Məhkəmə qərarları › İş №2(050)-2619/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2619/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2619/2023 19.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1000 (bir min) manat məbləğində pulun, 30 manat ödədiyi dövlət rüsumunu alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci ildə Masallı rayonunda anadan olmuşdur. Hal-hazırda da Masallı rayonunda qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olur. Mülkiyyətində olan VAZ 2163 **-CF-*** qeydiyyat nömrəli avtomobilini Cavabdeh 3000 manata satmışdır. Həmin puldan cavabdeh ona 2000 manatını ödəmişdir. Yerdə qalan 1000 manatı isə üç ay müddətinə verməli idi. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh ona olan borcunu ödəməmişdir. Cavabdehdən pulunu almaqdan ötrü Masallı Rayon Polis şöbəsinə şikayət etmişdir. Şikayəti əsasında dindirilən cavabdeh ona olan borcunu etiraf etmiş və tez bir zamanda qaytaracağına söz vermişdir. Şikayəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməyi barədə hüquqları izah edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmənin elektron portalına məlumat unvanlayaraq qeyd etmişdir ki, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Həmçinin, cavabdehin polis şöbəsində vermiş olduğu izahatına əsasən ona borcunun olması subuta yetirilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinə ünvanladığı müraciəti yoxlanılmış, yoxlama zamanı alınmış izahatlardan və toplanmış materialdan məlum olmuşdur ki, təxminən 2 il bundan öncə Masallı şəhər, Digah küçəsində yaşayan İddiaçı idarə etdiyi VAZ-2163, ** CF *** qeydiyyat nömrə nişanlı avtomaşını Masallı şəhər sakini Cavabdeh 3000 (üç min) manata satmış, Cavabdeh həmin puldan 2000 (iki min) manat ödəsə də borclu qaldığı 1000 (min) manatı ödəməmişdir. Bu səbəbdən də İddiaçı ona qarşı Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı Masallı şəhər Qarabağ küçəsində yaşayan Cavabdeh izahatında İddiaçı 1000 (min) manat deyil, 610 (altı yüz on) manat borclu olduğunu, həmin pulu ayda 100 manat olmaqla ödəyəcəyinə öhdəlik götürmüşdür. İş materiallarında olan Masallı rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə VAZ-2163, ** CF *** qeydiyyat nömrə nişanlı avtomaşını Masallı şəhər sakini Cavabdeh 3000 (üç min) manata satılmasına baxmayaraq borclu qaldığı 1000 (min) manatı ödəməkdən imtina etməsi barədə Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış müraciətə baxılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.10-ci maddəsinə əsasən Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin faktiki və hüquqi hallarını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçı cavabdehə 3000 manat dəyərində avtomaşın satmış, cavabdeh həmin puldan 2000 manatını iddiaçıya vermiş, lakin iddiaçının dəlillərinə görə qalıq qalmış 1000 manat pulu iddiaçıya geri qaytarmamış, qeyd olunan səbəbə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh isə Masallı rayon Polis şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, iddiaçıya 1000 manat deyil, 610 manat məbləğində borcunun olduğunu bildirmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 610 (altı yüz on) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar