Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2585/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara vurduğu maddi zərərə görə Cavabdeh 8337 manat pulun, eləcə də, dövlət rüsumuna görə ödənilmiş 103 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, mülkiyyətlərində olan, eləcə də, kənd sakinlərindən icarəyə götürdükləri payıbəlli torpaq sahəsində təsərrüfatla məşğul olmaqla ailələrini dolandırırlar. Lakin cavabdehə məxsus mal-qara nəzarətsiz qalaraq 2021-ci ildə 10-15%, cari ildə isə 30-40% məhv etmişdir. Bununla bağlı həm 2021-ci ildə, həm də, cari ildə Masallı rayon Polis şöbəsinə müraciət etmişlər. Orada aparılan araşdırma zamanı cavabdehə məxsus heyvanların əkin sahələrinə girərək onlara ziyan vurması bir daha təsdiq edilmişdir. Statistikanın məktubundan aydın oliur ki, 1 ha torpaq sahəsindən 71,5 sentner (7150 kq) çiyələk istehsal olunmuşdur. "xxxx" ASC-nin arayışından görünür ki, çiyələyin 1 kq-ı 2 manat 50 qəpikdir. Bu isə onu göstərir ki, normal vəziyyətdə 2021-ci ildə əkin əkdiyi 5 hektar torpaq sahəsindən 5 (5x7150) 35750 kq çiyələk məhsulu əldə etməli idi ki, onun da, dəyəri (35750x2,5) 89375 manat təşkil edir. Lakin sahəni cavabdehin heyvanları məhv etdiyindən məhsuldarlıq 10-15% aşağı düşmüş, bu isə cavabdehin 2021ci ildə ona (89375x12,5/100) 11171 manat ziyan vurmasını göstərir. Həmin vaxt cavabdehlə yanaşı başqa şəxsin heyvanları da, sahəyə girdiyindən həmin ziyanın onlardan müştərək qaydada tələb etmişdir. Lakin gələcəkdə heyvanların ərazilərinə girməməsi şərti ilə məhkəmədən iddia əriazəsini geri götürmüşdür. Ancaq cavabdehə məxsus heyvanlar dəfələrlə sahələrinə girib onlara ziyan vurduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, yuxarıda qeyd olunan ziyanın yarısı 5585 manat təşkil edir. Cari ildə isə çiyələk əkilmiş 0,44 hektar torpaq sahəsindən (0.44x7150) 3146 kq çiyələk məhsulu əldə etməli idi ki, onun da, dəyəri (3146x2,5) 7865 manat təşkil edir. Lakin sahəni cavabdehin heyvanları məhv etdiyindən məhsuldarlıq 30- 40% aşağı düşmüş, bu isə cavabdehin cari ildə ona (7865x35/100) 2752 manat ziyan vurmasını göstərir. Ümumilikdə cavabdehin vurduğu ziyan (5585+2752) 8337 manat təşkil edir. Dəymiş ziyanı ödəməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də, o hazırki vaxtadək ona dəymiş ziyanı könüllü ödəməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddiaya qarşı etiraz:
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tərəflərin izahatları:
4. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 nümayəndəsi, İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh 08 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, heç kimin təsərrüfatına ziyan vurmamışdır. Bundan başqa barəsində tərtib edilmiş aktların qanunsuz hesab edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsində iddia qaldımışdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli 08 avqust 2023-cü il tarixli çıxarışından görünür ki, Masallı rayonu, Tətian kəndində yerləşən sahəsi 0.4386 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı2 xüsusi mülkiyyətindədir.
9. Masallı DAİM-in Bitkiçilik sektorunun müdiri, Masallı DAİM-in Bitkiçilik sektorunun böyük məsləhətçisi, Güllütəpə bələdiyyəsinin sədri və Güllütəpə kənd sakini İddiaçı1 tərəfindən tərtib edilmiş 16 avqust 2021-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ərizəsi əsasında çiyələk sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, baxımsız heyvanlar tərəfindən sahəyə ziyan dəymişdir. Alaq otlarına qarşı çəkilmiş politlen örtük heyvanlar tərəfindən yararsız hala salınmış, çiyələk şitilləri yerilərək yararsız hala salınmışdır. Sahənin hər tərəfində iri və xırdabuynuzlu heyvanların ayaq izlərinə və peyinlərinə rast gəlmişlər. Dəymiş ziyan gələcəkdə məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olacaq. Təqribi hesablamalarla ümumilikdə sahəsnin 10-15 faizindən məhsul gözlənilmir.
10. Masallı rayon Polis şöbəsi tərəfindən İddiaçı1 Alxan oğluna ünvanlanmış 31 avqust 2021-ci il tarixli məktubdan görünür ki, onun Masallı rayonu Meşəkənar kənd sakini X7 iribuynuzlu heyvanları və Masallı rayonu Tatyanoba kənd sakini X3 xırdabuynuzlu heyvanlarının ona məxsus olan çiyələk sahəsinə daxil olub ziyan vurması ilə bağlı iddia və tələbi polis orqanlarının səlahiyyətlərinə aid deyildir. 18 avqust 2021-ci il tarixli müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
11. Masallı DAİM-in Bitkiçilik sektorunun müdiri, Masallı DAİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi, Masallı rayon Güllütəpə İƏD üzrə baş məsləhətçisi və Yeni Zuvand kənd sakini İddiaçı1 tərəfindən tərtib edilmiş 24 iyun 2024-cü il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ərizəsi əsasında çiyələk sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən sahəyə iribuynuzlu heyvanlar girmişdir. Sahənin bir çox yerlərində çiyələk tamamilə yeyilmiş, tapdalanaraq məhv edilmişdir. Sahədə heyvanların ayaq izinə və peyinlərinə rast gəlmişlər. Dəymiş ziyan sahəsə məhsuldarlığın 30-40 faiz aşağı düşməsinə səbəb olacaq. Heyvan yerən yerlərdən məhsul gözləmək olmaz.
12. "xxxx" ASC tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli arayışdan görünür ki, hazırda bazarda çiyələyin qiyməti keyfiyyətindən asılı olaraq dəyişir. Orta bazar qiyməti isə 1 kq çiyələk üçün 2,50 manat təşkil edir.
13. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 13 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Masallı rayonu Güllütəpə (Tatyanoba) kənd inzibati ərazi dairəsində 2023-cü ildə 1,0 hektardan orta hesabla 71,5 sentner çiyələk məhsulu istehsal edilmişdir.
14. İddiaçı1 müraciət əsasında Masallı rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış Rədd materialına əlavə edilmiş X4 20 iyun 2024-cü il tarixli izahatından görünür ki, 18 iyun 2024-cü il tarixdə, saat 06 radələrində o, iribuynuzlu heyvanları otlaq üçün həyətindən kənara nəzarətsiz formada buraxmışdır. Təxminən 1 saat sonra yaşadığı evin həyətinə qonşu kənd sakinləri Sarvan qardaşı Rizvan və polis əməkdaşları gəlmişlər. Həmin vaxt Sarvan ona heyvanlarını nəzarətsiz buraxdığı üçün çiyələk sahəsini yararsız vəziyyətə saldığını deyib irad bildirmişdir. Bu səbəbdən Sarvan ilə oğlu Ramin arasında söz mübahisələri yaranmışdır. Mübahisə zamanı Sarvan həyətində nalayiq ifadələr işlətdiyi üçün Ramin əsəbləşib Sarvanın sağ və sol çiynindən əli ilə tutub çıxıb getməsini demişdir.
15. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı1 müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X8 18 iyun 2024-cü il tarixdə, saat 07 radələrində yaşadığı evinin həyətində şəxsi münasibətlər zəminində İddiaçı1 ilə baş vermiş mübahisə zamanı qəsdən əllə İddiaçı1 çiyin nahiyyəsindən tutması nəticəsində sonuncuya sağ və sol çiyin nahiyyəsinin sıyrıqları ilə nəticələnən xəsarətlər nəticəsində sağlamlığa zərərvurmayan xəsarət yetirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmişdir. İddiaçı1 çiyələk sahəsinə dəymiş ziyan ilə bağlı rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
16. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4832/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X1 cavabdehlər Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə ərazi nümayəndəliyinə və X16 X6 sektoruna qarşı “aktların etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
17. 16 avqust 2024-cü il tarixli və 16 iyul 2025-ci il tarixli qəbzlərdən görünür ki, X2 Əsli Söhbət qızı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
18. Məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli 08 avqust 2023-cü il tarixli çıxarışa əsasən Masallı rayonu, Tətian kəndində yerləşən sahəsi 0.4386 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı2 xüsusi mülkiyyətindədir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin heyvanlarının onların torpaq sahəsinə girməsi nəticəsində onlara 2021-ci ildə vurulmuş ziyana görə 5585 manat, 2024-cü ildə vurulmuş ziyana görə 2752 manat, ümumilikdə 8337 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edirlər.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
20. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
23. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Beləliklə, iddiaçılara məxsus torpaq sahəsinə ziyan dəyməsi işin mübahisəsiz halıdır.
26. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin heyvanlarının onlara məxsus torpaqda çiyələk sahəsinə girməsi nəticəsində onlara 2021-ci ildə vurulmuş ziyana görə 5585 manat, 2024-cü ildə vurulmuş ziyana görə 2752 manat, ümumilikdə 8337 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd edir ki, iddiaçılar cavabdehin heyvanlarının onların torpaq sahəsinə zərər vurmasını təsdiq edən hər hansı halı sübuta yetirməmiş, burada sübutetmə yükü üzərlərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişlər.
27. 16 avqust 2021-ci il tarixli və 24 iyun 2024-cü il tarixli akta əsasən iddiaçıların çiyələk sahəsinə ziyan dəyməsi müəyyən edilsə də, həmin ziyanın kimə məxsus heyvanlar tərəfindən vurulması aktlarda qeyd olunmamışdır. Eyni zamanda İddiaçı1 müraciət əsasında Masallı rayon Polis şöbəsinin Təhqiqat bölməsində aparılmış araşdırma zamanı da, ziyanın məhz cavabdehə məxsus heyvanlar tərəfindən vurulması öz təqdiqini tapmamışdır.
28. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır.
29. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
Məhkəmə baxışının hədləri:
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
31. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.
Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
33. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov