Məhkəmə qərarları › İş №2(050)-2655/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2655/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2655/2023 30.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 4800 manat və dövlət rüsumuna görə ödənilmiş 69 manat, cəmi 4869 manat pul tələb etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tanıdığı və münasibətdə olduğu Cavabdeh ehtiyac olduğu üçün öz aralarında tərtib etdikləri borc müqaviləsinə əsasən 10000 manat borc pul vermişdir. Həmin pulu Cavabdeh şəxsən vermişdir və borc qəbzinə qol çəkdirmişdir. Həmin 10000 manat puldan cavabdeh 5200 manatını ödəmiş, lakin qalan 4800 manatı ödəmək istəmir. Borclu Cavabdeh dəfələrlə pulu istəsə də, borcunu qaytarmır. Beləliklə cavabdehin ona 4800 manat məbləğində borcu yaranmışdır. Odur ki, cavabdehdən 4800 manat pulun və 69 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, teleqrama vuraraq iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddia ərizəsini qəbul etmir, o, iddiaçıdan pul almamış, İddiaçı tanımır. Hərbi xidmətdə olarkən adını xatırlamadığı Ağcabədi sakinindən 700 manat borc pul almış, onu da qaytarmışdır. İşdə olan 10 yanvar 2022-ci il tarixli borc müqaviləsində imza, onun adı, soyadı, atasının adı, adının qarşısında 10000 manat pulu qəbul etməsi barədə qeyd, doğum tarixini, şəxsiyyət vəsiqəsinin nömrəsini, N nömrəli hərbi hissədə xidmət etməsi barədə cümlə onun tərəfindən icra edilmişdir. Həmin 10000 manatı göstərməsinə səbəb pulu faizə alması və vaxtında qaytarmadığı halda 10000 manat pulu ödəyəcəyinə vəd verməsi olmuşdur. O, borcunu qaytarmışdır hal-hazırda heçkimə borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 10 yanvar 2022-ci il tarixli yazılı “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı müddətsiz olaraq qaytarmaq şərti ilə 10000 manat borc almışdır. Müqavilə iddiaçı və cavabdeh tərəfindən imza edilmişdir. Məhkəmə rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı 69 manat dövlət rüsumu ödənmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinin mənasına görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, Borc müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. və 740.2.-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarlı yazılı predmeti 10000 manat olan “Borc” müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, o, həmin müqavilə üzrə icranı gecikdirdiyi üçün öhdəliyin şərtlərini pozmuş, 5200 manat borcundan qaytarmış, qalıq borcu hal-hazıradək ödəməmişdir. Müqavilənin şərtindən göründüyü kimi, öhdəliyin icrası müddəti təyin edilməmiş, işin hallarına görə onu təyin etmək mümkün deyil. Belə olan halda, Mülki Məcəllənin 427.2-ci maddəsinin verdiyi hüququa əsasən iddiaçı öhdəliyin dərhal icrasını tələb edə bilər və cavabdeh qalıq məbləği ağlabatan müddətdə ödəməyə borcludur. Göründüyü kimi, iddiaçı 4800 manat tələbində haqlıdır. Ona görə də iddia həmin həddə təmin olunmalıdır. Məhkəmə Cavabdeh etirazına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh iddiaçıdan həqiqətən 10000 manat borc almamasını, onu tanımadığını bildirsə də, faktiki olaraq 700 manat borc alması və həmin məbləği qaytarması, eləcə də yazılı müqavilədə 10000 manat borc qeydinin 700 manat borcun qaytarılmamasına görə hesablanacaq faiz məbləği olması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı işin hallarına əsasən müqavilənin etibarsızlığı əsasları müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, borc münasibətinin təfərlər arasında yazılı müqavilə ilə bağlanmasının əsas məqsədlərindən də biri tərəflərin üzərinə götürəcəkləri öhdəliyin məsuliyyətini qabaqcadan dərk etməkdir. Həmin müqavilədə borclu tərəfə aid olan qeydlərin Cavabdeh özü tərəfindən icra olunmasını qeyd edir və həmin qeydlərə uyğun tərəflərin iradə ifadələrinin həqiqiliyi prezumpsiyası daha üstündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4800 manat və dövlət rüsumuna görə ödənilmiş 69 manat, cəmi 4869 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar