Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2601/2025 20.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında əvvəllər tanıdığı Masallı rayon sakini Cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Onu əvvəldən tanıdığından və etibar etdiyindən razılaşmış, lakin borcu yalnız müqavilə əsasında verə biləcəyini qeyd etmişdir. Cavabdeh bu şərtlə razılaşmış və 01 aprel 2023-cü il tarixdə tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən aralarında belə razılıq olmuşdur ki, cavabdeh aldığı 15000 (on beş min) manat məbləğində pulu bir il müddətində, yəni 01 aprel 2024-cü il tarixinədək geri qaytarmalıdır. Lakin Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, yəni göstərilən tarixdə borc məbləğini geri qaytarmamışdır. Müqavilə şərtlərinin pozulması ilə bağlı onunla dəfələrlə telefon danışıqları aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Bu səbəbdən, 01 aprel 2023-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh tərəfindən alınmış 15000 (on beş min) manat məbləğində pulun və dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı tanımır, yalnız onun Bəxtiyar Hüseynovun həyat yoldaşı olduğunu bilir. Ola bilsin ki, arvadını bir-iki dəfə Bəxtiyarın maşınında görmüşdür. O, Bəxtiyar Hüseynovdan maşında 1500 manat məbləğində pul almış və Bəxtiyarın tələbi ilə pulu qaytaracağına dair müqaviləyə imza etmişdir. Bəxtiyar ona “imza at ki, bilim pulu qaytaracaqsan” demiş, o, da buna inanaraq sadəlövlüyündən imza atmışdır. Daha sonra Bəxtiyar ona əlavə olaraq 2000 manat, bir də, səhv etmirsə, 1500 manat vermişdir. Bildirir ki, ümumilikdə 5000-6000 manat pul almış, 15000 manata yaxın məbləği geri qaytarmışdır. Pulu 2024-cü ilin fevral və ya mart ayında almış, hər ayın 15-i 600 manat və ayın 25-i 600 manat, ümumilikdə hər ay 1200 manat pul ödəmiş və 2025-ci ilin aprel ayından etibarən isə ödənişləri dayandırmışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında xəstəliklə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan işə baxılaraq xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
6. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 01 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulu bir il müddətində İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür.
8. 27 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
9. Məhkəmə iclasında müəyyən olundu ki, 01 aprel 2023-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı bir il müddətində qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində borc götürmüşdür. İddiaçı pulun qaytarılmasını tələb etsə də, Cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 135 manat məbləğində pul vəsaiti tələb edir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bındinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, tərəflər arasında yazılı formada bağlanmış 01 aprel 2023cü il tarixli müqabiləyə əsasən iddiaçı cavabdehə borca pul verməyi, cavabdeh isə tərtib olunmuş sənəddə qeyd olunan tarixdə və şərtlərlə pulu geri qaytarmağı öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş pulu geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.
17. Göründüyü kimi iddiaçının təqdim etdiyi 01 aprel 2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı 15000 manat məbləğində pulu Cavabdeh vermiş, cavabdehin həmin puldan hər hansı ödənişi olmamış, 15000 manat məbləğində borcu ödənilməmiş qalmışdır.
18. Beləliklə, iddiaçının cavabdehə 15000 manat məbləğində pulu verməsi işin mübahisəsiz halıdır.
19. Cavabdeh iddiaçını tanımadığını, lakin onun həyat yoldaşı Bəxtiyar Hüseynovdan 2024-cü ilin fevral və ya mart ayında müqaviləyə imza edərək ümumilikdə 5000-6000 manat pul aldığını və bunun müqabilində hər ay 1200 manat olmaqla 2025-ci ilin aprel ayınadək ödəniş etdiyini bildirmişdir.
20. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, burda sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir.
21. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 15000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
22. İddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 135 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
23. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat tutularaq İddiaçı ödənilməlidir.
24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (yüz otuz beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov