmamasıdır. Beş ildən 2000 manat pul ödənilmədiyindən etibarnaməni ləğv etmək və pulu ödədikdən sonra ona etibarnamə verilməsi qərarına gəlmişlər. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisi, həmçinin onun uşağının sinif yoldaşıdır. Usta işləyir. Rövşən ona maşın almaq istədiyini bildirmiş və o, da maşından anlayışı olduğu üçün onunla Sumqayıt maşın bazarına getmişlər. Hüseynin satdığı maşına baxıb bəyənmişlər. Hüseyn maşını 4200 manata satdığını desə də, sonda onunla 3900 manata razılaşmışlar. Həmin vaxt bazara getməmişdən əvvəl Rövşəndən hansı qiymətə qədər maşın almaq fikrinin olmasını soruşmuş, Rövşən də ona 4500 manata yaxın pulunun olduğunu və 4000-4500 manat aralığında olan bir maşın almaq istədiyini bildirmişdir. Maşının ban nömrəsinin həm ön hissədə, həm də arxa hissədə olduğunu təxmin etməmişdir. Maşının qabaq ban nömrəsinə və mühərrikin nömrəsinə baxmışlar. Hüseyn maşının atasının adına olduğu bildirmiş və Rövşənə etibarnamə vermək üçün Masallıya gəlmələrini bildirmişdir. Həmin vaxt Hüseynin ailəsi də şəhərdə olduğundan, onlarla birlikdə maşına əyləşib Masallıya gedəcəyindən, onlar da öz gəldikləri Rövşənin qardaşı Yaşarın maşına əyləşib qayıtmışlar. O və Yaşar Salyana getdiklərindən Rövşən Hüseynin idarə etdiyi maşında qabaqda, Hüseynin ailəsi də maşının arxasında olmaqla Masallı rayonuna getmişlər. Sonra Hüseyn həmin güm bazar günü olduğundan Rövşəni evində qonaq saxlamış, Rövşənə səhəri gün etibarnamə vermiş, Rövşən də maşını sürüb Salyana gəlmişdir. Hətta Rövşən ona Hüseynin onu evdə saxladığını da bildirmiş və ondan razı qaldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır. 2019-cu ildə o, tanışları, həmçinin həmkəndlisi olan usta Fəxrəddinlə birlikdə Sumqayıt maşın bazarına getmişlər. Hüseynin satdığı maşına baxıb bəyənmişlər. Hüseyn maşını 4200 manata satdığını desə də, sonda onunla 3900 manata razılaşmışlar. Hüseyn maşının atasının adına olduğu bildirmiş və Rövşənə etibarnamə vermək üçün Masallıya gəlmələrini bildirmişdir. Həmin vaxt Hüseynin ailəsi də şəhərdə olduğundan, onlarla birlikdə maşına əyləşib Masallıya gedəcəyindən, onlar da öz maşını ilə Rövşənin və usta Fəxrəddinlə bilikdə maşına əyləşib qayıtmışlar. Salyan postunun yanında maşınları saxlamışlar. Rövşən onun maşınından düşüb Hüseynin idarə etdiyi maşında qabaqda, Hüseynin ailəsi də maşının arxasında olmaqla Masallı rayonuna getmişlər. Sonra Hüseyn həmin gün bazar günü olduğundan Rövşəni evində qonaq saxlamış, Rövşənə səhəri gün etibarnamə vermiş, Rövşən də maşını sürüb Salyana gəlmişdir. Üstündə bir neçə gün keçdikdən sonra, Rövşən aldığı maşını onun oğlunun adına rəsmiləşdirmək üçün Şirvan şəhəridə Qeydiyyat idarəsinə getmiş, lakin orada maşının arxa və qabaq ban nömrələri uyğun gəlmədiyindən sənədləşmə işlərini apara bilməmişlər. Bu barədə Hüseynə bildirmiş, Hüseyn isə hər il ona etibarnamə verəcəyini bildirmişdir. Sonradan hər dəfə Hüseyn 50-100 manat Rövşəndən alaraq ona etibarnamə vermişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD № 491106 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyatına alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-7039 reyestr nömrəli, 12 iyun 2019-cu il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-4988 reyestr nömrəli, 12 iyun 2020-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-5919 reyestr nömrəli, 07 iyun 2021-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-8374 reyestr nömrəli, 12 iyun 2023-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İddiaçı idarə etdiyi “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 iyul 2024-cü il tarixdə Salyan RPŞ-nin DYPB-nın duracağına yerləşdirilmişdir. 26 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Ləngan kəndində yaşayan Cavabdeh etibarnamə ilə Salyan rayonu Arxarası kəndində yaşayan İddiaçı istifadəsində olan Qaz 3110 markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Salyan RPŞ-nin avtomobil duracağına yerləşdirildiyi, habelə avtomobilə baxış keçirilən zaman qeydiyyat şəhadətnaməsində ban nömrəsi **********0521 olduğu halda, avtomobilin üzərində isə **********5353 nömrəsinin olmasının aşkar olunduğu barədə Azərbaycan Respublikası DİN-in rəhbərliyinə müraciəti əsasında araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində hər hansı cinayət hadisəsinin olmadığı müəyyən edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin halları ondan ibarətdir ki, Cavabdeh mülkiyyətində olan Qaz 3110 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili 3900 manat müqabilində satmaq məqsədi ilə şifahi qaydada razılaşaraq 2019-cu il tarixdə Salyan rayon sakini İddiaçı etibarnamə əsasında sahibliyinə vermiş, lakin tərəflərin arasında nəzərdə tutulmuş formada avtomobilin alqı-satqı müqaviləsi bağlanmamışdır. İsaq Hüseynov tərəfindən 2023-cü il tarixədək hər il iddiaçıya avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. Qeyd edilən hallar işin mübahisə edilməyən tərəfləridir. İşin mübahisəli halları isə qüsurlu avtomobilin satılması və avtomobilin dəyərinin ödənilməsi ilə bağlı olmuşdur. Belə ki, tərəflər hər ikisi qeyd edilən avtomobilin 3900 manat müqabilində alqı satqısına dair şifahi razılaşdıqlarını bildirsələr də, iddiaçı həmin məbləği tam şəkildə ödədiyini bildirmiş, cavabdeh isə həmin məbləğin yalnız 1900 manatın ona verildiyini, qalan 2000 manatın isə ona verilmədiyini bildirmiş, qalan pul 5 il ərzində tam şəkildə ödənilmədiyindən cavabdeh etibarnaməni ləğv etdiyini qeyd etmişdir. Eyni zamanda iddiaçı ona avtomobilin ban və kuzov nömrələrinin eyni olmadığı halda, aldadılaraq qüsurlu avtomobilin ona satıldığını, cavabdeh isə avtomobili onun sahibliyinə verdiyi zaman heç bir qüsurun olmadığını iddiaçının yalan danışdığını bildirir. Məhkəmə qeyd edilən mübahisə ilə əlaqədar əvvəlcə Mülki Məcəllənin avtomobilin alqı-satqı müqaviləsinə nəzərdə tutulmuş normalarını qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflər arasında hər hansı bir alqı-satqı müqaviləsinin bağlanmadığı müəyyən olunmuşdur. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 389.1. 389.2. 390.1. 390.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Göründüyü kimi, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin bağlanması üçün şifahi alqı-satqı müqaviləsi deyil, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl edilməklə bağlanmalı idi. Bu səbəbdən də qeyd edilən tələblərə riayət edilmədən tərəflərin nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşması qarşılıqlı öhdəlikləri yaratmamışdır. Cavabdeh tərəfindən mübahisəli avtomobilə dair iddiaçıya verdiyi etibarnaməni ləğv etməsi bir daha təsdiq edir ki, cavabdeh şifahi qaydada razılaşaraq satdığı avtomobilə dair pul vəsaitini alsa da, sonradan hüquqlarından istifadə edərək etibarnaməni ləğv etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin həmin etibarnaməni ləğv etməyə hüququ olmuş və bu hüququndan istifadə etməklə avtomobilə dair iddiaçının hüquqlardan məhrum etmiş və aldığı pulları heç bir hüquqi əsas olmadan əldə etməklə əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, İddiaçı verdiyi etibarnamə ləğv edildiyindən, iddiaçının avtomobil üzərində hər hansı hüququ qalmamışdır. Lakin tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, iddiaçının qeyd edilən avtomobilin alqı-satqısı məqsədi ilə 3900 manatı ödəməsi işin faktiki halları ilə tam təsdiq edildiyindən onun tərəfindən heç bir hüquqi əsas olmadan cavabdehə verdiyi pul sonuncunun əsassız varlanmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Cavabdeh qeyd edilən avtomobili satmaq niyyəti ilə qarşı tərəfin sahibliyinə verdiyini təsdiq etsə də, razılaşdıqları məbləğin 1900 manatın ona ödənildiyini, qalan 2000 manat pulun isə ödənilmədiyini əsas götürərək etibarnaməni ləğv etdiyini bildirmişdir. Məhkəmə qeyd edilən halla bağlı bildirir ki, cavabdeh tərəfindən iddiaçıya 2019-cu il tarixdə avtomobilə dair sərəncam vermək hüququ ilə bağlı etibarnamə verilməsi, daha sonra isə ardıcıl olaraq 2023-cü il tarixədək hər il eyni məzmunlu etibarnamələrin verilməsi onu göstərir ki, iddiaçı avtomobilin dəyərini tam şəkildə ona ödəmişdir. Çünki cavabdehin verdiyi etibarnamə ilə iddiaçının həmin avtomobili istənilən halda özgəninkiləşdirmək səlahiyyəti olmuşdur. Yaranmış görüntü açıq-aşkar göstərir ki, iddiaçı pulu tam şəkildə ona ödəmişdir ki, qarşı tərəf də ona avtomobili idarə edərək özgəninkiləşdirmək üçün səlahiyyətləndirmişdir. Əks halda, maşının sahibi ona sərəncam vermək səlahiyyətini verən etibarnaməni deyil, yalnız avtomobilin yalnız idarə edilməsi üçün etibarnamə verərdi. Eyni zamanda izahatları alınmış şahidlər də iddiaçı tərəfindən avtomobilin razılaşdırılmış dəyərinin cavabdehə ödənildiyini bildirmişdilər. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçının avtomobilin dəyərinin qarşı tərəfə tam şəkildə ödənilməsini sübut etmək vəzifəsindən azad edir. Bu halda etiraz edən cavabdehin pulun ona tam şəkildə ödənilmədiyini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmək vəzifəsi yaranmışdır ki, o qeyd edilən sübutları təqdim edə biləmişdir. Belə olan halda cavabdeh heç bir hüquqi əsas olmadan əsassız varlanmışdır. Məhkəmə iddiaçının hər dəfə etibarnamənin verilməsi üçün cavabdehin ondan aldığı 500 manat pulun alınıb ona verilməsi tələbi ilə bağlı bildirir ki, iddiaçı etibarnamənin verilməsi üçün cavabdehə 500 manat pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütə- nasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 77 manat məbləğində dövlət rüsumunun 64 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QAZ-3110 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 3900 (üç min doqquz yüz) manat pul Cavabdeh alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş pul vəsatinin 64 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2553/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2553/2024
19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver