Məhkəmə qərarları › İş №2(050)-2675/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2675/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2675/2025 27.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 dəymiş ziyanın əvəzi olaraq 2159.40 manat və ödənilmiş 41.60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X4 yetkinlik yaşına çatmayan şəxs olduğundan onun valideyni Qanuni nümayəndə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X1 ziyan olaraq 1200 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 aprel 2025-ci il tarixdə mülkiyyətində olan **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı “BYD Destroyer 05" markalı avtomobilini idarə edən zaman saat 18:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsindən A.Nemətulla küçəsi ilə üzü Nərimanov metrostansiyası istiqamətində hərəkətdə olan zaman tuneldən çıxarkən sağ tərəfdən qadağan olunmuş yerdən hərəkətdə olan moped onun avtomobilnin ön hissəsinə dəymişdir. Bununla bağlı olaraq 05 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar hazırda da qüvvədədir. Həmin qərardan məlum olduğu kimi, 26 aprel 2025-ci il tarixdə saat 18:20 radələrində X4 idarə etmiş olduğu “Tufan M50” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə üzü yolu eni boyuna yerləşən tunel istiqamətində hərəkətdə olduğu avtomobilin ön hissəsinə vuraraq, AR İXM-nin 338.4.3-cü maddəsinin tələblərini pozmuşdur. İddia ərizəsinə əlavə etdiyi avtomobilinə dəymiş ziyanla bağlı qüsur aktından məlum olur ki, ona ümumilikdə 2159.40 manat ziyan dəymişdir. Cavabdehə bununla bağlı dəfələrlə məlumat versə də, ona dəymiş ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qüsur aktı çıxarılarkən cavabdeh tərəfə iştirak etməyi təklif etsə də, onlar iştirak etməmişdir. Ziyan aktında göstərilən ziyanın məbləği rəsmi servisin qiymətidir və orda ədvdə hesablanır. Lakin digər servislərdə aşağı qiymətə də təmir etdirmək olar. Bu səbəbdən də iddia tələbinin həçmini azaltmışdır. Cavabdeh X3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 26 aprel 2025-ci il tarixdə saat 18:20 radələrində X4 idarə etmiş olduğu “Tufan M50” markalı, moped ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətula küçəsi ilə üzü yolu eni boyuna A.Nemətulla küçəsində yerləşən tunel istiqamətində hərəkətdə olan zaman yol nişanının tələbini pozaraq A.Nemətulla küçəsi 76 saylı ünvanında hərəkətdə olan İddiaçı idarə etmiş olduğu BYD Destroyer markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsinə vuraraq Azərbaycan Respublikası İnzibati- Xətarlar Məcələsinin 338.4.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 16.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Odur ki, X4 xx.xx.2011-ci il təvəllüdlü olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsi ilə inzibati icraat açıla bilməz. Əlavə olaraq vətəndaş İddiaçı dəymiş ziyan ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. "xxxx" MMC-nin 27 aprel 2025-ci il tarixli rəyindən görünür ki, **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı “BYD Destroyer 05" markalı avtomaşına 2159.40 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 26 aprel 2025-ci il tarixdə saat 18:20 radələrində X4 idarə etmiş olduğu “Tufan M50” markalı, moped ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətula küçəsində yerləşən tunel istiqamətində hərəkətdə olan zaman yol nişanının tələbini pozaraq A.Nemətulla küçəsi 76 saylı ünvanında hərəkətdə olan İddiaçı idarə etmiş olduğu BYD Destroyer markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsinə vuraraq Azərbaycan Respublikası İnzibati-Xətarlar Məcələsinin 338.4.3-cü maddəsinin tələblərini pozmuşdur. Nəticədə həmin avtomobilə zərər dəymişdir. Bakı şəhəri, Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən X4 xx.xx.2011-ci il təvəllüdlü olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsi ilə inzibati icraat açıla bilmdiyindən 05 may 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilmişdir. "xxxx" MMC-nin 27 aprel 2025-ci il tarixli qüsur aktına əsasən **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı “BYD Destroyer 05" markalı avtomaşına 2159.40 manat ziyan dəyməsi müəyyən edilmişdir. İddia tələbi ilə iddiaçı dəymiş ziyan kimi 2159.40 manat tələb etsədə, sonradan iddia tələbinin həçmini azaldaraq 1200 manat tələb etmişdir. Buna səbəb isə avtomaşının təmirinə rəsmi servisin qüsur aktında göstərilən məbləğdən az pul xərcləməsini göstərmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə 2159.40 manat məbləğində maddi zərər dəyməsi faktı məhkəmə iclasında sübuta yetirilmişdir. İddiaçı cavabdeh X2 zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakının olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmin fakt məhkəmə iclasında da öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh X4 yetkinlik yaşına çatmadığından, zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadığından və zərərin onun təqsiri üzündən yaranmamasını sübuta yetirə bilmədiyindən zərərin hamısını və ya çatışmayan hissəsini onun valideyni Qanuni nümayəndə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 41.60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 valideyni Qanuni nümayəndə 1200 manat ziyan və 41.60 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 valideyni Qanuni nümayəndə 1200 manat ziyan və 41.60 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar