Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2674/2024 22.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əyyarı 583, çəkisi 12 qram, dəyəri 1200 manat olan boyunbağının, əyyarı 583, çəkisi 5 qram, dəyəri 500 manat olan klonun, və ya onların dəyərinin və 37 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin aprel ayından Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə bazar" adlanan yerdə Vüqar adlı şəxsə məxsus qadın geyimləri mağazasında satıcı işləyir. Müqəddəs adlı şəxsi də həmin vaxtlardan tanıyır. Vüqar adlı şəxsin həmin yerdə 2 ədəd mağazası vardır, Müqəddəs Vüqara məxsus digər mağazada satıcı işləyir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində mağazada olduğu zaman müştəri böyük ölçüdə geyim istədiyi üçün, Vüqara məxsus digər mağazaya gedib orada həmkəndlilərini görmüşdür. Onlar onu axtardıqlarını demişlər. O, isə onlara ondan uzaq durmalarını, müştərisi olduğunu demişdir. Daha sonra işlədiyi mağazaya qayıtmışdır. Təxminən yarım saat sonra Müqəddəsin işlədiyi dükandan müştərilər çıxıb onun işlədiyi dükana gəlib ondan mal istəmişlər. Eyni ölçülü, eyni paltarı istəmişlər. O, isə həmin paltarı onlara verməmişdir. Lakin, onunla bir dükanda işləyən işçi qız həmin paltarı sonradan onun xəbəri olmadan həmin şəxslərə vermişdir. Təxminən 2-3 saat sonra dükanı bağlayıb evə getmək istəmişdir. Dükanı bağlayan zaman Müqəddəsin atası onun yanına gələrək onu söyməyə başlamış və nəyə görə onların satmadığı malı satdıqlarını demişdir. O, da onun vermədiyini, yanında işləyən digər işçi qızın verdiyini, onun bundan xəbərinin olmadığını demişdir. Evə getdiyi zaman isə Müqəddəs bazarın ortasında kişilərin içində onu söyüb təhqir etməyə başlamışdır. O, Müqəddəsə ağzının danışığını bilməsini demişdir. Bundan sonra o, malın sahibi olan müdirinə zəng vurmuşdur ki, bu adam bazarda camaatın içində onu söyür. Müdir ona cavabında “gözlə indi zəng vuracan” demişdir. Müqəddəs isə telefonunu açmamışdır. Daha sonra müdir ona zəng vuraraq telefonu Müqəddəsə verməyini denişdir. O, telefonu Müqəddəsə vermiş, Müqəddəs isə söyüş söyə söyə onun boğazından yapışmış və yumruqla bir neçə dəfə onun başından vurmuşdur. Təpiklə isə qarnına və ayağına vurmuşdur. Başına çox vurduğu üçün gözləri qaralmış və orada olan “manikenlərə” yapışmışdır. Daha sonra əliylə üzünə su vurmuşlar, sonra özünə gəlmişdir. Lakin Müqəddəsin orada olmadığını görmüşdür. Həmin vaxt boynunda olan sep yoxa çıxmışdır. Müqəddəs onu vurduğu zaman təbii ki, o, da özünü müdafiə etməli olmuşdur, çünki boğazından tutduğu üçün boğulduğundan, əlini atmışdır ki, Müqəddəs onu buraxsın. Ona cırmaq atmamış, sacədə əlini sifətinə atmışdır ki, onu buraxsın. Lakin sonuncu onu buraxmamışdır. Orada olan şəxslər onları ayırmışlar. Lakin o, yenə onun üzərinə hücum çəkmiş, ona təpik atmışdır. Vəziyyəti pis olmuş, həmin gün xəstəxanaya getmişdir. O, Müqəddəsi vurmamışdır. Həmin itmiş bir ədəd boyunbağının klonla birlikdə qiyməti 1700 manatdır. Həmin boyunbağının əyyarı 583, çəkisi 12 qram, dəyəri 1200 manat və klonun əyyarı 583, çəkisi 5 qram, dəyəri 500 manatdır. Dəymiş ziyan bu günə kimi qaytarılmamışdır. Buna görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən imzalanmış iddia ərizəsinə etiraz xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddianı qəbul etmir, iddiaçının heç bir sübutu yoxdur və ona böhtan atmışdır. Belə ki, o, Masallı şəhərində yerləşən “Təzə Bazar” adlanan bazarda geyim satır və İddiaçı da həmin bazarda satıcı işləyir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində İddiaçı işlədiyi mağazaya gələrək üzərinə hücum etmiş, ilkin olaraq dodaq nahiyyəsinə cırmaq atmış, daha sonra bədəninin müxtəlif nahiyyələrini cırmaqlamışdır. Hadisə baş verən zaman bütün bazar işçiləri orada olmuş və hadisəni görmüşlər. Daha sonra bazar işçiləri onları ayırmışdır. Hadisə ilə bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılmış və Masallı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə o, 20 gün həbs olunmuş, İddiaçı isə 300 manat cərimə olunmuşdur. Bundan başqa, İddiaçı polisdə hadisə zamanı boyunbağısının itməsi barədə ərizə vermiş, aparılmış araşdırma nəticəsində həmin fakt təsdiqini tapmamış və həmin hissədə rədd olunmuşdur. Hazırda həmin materialların polisdən götürülməsi barədə sorğu verilmişdir. İddiaçı polisdə və məhkəmədə izahatında göstərmişdir ki, evə gedərkən boyunbağısı naməlum şəraitdə itmişdir, lakin hazırkı iddiada boyunbağı və klon barədə iddia qaldırmışdır. Ümumiyyətlə o, İddiaçı heç döyməmişdir, ona xəsarət yetirməmiş, Vəsilə onun işlədiyi mağazaya gələrək üzərinə hücum etmişdir, lakin məhkəmə sübut olmadığı halda onu həbs etmişdir. Bundan başqa, hazırda Vəsilə ondan dəymiş ziyan tələb edir, onun Vəsilənin qızılının itməsi hadisəsi ilə bağlı barəsində hər hansısa cinayət və ya inzibati iş açılmamış, fakt təsdiqini tapmadığı üçün rədd olunmuşdur. Onun təqsiri olmadığı əmələ görə o, mülki məsuliyyət də daşıya bilməz. Həmin qızılın itməsindən ümumiyyətlə məlumatı belə yoxdur, Vəsilə qəfildən ona hücum etmiş və o, ancaq edib özünü qorumuşdur, həmin vaxtı heç qızılı fikirləşməmiş, nədəki qızıldan xəbəri yoxdur. Ümumiyyətlə qızılların dəyərindən görünür ki, iddia böhtan xarakterlidir, 1200 manata sep və 500 manata klon olması mümkün deyildir, əgər varsa yəqinki, iddiaçının üzərində qızıllar olan şəkilləri vardır və məhkəməyə təqdim edəcəkdir. Ümumiyyətlə onun qızılın itməsi ilə bağlı heç bir əlaqəsi yoxdur, o, qızıl götürməmiş, götürsəydi, onun barəsində İXM-nin 157-ci maddəsindən başqa, digər maddələr də tətbiq olunardı. O, ancaq İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə cəzasını da çəkmişdir. Odur ki, İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərk bildirdi ki, onun qızıllarının itməsinə səbəb cavabdeh olmuşdur. Onunla dalaşdıqdan sonra qızıllar itmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərərk bildirdi ki, iddiaçının tələb etdiyi qızıllar barədə polisdə də araşdırma aparılmış, həmin hissədə polis tərəfindən axtarış tədbirləri də keçirilmişdir. Lakin qızıllar tapılmamışdır. İddia tamamilə əsassızdır, iddiçının qızılların Müqəddəs tərəfindən götürülməsinə dair heç bir sübutu yoxdur. Həmin vaxt Müqəddəsində 2000 manat pulu itmişdir, həmin pul da tapılmamışdır. İddiaçının deməsindən belə çıxır ki, həmin pulu da cavabdeh iddiaçıdan tələb etməlidir. Lakin bu barədə araşdırma aparıldığından və pulun itməsini sübut edə bilməyəcəklərindən iddia qaldırmamışlar. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin vəkilinin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh və İddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. İddiaçı məxsus 1 ədəd itmiş qızıldan olan boyunbağı, klonun və Cavabdeh məxsus 2000 manat pulunun tapılmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin aidiyyəti xitmətinə verilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 09.xx.xx.2024-cü il tarixli, 3(050)-1404/2024 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Masallı Rayon Məhkəməsinin 09.xx.xx.2024-cü il tarixli, 3(050)-1404/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə sorğusu əsasında Masallı RPŞ-dən alınmış 1319 saylı iş materialında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, İddiaçı məxsus 1 ədəd itmiş qızıldan olan boyunbağı, klonun və Cavabdeh məxsus 2000 manat pulunun tapılmasından ötrü Masallı RPŞ-nin Təhqiqat bölməsi tərəfindən Masallı RPŞ-nin Əməliyyat bölməsinə məlumat verilmişdir. Məhkəmə sorğusu əsasında Masallı RPŞ-dən alınmış 1319 saylı iş materialında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, İddiaçı məxsus 1 ədəd itmiş qızıldan olan boyunbağı, klonun və Cavabdeh məxsus 2000 manat pulunun tapılmasından ötrü əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin hadisəni törədən şəxs(lər)i müəyyən etmək mümkün olmamışdır. X1 tərəfindən təsdiq edilmiş mütəxəssis rəyindən görünür ki, sifarişçi İddiaçı tərəfindən təqdim edilmiş foto şəkil və qızılın qiymət kağızı əsasında müəyyən edilmişdir ki, 1 ədəd 12 qram çəkidə olan, 585 əyyarlı boyunbağının qiyməti 1620 manat, 1 ədəd 5 qram çəkidə olan kulonun qiyməti 675 manat təşkil edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bazarda aralarında yaranmış mübahisə zamanı insanların toplaşdığı yerdə bir-birinə qarşı zor tətbiq etməklə xəsarət yetirmişdilər. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılarkən iddiaçı hazırda məhkəmədə mübahisələndirdiyi ona məxsus qızılın naməlum şəraitdə itməsi, cavabdeh də ona məxsus 2000 manat pulun itirilməsi ilə bağlı məlumat vermişdir. Polisdə araşdırma aparılması nəticəsində qeyd edilən əmlakların kim tərəfindən götürülməsi, hansı şəraitdə itməsi ilə bağlı hallar müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, 1 ədəd itmiş qızıldan olan boyunbağı, klonun və oğluna məxsus 2000 manat pulunun tapılmasından ötrü Masallı RPŞ-nin Təhqiqat bölməsi tərəfindən Masallı RPŞ-nin Əməliyyat bölməsinə məlumat verilmişdir. Həmin qızıl-zinət əşyalarının və pulun tapılmasından ötrü əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin hadisəni törədən şəxs(lər)i müəyyən etmək mümkün olmamışdır. İddiaçı cavabdeh tərəfindən ona məxsus qızılların götürülməsi və ya onunda mübahisə edərək dalaşdığı zaman qızılın itməsini bildirərək cavabdehdən həmin qızılını dəyərini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə zamanı itirdiyi qızılın cavabdeh tərəfindən götürüldüyünü iddia etsə də, qızılın həqiqətən də cavabdeh tərəfindən götürüldüyünü təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı izahatında göstərmişdir ki, mübahisə məhz cavabdehin təşəbbüsü ilə başlanmış, mübahisə zamanı cavabdeh onun boğazından tutaraq sıxmış, həmin vaxt boynunda olan qızılın qırıldığını və cavabdeh tərəfindən görüldüyünü ehtimal etmiş, konkret olaraq cavabdeh tərəfindən qızılın götürüldüyünü görməsə də, boynundakı qızılın itməsinin səbəbini cavabdehin mübahisə yaradaraq ona zor tətbiq etməsi zamanı itdiyini qeyd etmişdir. İddiaçı özü də konkret olaraq iddia etdiyi qızılın cavabdeh tərəfindən götürüldüyünü bilmir, sadəcə olaraq mübahisənin cavabdeh tərəfindən başladıldığını göstərək qızılın itirilməsinin günahkarının onun olduğunu bildirərək ehtimallara əsaslanmışdır. Göründüyü kimi, iddiaçı ona mülki hüquq pozuntusu nəticəsində deyil, cavabdehin qəsdən onun qızılını götürməsini mübahisələndirməklə sonuncunu cinayət əməlinin törədilməsi nəticəsində ziyan vurulduğunu iddia etmişdir. Cinayət əməli nəticəsində vurulmuş ziyanın tələb edilməsi üçün ən başlıca əsaslardan biri şəxsin həmin cinayət əməlini törətdiyini təsdiq edən ittihamedici hökmün və qərarın qəbul edilmiş olması lazımdır. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən əmələ yol verməsində təqsirli olması ilə bağlı ibtidai araşdırma orqanının və cinayət mühakimə icraatı çərçivəsində məhkəmənin hər hansı bir qərarı qəbul edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olmuşdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası CPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iddiaçının tələb etdiyi hazırki iş üzrə məhkəmə xərclərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbi baxımından iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2674/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2674/2024
22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver