Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2666/2023 08.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-504/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment pulunun, xəstəliklə bağlı əlavə xərclərə görə 200 manat və mediasiya xərcinə görə 50 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə ailə qurmuş və birgə nikahlarında 14 oktyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq onun yanında saxlanılmış və uşağın saxlanılması üçün 90 manat aliment tutulmuşdur. 90 manat aliment uşağın saxlanılması üçün çox az məbləğdir, hazırkı iqtisadi vəziyyət olduqca çətindir, qiymətlər dəfələrlə artmış, inflyasiya yüksək həddə çatmışdır. Belə vəziyyətdə 90 manat alimentlə uşağın saxlanması mümkün deyildir. Uşaq xəstədir, özü də xəstədir, işləyə bilmir, uşağın müalicə xərclərini qarşılaya bilmir. Hazırda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Uşağın saxlanmasında çətinlik çəkir, uşağın 9 yaşı var, məktəblidir, xərcləri artmışdır. Ümumiyyətlə hazırkı vəziyyətdə ümumi qiymət artımları müşahidə olunur. Belə vəziyyətdə 90 manat alimentlə uşağı saxlamaq mümkün deyildir. Həmçinin, uşaq xəstədir və onun aylıq müalicə xərcləri 200 manatdan çox təşkil edir ki, təkbaşına həmin məbləği qarşılaya bilmir. Valideyn kimi cavabehin borcudur ki, uşağın əlavə xərclərini və müalicə xərclərini ödəsin. Lakin cavabdeh valideynlik vəzifələrini yerinə yetirmir. Cavabdeh iddiaya qarşı yazılı etirazda göstərmişdir ki, qohumlarının köməkliyi ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-504/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəyir. Maddi və ailə vəziyyətində dəyişiklik olmamışdır. Heç bir yerdə işləmir, gəlir yoxdur. Valideynlərinin və qohumlarının hesabına dolanır. Hepatit xəstəsidir, bu səbəbdən də heç bir yerdə işləyə bilmir, iş yerlərinə iş axtaran kimi müraciət etdiyi zaman xəstəliyi ilə əlaqədar onu işə qəbul etmirlər. İddiaçı və övladı xəstə deyil. Ölkədə tibbi xidmət Dövlət tərəfindən pulsuz həyata keçirilir. Alimentin miqdarının artırılması qətnamənin icrasında problemlər yaradacaqdır. Təyin edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün yetərli deyildirsə, ünvanlı dövlət sosial yardım da ala bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehin aliment borcu yoxdur. Yalnız avqust ayı üçün ödəniş etməmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehin maddi vəziyyəti yaxşılaşmışdır. Belə ki, cavabdeh işləyir və aylıq 498 manat əmək haqqı alır. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək, iddiaya qarşı etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, övladına görə 110 manat aliment ödəyə bilər. 10 ildən artıqdır ki, hepatit “C” xəstəsidir. Dərman ilə yaşayır. Xəstəliyi ilə bağlı çox işlərdə işləyə bilmir. 498 manat aylıq əmək haqqından plastik pul kartına 450 manat pul köçürülür. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 14 oktyabr 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası X3r. Masallı Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(050)-504/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş 14 oktyabr 2014-cü il təvəllüdlü X7 anasının himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün 05 dekabr 2016-cı il tarixdən başlayaraq hər ay 90 manat sabil pul məbləğində alimentin Cavabdeh tutularaq Şəhanə Ələkbərovaya verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikah qeydi 14 iyun 2017-ci ildə ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Ələkbərov, qadına Fərəcova soyadı verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 498.28 manatdır. Bakı Baş Səhiyyə İdarəsi Kliniki Tibbi Mərkəz tərəfindən verilmiş epikrizindən görünür ki, Cavabdeh “Xroniki virus hepatiti C subklinik gedişli” dioqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(050)-504/2017 saylı qətnaməsinin qəbulundan 6 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşağın böyüdükcə artan tələbatlarını, dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, eləcə də uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını və diqqətəlayiq digər halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının 150 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iddiaçının “uşağın xəstəliyi ilə əlaqədar müalicə xərclərinə görə hər ay 200 manat” pulun tutulması ilə bağlı bildirir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı uşağın saxlanması üçün mütəmadi əlavə xərclər tələb edən müstəsna halların (ağır xəstəlik, şikəstlik, kənar xidmətin haqqının ödənilməsi və digər hallar) tələb olunduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilmiş sənədlərin əksəriyyəti əvvəlki illərə aid olmaqla uşağın xəstəliyinin davamlı olması ilə bağlı mütəmadi müalicə almalı olmasını təsdiq etmir. Bundan başqa, iddiaçı ərizəsində əlavə xərclərə görə hər ay 200 manat məbləğində pul vəsaiti tutulmasını xahiş etsə də, xərclərin hansı səbəbdən 200 manat təşkil etməsini əsaslandırmamış və bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 2(050)-504/2017 saylı qətnaməsi ilə 14 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş 50 (əlli) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2666/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2666/2023
08.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver