Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2661/2024 15.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, (qarşılıqlı iddi üzrə cavabdeh) İddiaçı, Cavabdeh, (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı göstərilmiş xidmət üzrə pulun alınması tələbinə dair, qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasına, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı göstərilmiş xidmət üzrə yaranan borcu üzrə 800 ABŞ dollar borc pulun və ödənilmiş 34 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh İddiaçı qarşı 500 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi, İddiaçı iddiasının rədd edilməsi tələbinə dair məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Tatyanoba kəndi sakini xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh ilə əvəllcədən tanışlığı olmadan onun mülkiyyətində olan **-ZP-*** qeydiyyat nişanlı yük maşını ilə yükü Bakıdan Rusiya Federasiyasının Yekaterinburq şəhərinə aparılması barədə razılaşmışlar. Həmin razılaşmaya əsasən Cavabdeh maşını ilə çiyələk dolu yükü Masallı şəhərindən Yekaterinburq şəhərinə aparıb və Rusiya Federasiyasından digər yükü götürüb Azərbaycana gətirməklə yolda çəkilən istər yanacaq və istərsə də qida xərcinin yükün sahibi tərəfindən ödənilməklə ona əlavə olaraq 800 ABŞ dolları (800x1.7=1360 manat) məbləğində sürücülük xidmət haqqı ödəməli idi. xx.xx.2024-cü il tarixində Masallı şəhərindən yola düşmüşdür. O, Rusiya Federasiyasının Yekaterinburq şəhərində 17 gün qaldıqdan sonra ona Rusiya Federasiyasının Kazan şəhərinə gedib ordan 700 km aralıqda yükün olduğunu bildirmişdir. O, da Kazan şəhərinə oradan da 700 km aralıqda olan qəsəbəyə gedib yükü vurub Azərbaycana qayıtmışdır. O, 27 gün olmaqla yolda olmuş və ümumilikdə 8100 km yol qət etmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan sərhədini keçib yükü Bakı şəhərində boşaltmışdır. Maşını gətirib saz vəziyyətdə Amin adlı şəxsə təhvil vermişdir. Həmin yola yanacaq və qida xərci onun tərəfindən ödənilmiş, lakin onun sürücülük haqqı bu günə kimi ödənilməmişdir. Cavabdeh dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, ona ödəniləsi 800 ABŞ dolları bu günə kimi ödənilməmişdir. Məcburiyyət qarşısında qalaraq cavabdehə həmin borcun qaytarılması məqsədilə poçt vasitəsilə sonuncu xəbərdarlığını edərək xx.xx.2024-cü il tarixində onun yaşadığı ünvana bildiriş də göndərmişdir. Lakin, borclu borcun qaytarmasından boyun qaçırmışdır. Bu səbəbdən də qanunla müəyyən edilmiş qaydada məsələni məhkəmə qaydasında həll edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan əsassız olaraq 800 ABŞ dolları pul tələb edir. İddiaçı ona məxsus olan yük maşını ilə Bakı şəhərindən Rusiya Federasiyasına yük aparmış, buna görə də onun haqqını artıqlaması ilə vermişdir. Ona bir neçə dəfə bildirmişdir ki, gəl haqqhesabımızı aparaq o isə hər dəfə müxtəlif bəhanəlar gətirməklə görülmüş işlərlə bağlı haqq hesab aparmaqdan yayınmış və ortaya çıxıb ona öz sözünü deməmişdir. Onun hazırda 500 ABŞ dolları borcu vardır. O, həmin borcunu ondan tələb edir. Bundan əlavə o, yəni qarşılıqlı iddia üzrə cavabdeh avtomaşınına da xeyli ziyan vurmuşdur. Həmin ziyan pullarını da ondan gələcəkdə tələb edəcəkdir. Hazırda isə qeyd etdiyi plunu ondan yəni qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb edir. Məhkəmə iclasında ilk İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, sürücü işləyir. Cavabdehla 800 ABŞ dolları məbləğində pul qarşılığında X1 şəhərinə çiyələk yükünü aparacağı ilə razılaşmışlar. Yükü ünvanına çatdırmışdır. 25 gün yol sürmüşdür. 25-ci gün Azərbaycana keçmişdir. Lakin, Cavabdeh onun pulunu verməmişdir. Maşında nasazlıq olmuşdur, su bakında problem olmuşdur. Onu da yolda özü düzəldib, sağ-salamat qayıtmış, maşını təhvil vermişdir. Onun xərclərinin çox olmasına səbəb bazarda çox qalması, əlavə yol sürməsi olmuşdur. Hesab edir ki, əlavə yola görə ona Amin əlavə pul ödəməli idi. Aminlə yol xərci barədə əvvəlcədən razılıq olmamışdır. Yolu gedib-gəldikdən sonra haqq-hesab edəcəkdir. Əlavə yol sürdüyünə görə 80000 rubl yanacağa pul vermişdir. Bunların hamısı əlavə xərclərdir. Lakin bu xərclər barədə sübut təqdim edə bilmir. Onun əlavə gün üçün aldığı 30000 rubl pulu da yanacağa vermişdir. 16 gün soyuducu işlətmişdir. Amindən aldığı 300 manat və sonradan aldığı 100 manat pul onun yol haqqı olan 800 ABŞ dollarına aidiyyətı yoxdur. Həmin pulu əlavə sürdüyü 700 kilometr yola görə çıxmışdır. Əlavə getdiyi yola görə sübutları vardır, fotoşəkillər çəkmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılılıqlı iddiaya uyğun izahat verərək göstərmişdir ki, İddiaçılə danışıb razılaşdıqda ona Sverlovsk şəhərinə gedib gəlmək xərcinin 2200 ABŞ dolları olduğunu bildirmiş və xidmət haqqı olaraq əlavə 800 ABŞ dolları da ona verəcəyini bildirmişdir. O, yükü aparmış və yük daşıma ilə məşğul olanlara aid belə bir qada vardır ki, yükün satışı 4 günə qədər olur, əlavə qaldıqda isə hər gün üçün 5000 Rus rublu miqdarında pul ödənilir. Tural isə 10 gün orada qalmışdır, ondan 4 günün pulu çıxılmış, 6 günə görə 30000 rubl pul almışdır. Tural ona göndərdiyi yükün pulundan ona aydın olmuşdur ki, o, yol xərci kimi 2900 ABŞ dollar pul xərcləmişdir. Malın pulu 350000 rubl olmalı idi, əlavə qaldığı günə görə də 30000 rubl, cəmi 380000 rubl olmalı idi. Turalı qarşılayanda Tural ona 264000 rubl vermişdir. Tural ona pulu verəndə ondan pulunun olub-olmamasını soruşmuş, Tural ona pulunun olmadığını bildirdikdə, o ,Turala öz cibindən 300 manat pul vermiş və ona sonra gəlib haqq-hesab edəcəylərini bildirmişdir. Həmin vaxt Turala xərclərin çox olduğunu bildirmiş, lakin sonuncu ona məhəl qoymamışdır. Tural iki gün sonra Masallıya gəlmişdir. Maşını təmirə aparmışlar, sonra Turala demişdir ki, sabah gəlib haqq-hesab etsinlər. Tural gedəndə ona əlavə 100 manat da pul vermişdir ki, 20 manat taksiyə versin, 80 manatı da özünə qalsın. Səhəri gün gəldikdən sonra aydın olmuşdur ki, Turalın yola görə 2900 ABŞ dolları xərci çıxmışdır. Əlavə olaraq onun maşının Rusiyada qaldığına görə əlavə gün üçün ödənilmiş 30000 rublu da üzərinə gəldikdə cəmi 3200 ABŞ dolları xərc meydana çıxmışdır. Sonra Tural hay-küy salmışdır. Tural getdikdən sonra onun atasına zəng edib bu barədə bildirmişdir. Bu zaman atası həqiqətən də, Turalın xərcinin çox olmasını bildirmiş və ona nə qədər pulla razılıq olacağını bildirmiş, o, da atasına xatir xərcləri 2400 ABŞ dolları hesablamaqla haqq-hesabın bağlandığını bildirib razılaşmışlar. Sonra atası onun oğlunun gedib polisə şikayət etdiyini bildirmiş və onun işinə qarışa bilməyəcəyini bildirmişdir. O, Turalın pulunu vermişdir. Əslində Turalın ona borcu vardır. Turalla əvvəlcədən yolu bütün gedib-gəlmə ilə birlikdə 3000 ABŞ dolları pula razılaşmışdır. Tural isə etiraf etmir. Ümumiyyətlə o, bütün yüklərinə hər yola uyğun olaraq, öz qiymətinə uyğun əvvəlcədən razılaşdırılmış qiymətlə yük daşıtdırır. Odur ki, iddianın rədd edilməsini, qarşılıqlı iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Uzun illərdir ki, sürücülüklə məşğuldur. Özünün də yük maşını vardır, həmçinin öz maşını ilə həm özü, həm də sürücülər yük daşıyırlar. Masallı rayonundan Sverlovsk şəhərinə gedib-gəlmək ümumilikdə 6000 km məsafə vardır. Maksimum hesablansa 6500 km demək olar. Həmin yolu getmək üçün maşın hər 100 kilometrə 30 litr yanacaq hesablanarsa, yanacağın 1 litri 0.80 qəpikdən olduğu vaxt hesablanarsa 18000 litr yanacaq sərf olunmalıdır. Bunun da cəmi qiyməti 1440 manat edir. Onu da dollara çevirdikdə təxminən 850 ABŞ dolları edir. Bundan başqa sürücü 25 gün yolda olmuşsa, onun da hər günü üçün 1500 rus rublu ilə yemək pulu hesablandıqda, bu da cəmi dollarla hesablanarsa 400 dollar olar. Əlavə yol xərcləri kimi də transport deyilən bir nəqliyyat xərci vardır ki, bu da gediş gəliş üçün cəmi 100 ABŞ dolları xərclənir. Sürücünün qeyd etdiyi əlavə getdiyi yol üçün də 200 ABŞ dolları, əlavə də üstünə başqa xərclər gələrsə maksimum 1800 ABŞ dolları kifayət etməlidir. Onun öz sürücüsü də həmin yolu qış vaxtı çətin şəraitdə 1900 ABŞ dollarına gedib gəlmişdir. Cavabdeh həmin yol üçün verdiyi yol xərclərinə 2200 ABŞ dolları pul kifayət etdiyindən də artıq bir məbləğdir. Əlavə də sürücüyə 800 ABŞ doları verilərsə ümumi xərc 3000 ABŞ dolları olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iki ildir ki, sürücülüklə məşğul olur. 3100 kilometr, əlavə 700 kilometr yol və 30 gün yolda qalmaq xərci 2500-2600 ABŞ dolları xərc tələb edir. Əlavə xərclər sürücünün neçə gün harda necə qalmasından asılıdır. Bundan başqa sürücünün getdiyi yerdə əlavə qaldığına görə verilən pul sürücüyə çatmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, mülahizə və dəlillərini dinləyib hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan İddiaçı məxsus xarici pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölkəni tərk etmiş, xx.xx.2024-cü il tarixdə qayıtmışdır. Masallı RPŞ-nin xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, İddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə DİN 102 zəng mərkəzi sisteminə ünvanladığı müraciətlərə baxılmışdır. Qaldırılan məsələnin həlli mülki xarakterli olduğundan Masallı rayon Tatyanoba kənd sakini Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etməsi hüququnun olması izah edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış borcun ödənilməsi barədə bildirişdən görünür ki, o, 800 ABŞ dolları pulun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyıə müraciət edəcəyi barədə məlumat vermişdir. İşin faktiki hallarına və tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, tərəflərin arasında yükün daşınması ilə bağlı şifahi qaydada müqavilə bağlanmış, sürücü İddiaçı Cavabdeh məxsus yük avtomobili ilə yükü Rusiya Federasiyasının Yekaterinburq şəhərinə aparılması üçün 800 dollar sürücülük haqqının müqabilində aparmağı ilə bağlı razılıq əldə edilmiş, yol və avtomobilin yanacaq xərclərinin yükün sahibi tərəfindən ödənilməsi öhdəliyi nəzərdə tutulmuşdur. İddiaçı yükün daşınması üçün yol xərci kimi 2900 dollar pul xərcləmişdir. İş üzrə mübahisəli hallar isə qeyd edilən yükün daşınması üçün ümumilikdə yol xərclərinin məbləği ilə bağlı olmuşdur. Sürücü İddiaçı izahatında əvvəlcədən yükün daşınması ilə bağlı xərclərlə bağlı Cavabdeh ilə danışmadığını, yükün daşınmasından sonra haqq hesab ediləcəklərini bildirmiş, Cavabdeh isə əvvəlcədən yükün daşınması ilə bağlı (yemək pulu, yanacaq və s) danışdıqlarını, yol xərci kimi 2200 dollar pul verəcəyini, sürücülük haqqı kimi isə 800 dollar verəcəyi ilə bağlı razılaşdıqlarını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı normalarına əsasən: 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 777.1. və 777.2.-ci maddələrə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1.-778.3-cü maddələrə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 782.1. və 782.2.-ci maddələrə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi qaydada yük daşıma müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərinə uyğun olaraq cavabeh tərəfindən göndərilmiş çiyələk meyvəsi ona məxsus yük avtomobili ilə ilkin İddiaçı tərəfindən Rusiya Federasiyasına aparılmışdır. Məhkəmə ilkin iddia üzrə qeyd edir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona sürücülük haqqının ödənilmədiyini bildirsə də, qeyd edilən pulun ümumilikdə yol xərcləri ilə birlikdə ona verilmədiyini sübut edə bilməmişdir. O, izahatında əvvəlcədən cavabdehlə yükün daşınması xərcləri ilə bağlı heç bir razılıq əldə edilmədiyini, yükün daşınmasından sonra axırda haqq-hesab edəcəklərini qeyd etmişdir. Cavabdeh isə yol xərcləri ilə bağlı əvvəlcədən konkret məbləğ təklif edilərək cavabdehlə razılaşdığını qeyd etmişdir. İddiaçı yükün daşınması ilə bağlı xərclərlə bağlı əvvəlcədən heç bir razılığın əldə edilmədiyini bildirməsi fikri ilə bağlı məhkəmə qeyd edir ki, hər hansı şəxsin yükün göndərilməsi üçün çəkiləcək xərclərlə bağlı sürücü ilə əvvəlcədən danışmaması inandırıcı görünmür. Belə bir razılaşmanın olmaması belə fikir yaradır ki, sürücü yolda olduğu müddət ərzində istənilən qədər pul xərcləməsi ilə bağlı özündə qeydlər apararaq yükün sahibindən həmin pulu tələb edə bilər. Nəzərə alsaq ki, sürücünün yolda qida xərcləri kimi müxtəlif restoranlarda xərclədiyi yemək pulları və yolüstü marketlərdə xərclədiyi pulların ödənildiyini təsdiq edən bütün qəbzlərin alınması da çox çətindir, belə olan halda yükü göndərən şəxsin yol xərcləri ilə bağlı yükü daşıyan şəxslə əvvəlcədən konkret məbləğ göstərməklə razılaşmasının əldə edilməməsi real görünmür. Məhkəmə iclasında izahatlar alınarkən sürücü özü də yemək xərci özünə qalsın deyə, evdən yemək götürdüyünü qeyd etməsi də bir daha təsdiq edir ki, tərəflər arasında xərclərlə bağlı əvvəlcədən razılaşma əldə edilmişdir. Bundan başqa iddiaçı Azərbaycana qayıtdıqdan sonra yük maşınını Cavabdeh təhvil vermiş, yükün pulunu ona vermiş, lakin yol xərcləri ilə bağlı son haqq-hesabı etməkdən yayınmışdır. Hətta cavabdeh iddiaçıya Azərbaycana qayıtdıqdan sonra ayrı vaxtlarda ümumlikdə 400 manat pul da vermiş, iddiaçı da həmin pulu aldığını etiraf etmiş, lakin həmin pulun yol puluna heç bir aidiyyətinin olmadığını bildirməklə yük sahibinin göstərişi ilə marşurutdan kənara çıxmaqla əlavə yol sürdüyünü qeyd etməklə yol haqqı kimi əldə etdiyini qeyd etmişdir. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının marşurutdan kənar sürdüyünü qeyd etdiyi təyinat nöqtəsi Kazan şəhərinin yaxınlığındakı qəsəbədə yerləşmiş, Kazan şəhərində yükü boşaldıb geri qayıtdığı zaman yolunun üzərində yerləşdiyi həmin qəsəbədən, yəni əlavə məsafə qət etmədən yük götürmüşdür. Məhkəmə iclasında izahatları alınmış şahidlər də izahatlarından yükün daşınması ilə bağlı səfərlərdən öncə gediləcək marşurutların məsafələrinə uyğun olaraq yol xərcləri ilə bağlı əvvəlcədən konkret məbləğin müəyyən edildiyini, hər bir sürücünün həmin məbləğdə puldan yanacaq sərfiyyatından başqa digər xərcləri (yemək və s) müxtəlif formada istifadə etdiyini, yəni birinin az, birinin isə çox xərclədiyini qeyd etmişdilər. Eyni zamanda iddiaçı yükün daşınması ilə bağlı xərclədiyi pulları konkret olaraq harada, hansı məqsədlə xərclədiyini, həmin pulların xərclənməsini əks etdirən qəbzləri təqdim edə bilməmişdir. İddiaçı cavabdehin nəzərdə tutuduğu puldan artıq xərclədiyi pulları həqiqətən də xərclədiyini zəruri edən halları göstərə bilməmiş, sübut etmək yükü üzərində olduğu halda, bu halı sübut edə bilməmişdir. Bütün bunlar göstərir ki, İddiaçı iddia tələbini əsaslandıra bilməmiş, iddia tələbinin dəlillərinə uyğun olaraq sübutları məhkəməyə təqdim etməmiş, ziddiyyətli izahatlar verərək özünə haqq qazandırmağa çalışmışdır. Digər toplanmış sübutlar onun izahatında göstərdiklərini tam şəkildə təkzib etmişdir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd edir ki, Cavabdeh iddia ərizəsində göstərmişdir ki, sürücü İddiaçılə əvvəlcədən yol xərcləri ilə bağlı aralarında razılıq əldə edilmiş, yükü boşaldıb qayıtdıqdan sonra göndərdiyi yükün pulundan nə qədər xərcləməsi ilə bağlı hesabat aparacaqlarını razılaşdıqlarını bildirmiş, lakin İddiaçı geri qayıtdıqdan sonra onunla hesabat aparmamış, ona yükün pulundan qalan pulu vermiş, digər pulun isə hara xərclənməsi ilə bağlı onunla haqq-hesab edilməmişdir. O, bir tərəfdən onunla haqq-hesab aparılmadığını qeyd etmiş, digər tərəfdən isə 500 ABŞ dollarının ona verilməli olduğunu göstərmiş, lakin hansı əsasla ona qeyd edilən məbləğdə pulun verilməli olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, xərclənən pulla bağlı haqq-hesab aparılmadan Cavabdeh ehtimallara əsaslanaraq, heç bir sübuta istinad etmədən cavabdehdən 500 ABŞ dollarını tələb etməsinin hüquqi əsası yoxdur. Göründüyü kimi, ilk və qarşılıqlı iddia üzrə tələblərin əsaslarını təsdiq edən mötəbər və təkzibolunmaz dəlillər təqdim olunmamış və hər iki iddia üzrə tələblər sübuta yetmir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2661/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2661/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver