Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2602/2023 24.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhər Probasiya İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron mobil nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-125/2022 saylı hökmünə əsasən 02 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə idarənin böyük icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək 01 ədəd elektron mobil qurğusu, 01 ədəd mobil qurğunun enerji toplayıcı adapteri, 01 ədəd mobil qurğunun kabrası və 01 ədəd elektron qolbaq cavabdehin üzərinə tətbiq olunaraq təhvil verilmişdir. Elektron nəzarət avadanlıqlarından istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, evdə olan zaman üzərində gəzdirdiyi elektron mobil qurğunu suya salaraq yararsız vəziyyətə düşdüyünü və daha sonra mobil qurğunu sudan götürdükdən sonra onun işlək vəziyyətdə olmadığını və enerji yığmadığını bildirmişdir. Cavabdehin təqsiri nəticəsində elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə salınmış və maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277.4 manat təşkil etməsi göstərilmişdir. Cavabdeh bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-125/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdeh 08 dekabr 2021-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək həbsdə olduğu cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmün (məhkəmənin yekun qərarının) icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə şöbəsinə daxil olmuşdur. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür k, məhkum Cavabdeh “Attenti” markalı elektron nəzarət vasitəsi təhkim olunmuşdur. Məhkuna məhkəmə hökümünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru Nicat Bayramov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh cəzanın çəkilməsi ilə əlaqədar Bakı Şəhər Probasiya İdarəsinə çağırılmış, ona tətbiq edilmiş elektron nəzarət qurğusuna baxış keçirilərkən mobil qurğunun suya salınaraq yararsız vəziyyətə salınması aşkar edilmişdir. Bu barədə mobil qurğunun fotoşəkili çəkilmişdir. Protokol imzalarla təqdiq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində verdiyi izahatından görünür ki, o, evdə olan zaman üzərində gəzdirdiyi elektron mobil qurğunu suya salaraq yararsız vəziyyətə düşdüyünü və daha sonra mobil qurğunu sudan götürdükdən sonra onun işlək vəziyyətdə olmadığını və enerji yığmadığını bildirmişdir. "xxxx" QSC tərəfindən təqdim edilmiş aktdan görünür ki, “Attenti” markalı ekektron nəzarət vasitələrinin qiyməti (sadə elktron qolbaq-x1, mobil nəzarət qurğusu-x1, elektrik adapteri-x1, proqram lisenziyası-x1) 1930 manat, ƏDV-347.40 manat, cəmi 2277.40 manat təşkil edir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh mobil qurğunu yararsız vəziyyətə salmasına görə onun dəyəri olan 2277.4 manat pulun ondan tələb olunacağı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Cavabdeh birbaşa zərər vurulmasına gətirib çıxaran hüquqa zidd əməl törətməsi, bu əməl nəticəsində 2277.4 manat məbləğində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə məhkəmə hesab edir ki, 42.77 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277.4 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin Bakı Şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı Şəhər Maliyyə İdarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu:142330) hesabına ödənilsin. Cavabdeh 42.77 manat dövlət rüsumu dövlət gəlirlərinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2602/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2602/2023
24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver